Autizm Məlumatlandıma Gününə həsr edilən 3-cü Beynəlxalq Autizm Konfransı keçiriləcək

post-img

Autizmlə Mübarizə İctimai Birliyi aprelin 2-də Dünya Autizm haqqında Məlumatlandırma Gününə həsr edilən 3-cü Beynəlxalq Autizm Konfransı keçirəcək.

İctimai birlikdən AZƏRTAC-a verilən məlumata görə, XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual və həll olunması vacib olan problemlərdən sayılır. Birliyin qeyri-rəsmi statistikasına əsasən ölkədə təxminən 5 minə yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir. Yaranma səbəbi elmə məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.

3-cü Beynəlxalq Autizm Konfransında qismən reabilitasiya olunan uşaqların yaradıcılıq qabiliyyəti də nümayiş etdiriləcək.

Aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi bütün dünya ölkələri tərəfindən qeyd edilir. Məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

Dünya Autizm haqqında Məlumatlandırma Günündə beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasına dünyanın digər şəhərləri kimi ölkəmiz də qoşulub. "Mavi işıqla işıqlandır aksiyası" getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatlılığını artırmağa yönəldilən qlobal təşəbbüsdür. Aprel 2-si BMT tərəfindən Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qəbul edildikdən sonra “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi işıqla işıqlandır”) layihəsini həyata keçirir. Həmin gün Yer kürəsinin müxtəlif ölkələrində ən görkəmli binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılır. İlk dəfə 2010-cu ildə ABŞ-da həyata keçirilən bu aksiya hazırda 8 qitə,146 ölkə və 650 şəhəri əhatə edir.

Azərbaycanda bu layihəyə Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondunun (UNICEF) və ölkəmizdə ilk autizm təşkilatı hesab edilən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyinin dəstəyi ilə ilk dəfə 2012-ci ildə keçirilib və hər il təşkil olunur.

Sosial həyat