Qürbətdə Vətən sevgisi

post-img

Azərbaycan xalqı ən qədim milli bayramını – Novruzu qeyd edir. Minillərdir təbiətin canlanması, baharın gəlişi ilə müşayiət olunan Novruz bayramı bütün Türk ellərinə yeni ab-hava, nəfəs gətirir. Qürbət ellərdə, Vətəndən uzaqda yaşayan soydaşlarımız bütün bayramlarımız kimi, bu qədim milli ənənəmizi yaşadırlar. Onlar qəzetimizin yaratdığı imkandan istifadə edib xalqımızı təbrik etdilər.

Tomris Azəri, Amerika–Azərbaycan Cəmiyyətinin sədri: 

– İllərdir ABŞ-da bu qədim milli bayramımızı yaşadırıq. Əvvəllər azər­baycanlılar Amerikada, demək olar, barmaqla sayılacaq qədər idi. Amma indi çoxalıblar. Lakin biz əvvəl də, indi də öz qədim milli bayramımızı yaşat­mışıq və yaşadacağıq. Novruz Türk dünyasının qədim bayramlarından biridir. Novruzu Şərq xalqlarının bir çoxu qeyd edir. Lakin azərbaycanlılar bu bayramı ən yüksək səviyyədə keçi­rirlər. Mən bunu həm Vətənimdə, həm də qürbətdə yaşayan azərbaycanlılar arasında müşahidə etmişəm. Xalqı­mızı bu bayram münasibətilə təbrik edirəm. Qoy tonqallarımız hər zaman gur yansın. Novruz bayramınız mü­barək! 

Rafail Quliyev, Rusiya, Sankt-Peterburq, diaspor nümayəndəsi:

– Novruz bayramını Azərbaycan­da necə qeyd edirdiksə, burada da elə təmtəraqlı qeyd edirik. Biz həm də sevinirik ki, bayram tonqallarımız artıq Şuşada, doğma Qarabağımızda qa­lanır. Bu da müzəffər ordumuzun, Ali Baş Komandanımızın sayəsindədir. Bu qələbə üç minə yaxın şəhidimizin qanı və qazilərimizin sağlamlığı baha­sına baş tutdu. Biz onların sayəsində bayramlarımızı daha ürəklə, sevinclə, başıdik, alnıaçıq qeyd edirik. Allah bü­tün şəhidlərimizə rəhmət eləsin. Onla­rın ailələri başımızın tacıdırlar. 

Bu il də Novruz tonqalları həmin övladlarımızın qəhrəmanlıq göstərdi­yi dogma Qarabağ və Şərqi Zəngə­zur torpaqlarında qalanacaq. Buna necə sevinməmək olar? Uzaq Pe­terburqdan doğma Vətənə salam və sevgilərimizi, bayram təbriklərimizi çatdırıram. Qoy, xalqımız hər zaman birlik və bərabərlik içində, ruzi-bərəkət içində yaşasın! Qarı düşmənlər qəhr olsun! Bayram tonqallarımız heç za­man sönməsin!

Ayxan Dəmirçi, Azərbaycan–Belçika Dostluq Cəmiyyətinin sədri:

– Bu bayramın xalqımızın mədə­niyyətində və adət-ənənəsində tutdu­ğu yerdən uzun-uzadı danışmaq olar. Bir kitablıq mövzudur, desək, yanıl­marıq. Çünki Novruz təkcə baharın gəlişini deyil, habelə, yeni təqvim ilini – yeni günün başlanğıcını təcəssüm etdirir. Novruz bayramı təbiətin can­lanması, ruzi-bərəkət, bolluq, dostluq və birlik rəmzidir. Ən qədim milli bay­ramımız olan Novruzun tarixinə nəzər salsaq, görərik ki, Azərbaycandan başqa, digər türk xalqları da bayramı yüksək əhval-ruhiyyə ilə qeyd edir. 

Bu bayram Türk ellərinin birlik və birgəyaşayış ənənəsinə, vahidləşmə, bütövləşmə prosesinə xidmət edir. Biz bu bayramı məhz bu şəkildə təbliğ etməliyik. Bir-birimizi təbrik etməliyik, yanında olmalıyıq. Bu gün xaricdə məskunlaşan azərbaycanlılar bu bay­ramı böyük sevinclə qarşılayır. Biz də hər zaman Novruzumuzu yaşadan, təbliğ edən tədbirlər, yığıncaqlar hə­yata keçirmişik. Bu il də toplaşaca­ğıq. Mən bayram münasibətilə hər bir soydaşımızı təbrik edirəm. Onlara ürəklərində tutduqları xoş niyyətlərin həyata keçməsini Tanrıdan diləyirəm!­Bayramlarımız mübarək olsun!

Təqdim etdi: Anar TURAN, “Xalq qəzeti”

an1.jpg

an2.jpg

Sosial həyat