Türkiyə erməniləri Ərdoğana səs verməyəcəklər-Baqrat Estukyan

post-img

"Türkiyənin erməni icması müxalifət blokunun vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna səs verəcək". Bu iddianı İstanbulda nəşr olunan erməni “Akos” qəzetinin redaktoru Baqrat Estukyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.

B.Estukyan sərsəmləyib ki, "söz azadlığının məhdudlaşdırılması və demokratiyadan geri çəkilmə ilə bağlı vəziyyət Türkiyədə ermənilər üçün qəbuledilməzdir". "Akos"un redaktoru düşünür ki, "Ərdoğan ermənilərin və digər milli azlıqların nümayəndələrinin fikrini nəzərə almır, ona görə də xristianlar ona səs verməyəcəklər".

"Sputnik Ermənistan"ın Türkiyədə keçirilən seçkilərin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mümkün təsiri ilə bağlı sualını cavablandıran Estukyan bildirib ki, maydakı səsvermənin nəticələri bu prosesə ciddi təsir göstərməyəcək, çünki hakimiyyət və Ermənistanla münasibətlər məsələsində müxalifət də oxşar mövqedən çıxış edir. 

O qeyd edir ki, hazırda Ermənistan-Türkiyə münasibətləri müəyyən inkişaf mərhələsindədir. Eyni zamanda, onun fikrincə, “gizli diplomatiya” baş verir, tərəflərin bütün təmasları ictimaiyyət qarşısında baş tutmur.

Erməni qəzetinin redaktoru, həmçinin deyib ki,  qeydə alınmış namizədlərin heç biri seçki proqramlarında Ermənistan-Türkiyə normallaşması mövzusunu qeyd etməyib: "Həm hazırkı iqtidar, həm də müxalifət Azərbaycanı qardaş ölkə hesab edir, ona görə də Kılıçdaroğlu qalib gəlsə, normallaşma prosesində böyük dəyişikliklər gözləmirəm".

Dünya