Qənirə Paşayeva  “Sülhün Kökləri”nin rəhbəri ilə görüşüb

post-img

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva mina təhlükəsi ilə mübarizə proqramı sahəsində dünyanın aparıcı təşkilatlarından olan “Sülhün Kökləri” ("Roots of Peace") beynəlxalq humanitar təşkilatının təsisçisi və baş direktoru Heidi Kühn ilə görüşüb. 

Görüşdə təşkilatın gördüyü işlər, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Komitə sədrinə məlumat verilib ki, təşkilatın əsas fəaliyyəti müharibədən zərər çəkmiş bölgələrdə yaşayan ailələri ixrac və ticarət vasitəsilə sülh iqtisadiyyatına doğru ümidləndirməkdir.

Qeyd edək ki, bu günə qədər "Roots of Peace" səkkiz ölkəni – Əfqanıstan, Anqola, Bosniya-Herseqovina, Kamboca, Xorvatiya, İraq, İsrail, Fələstin və Vyetnamı əhatə edən 1 milyondan çox fermer və ailənin həyatına öz müsbət təsirini göstərib. Heidi Kühnün təşkilatı indiyə qədər bu ölkələrin keçmiş döyüş meydanlarından 100 mindən çox minanın çıxarılmasına birbaşa olaraq öz töhfəsini verib. Təşkilat yerli fermerlərə yüksək qiymətli ixrac məhsullarının əkilməsi üçün dəstək olub. Bununla da minlərlə ailəni yoxsulluqdan xilas etmək üçün biznes modeli yaradıb.

Komitə sədri qonağa Qarabağ motivli hədiyyə bağışlayıb. Təşkilatın direktoru görüş üçün komitə sədrinə təşəkkürünü bildirib. 

Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu da iştirak edib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”



Sosial həyat