(Əvvəli https://xalqqazeti.az/siyaset/129175-azerbaycan-xalq-cumhuriyyeti-musteqillik-ve-eyaletler)
Məqalənin əvvəlki hissəsində qeyd etdiyimiz kimi, müstəqilliyin ən mühüm yeniliklərindən biri əyalətləri Rusiya imperiyası dövründəki müstəmləkə sistemindən çıxararaq ümumazərbaycan tarixi proseslərinə cəlb etməsi, bir sıra məqamlarda həlledici mövqeyə yüksəltməsi oldu. AXC tarixinin nisbətən az öyrənilmiş mövzularından olan müstəqillik və əyalətlər məsələsi ilə bağlı apardığımız tədqiqatın milli hökumətin əyalətlər sisteminin formalaşmasına həsr edilmiş birinci hissəsinin ardını “Xalq qəzeti”nin oxucularına təqdim edirik.
Azərbaycan hökuməti üçün ən kritik vəziyyət Qarabağ və Naxçıvanda yaranmışdı. Osmanlı ordusunun Azərbaycanı tərk etməsindən sonra bölgədə hərbi-siyasi vəziyyətini möhkəmlədən Ermənistanın təcavüzkarlığı daha da genişləndi. Ermənistanın Azərbaycana qarşı müharibəsi də yeni mərhələyə qədəm qoydu.
Azərbaycan hökuməti dövlətin ərazi bütövlüyü uğrunda mübarizəsini davam etdirirdi. Bu məqsədlə ərazinin daha səmərəli müdafiəsinin təşkili üçün əyalətlərin ərazi və hərbi-siyasi idarəsinin yeni formalarını tətbiq etməyə başladı. 1919-cu il yanvarın 13-də Qarabağdakı vəziyyət nəzərə alınaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaradıldı. Yanvarın 29-da bu vəzifəyə Xosrov Paşa bəy Sultanov təyin olundu. Azərbaycan hökumətinin səyi nəticəsində ingilislər bu tədbiri qəbul etdilər. Ermənilər də qubernatorluğun fəaliyyəti nəticəsində Cümhuriyyətin hakimiyyətini qəbul etdi. Lakin bu Qarabağa yeni təcavüzün hazırlanmasının qarşısını ala bilmədi.
Cümhuriyyət hökuməti Qazax qəzasında sabitliyi qorumaq məqsədi ilə 1919-cu il fevralın 17-də Qazax qəzasına Daxili İşlər Nazirliyinin xüsusi müvəkkilini təyin etdi. Bu vəzifəyə 1919-cu il mayın 7-də Rza bəy Qaraşov təyin olunmuşdur.
Cümhuriyyət hökuməti Naxçıvan və İrəvan quberniyasının Azərbaycan ərazisinə daxil olan digər qəzalarındakı vəziyyəti də nəzarətə almağa və onların Cümhuriyyətlə inteqrasiyasına nail olmağa çalışırdı. Naxçıvan və ətraf torpaqları əhatə edən Araz-Türk Cümhuriyyəti (1918-ci il noyabr–1919-cu il mart) və sonralar onun da tərkibinə daxil olduğu Qars respublikasını (1919-cu il yanvar–aprel) da tərkib hissəsi kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 1919-cu il fevralın 25-də Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu yaradıldı.
İngilislər bu bölgələrdə Cümhuriyyət hakimiyyətinin möhkəmlənməsinə imkan vermək istəmirdilər. Bu məqsədlə Naxçıvan və ətrafında erməni idarəçiliyi (1919-cu il may–iyul) təşkil etdilər. Yerli əhalinin və Cümhuriyyət hökumətinin diplomatik fəaliyyəti nəticəsində bu idarə üsulu süqut etdi.
Azərbaycan müstəqilliyini elan etdikdən sonra ona qarşı ərazi iddiaları ilə çıxış edən İran xüsusilə, Paris sülh konfransında fəallıq göstərirdi. Azərbaycan nümayəndə heyəti bu iddialara qarşı kəskin şəkildə mübarizə apardı. Bu öz nəticəsini verdi. 1920-ci ilin martında Cümhuriyyətlə İran arasında müqavilələr imzalandı.
1919-cu ilin avqustunda ingilislərin Bakını tərk etməsi nəticəsində Azərbaycan ərazisi, o cümlədən əyalətlərin müdafiəsi uğrunda digər mərhələ (1918-ci il avqust – 1920-ci il yanvar) başlandı.
İngilislərin Azərbaycanı tərk etməsindən sonra Cümhuriyyət bütün suveren hüquqlarını bərpa etdi. Buna baxmayaraq, bölgədəki mürəkkəb geopolitik situasiya ərazi məsələsinin stabilləşməsinə imkan vermədi. Azərbaycan hökuməti bu şəraitdə də dövlətin ərazi bütövlüyü uğrunda mübarizəsini davam etdirməkdə idi. Bölgədə nüfuzunu genişləndirmək istəyən ABŞ, Bakını tərk etmələrinə baxmayaraq, Cənubi Qafqazda maraqlarını qorumağa çalışan ingilislər, şimaldan fəaliyyətini davam etdirən Denikin və güclənməkdə olan Sovet Rusiyası başlıca aktorlar idi. Onların hər birinin mövcudluğu Ermənistanın mövqeyinin möhkəmlənməsində maraqlı idi.
Azərbaycan hökuməti ingilislərin ölkədən çıxması ilə regionda mandatlığı ətrafında fəaliyyətə başlayan ABŞ-ın ərazi bütövlüyü üçün təhlükəli siyasətini, Naxçıvan və ətrafı kimi əyalətlərin itirilməsinə yol açan layihələri aradan qaldırmağa nail ola bildi. Hələ 1919-cu il iyulun 5-də polkovnik V.Haskel “Onlar Şurası” tərəfindən Ermənistana ali komissar təyin edilmişdi. Onun adı ilə “Haskel layihələri” adlanan sənəd meydana gəldi. Haskelin avqustun 25-də Bakıda hökumət başçısı Nəsib bəy Yusifbəyli ilə görüşündə bu layihələrin mahiyyəti aydın oldu. O, Qarabağ və Zəngəzurun Azərbaycana məxsus olduğunu qəbul etsə də, Naxçıvan və Şərur-Dərələyəzi ermənilərə verməyi nəzərdə tuturdu. Bu da əslində, həmin ərazilərin Azərbaycandan qoparılması və Ermənistana birləşdirilməsi yolunda addım demək idi.
Haskel layihəsini reallaşdırmaq uğrunda çalışdığı bir zamanda Kiçik Asiya, o cümlədən Qafqaza general C.Q.Harbordun rəhbərliyi ilə ABŞ mandatlığı barədə perspektivi müəyyən etmək üçün missiya göndərildi. O, oktyabrın əvvəllərində Bakıda da görüşlər keçirdi. Azərbaycan hökuməti bu görüşlərdə öz mövqeyini ortaya qoydu. Harbord Parisə qayıtdıqdan sonra vəziyyət haqqında məruzə ilə çıxış etdi. ABŞ mandatlığı ideyası aradan qalxdı. Bu hadisə Haskelin 1919-cu ilin oktyabrında həyata keçirməyə çalışdığı Amerika general-qubernatorluğu ideyasına da təsir göstərdi. Azərbaycan hökuməti bu planı rədd etmişdi. Parisdəki nümayəndə heyəti də sülh konfransı sədrinə etiraz notası təqdim etdi. Bununla eyni zamanda, yerli əhalinin qəti iradəsi ilə bu layihənin həyata keçirilməsinə son qoyuldu.
Bu dövrdə Ermənistanın Cümhuriyyətə qarşı təcavüzü, Ermənistan-Azərbaycan müharibəsini mərkəzi məsələyə çevirmişdi. Qarabağda, xüsusilə Zəngəzurda ermənilərin genişmiqyaslı hücumu başladı. Cümhuriyyət hökuməti Qarabağa hərbi qüvvələr göndərdi. Noyabr kampaniyası olduqca gərgin keçdi. Ermənilər müharibəni siyasi üstünlüyə çevirmək məqsədi ilə təbliğatı genişləndirdilər. İngilislər də məsələyə müdaxilə etdi. 1919-cu il noyabrın 23-də Tiflisdə Ermənistan-Azərbaycan müqaviləsi imzalandı, hərbi əməliyyatlar dayandırıldı. Ermənistan bu müqaviləyə uyğun olaraq 1919-cu ilin dekabrın 14-21-də Bakıda keçirilən Azərbaycan-Ermənistan konfransında da destruktiv mövqe tutduğundan, ərazi məsələsinin həllində heç bir irəliləyiş olmadı.
İngilislər Bakını tərk etmək ərəfəsində Denikin ordusunun gücləndirilməsinə çalışması onun Azərbaycan üçün təhlükəsini daha da artırırdı. Belə ki, onlar Azərbaycana məxsus olan Xəzər hərbi donanması gəmilərinin bir hissəsini Denikin ordusuna verdi. Azərbaycan Denikin ordusuna qarşı diplomatik mübarizəsini də davam etdirirdi. Topçubaşov Paris sülh konfransı sədrinə müraciətində Azərbaycanla Denikin ordusu arasında demarkasiya xəttinə əməl edilməsini, qoşunların Dağıstandan çıxarılması və gəmilərin Azərbaycana qaytarılmasını tələb edirdi. Sovet Rusiyasının irəliləməsi nəticəsində Denikin ordusunun məğlub edilməsilə bu təhlükə aradan qalxdı, bununla da onun yerini daha aqressiv bir qüvvə tutdu.
Denikin ordusu Azərbaycan üçün yalnız hərbi təhlükə deyil, həm də Sovet Rusiyasının onun daxili işlərinə qarışması üçün bir vasitə oldu. 1920-ci il yanvarın 2-də RSFSR xarici işlər naziri Çiçerin Denikinlə mübarizə üçün hərbi qüvvələrin birləşdirilməsi haqqında Azərbaycan hökumətinə ilk notasını verdi. Yanvarın 14-də Xarici işlər naziri F.X.Xoyski cavab notasında hər iki dövlətin suverenliyi prinsipindən çıxış edərək danışıqlar yolu ilə Azərbaycan və rus xalqları arasında xeyirxah qonşuluq münasibətləri yaradılması barədə mövqeyini ifadə etdi. Eyni məzmunlu notalar mübadiləsi fevral-aprel aylarında da davam etdi. RSFSR-in notalarının əsas məqsədi Azərbaycanın daxili işlərinə qarışmaq və hərbi müdaxilə üçün diplomatik zəmin hazırlamaqdan ibarət idi.
Qafqazda sovet təhlükəsinin gücləndiyini görən müttəfiqlər Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması istiqamətində addımlar atmağa başladılar. 1920-ci il yanvarın 11-də Azərbaycan müttəfiqlər tərəfindən rəsmən tanındı.
Cümhuriyyətin Paris sülh konfransı tərəfindən tanınması onun tarixində yeni mərhələ açdı. Bütün bunlara baxmayaraq, bu fakt Cümhuriyyəti xilas edə bilmədi. O varlığının ən ağır və son dövrünə (1920-ci il yanvar-aprel) qədəm qoydu. Bu dövrdə bölgədə işğalçı müharibəsini davam etdirən Ermənistan və Azərbaycanı sovetləşdirmək planını həyata keçirmək istəyən Sovet Rusiyasını daha da fəallaşdırdı. Tarixi ənənəyə uyğun olaraq, Sovet Rusiyası da Ermənistandan bölgədə strateji məqsədlərinin həyata keçirilməsində vasitə kimi istifadəyə üstünlük verirdi.
Azərbaycanın müstəqilliyinin tanınması Ermənistanın hərbi-siyasi dairələri tərəfindən düşmənçiliklə qarşılandı, Azərbaycana qarşı müharibə daha da kəskinləşdi. 1920-ci il yanvarın ikinci yarısında Zəngəzura və onun vasitəsilə Qarabağın digər ərazilərinə hücumlar reallaşdırılmağa başlandı. Azərbaycan hökuməti də vəziyyəti nəzərə alaraq müdafiə tədbirlərini gücləndirməli oldu. Ermənistan 1920-ci il 22 martda genişmiqyaslı hücuma başladı. Azərbaycan hökuməti Ermənistanın təcavüzünün qarşısını almaq məqsədilə hərbi tədbirlər gördü, Qarabağ əməliyyatını bütün çətinliklərə baxmayaraq, uğurla başa çatdırdı. Erməniləri Sovet Rusiyasının şimaldan hücumu və 27 aprel işğalı ilə Cümhuriyyətin süqutu xilas etdi. Azərbaycanda hakimiyyət Hərbi İnqilab Komitəsinin əlinə keçdi.
İnzibati-ərazi bölgüsü
Cümhuriyyətin ərazisinin siyasi birləşdirilməsinin gedişi onun inzibati-ərazi bölgüsü və strukturunun formalaşmasının dinamikasına da təsir göstərmişdir. Onun əsas mənzərəsi 1920-ci il Ünvan-təqvimdə öz əksini tapmışdır: I.Bakı quberniyası üzrə – Bakı, Göyçay, Şamaxı, Quba, Cavad və Lənkəran qəzaları; II.Gəncə quberniyası üzrə – Gəncə, Qazax, Ərəş, Nuxa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Şuşa və Şamxor qəzaları; III. Zaqatala quberniyası; IV. İrəvan quberniyası – Novobayazid qəzası üzrə – Göyçə dairəsi, Naxçıvan, Şərur-Dərələyəz və İrəvan quberniyasının digər qəzaları üzrə ərazilər. Çox maraqlıdır ki, hökumətin 1919-cu il 17 fevral tarixli bir sənədində bu ərazilər Cənub-Qərbi Azərbaycan kimi ayrılır. 28 fevralda isə məhz həmin ərazidə Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu yaradılır. Tiflis quberniyası üzrə müvafiq polis sahələrini əhatə edən Borçalı, Qarayazı və Sığnaq isə bu inzibati-ərazi bölgüsündən kənarda qalırdı.
Cümhuriyyətin ərazi-inzibati strukturunun tərkibindən göründüyü kimi, burada müxtəlif inzibati vahidlər bir araya gətirilib. Onların arasında Rusiya imperiyası dövründə formalaşan quberniya-qəza sistemi (Gəncə və Bakı quberniyaları), yalnız məntəqələrdən ibarət olan Zaqatala quberniyası, keçmiş İrəvan və Tiflis quberniyalarından olan qəzalar və polis sahələri vardır.
Əhalinin yerləşməsi
Cənubi Qafqazda, o cümlədən yeni meydana gələn respublikalarda ərazi məsələsində olduğu kimi, əhaliyə dair məlumatlar da Rusiya imperiya statistikası əsasında aparılırdı. Əhali statistikası ərazi statistikasına görə, daha çox təhrif olunurdu. Buna görə də əhalinin sayının müəyyən edilməsində istifadə edilən mənbə və hesablama üsulu da nəzərə alınmalıdır.
Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə təqdim etdiyi xüsusi memorandumda əhaliyə dair hesablamalar 1897-ci il ümumrusiya əhali siyahıya alınması əsasında aparılıb. Burada həmin əhali siyahıya almasının tənqidi də verilib.
Hesablamalar əsasında Cənubi Qafqazın əhalisinin etnik tərkibindən bəhs edilərkən göstərilir ki, Azərbaycan türkləri 2 milyon 653 min, ermənilər 1 milyon 782 min, gürcülər 1 milyon 641 min nəfər idi. Cənubi Qafqazın 237 min 55 kvadratkilometrlik ərazisində yaşayan 7 milyon 667 min 370 nəfər əhalinin etno-konfessional tərkibində də müsəlmanlar üstün idi. Əhalinin 3 milyon 306 min nəfəri (43,1 faiz) müsəlman, 1 milyon 786 min (23,3m faiz) erməni, 1 milyon 641 min nəfəri (21,4 faiz) gürcü idi. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində (85 min kvadratverst və ya 96,502 min kvadratkilometr) əhalinin sayı Cənubi Qafqaz əhalisinin 30,7 faizini təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin, Paris sülh konfransına təqdim etdiyi sənədlərə görə isə, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Cənubi Qafqaz ərazisinin 38 faizinini, Azərbaycan hakimiyyətinin yayıldığı ərazilərlə birlikdə isə 60,7 faizini əhatə etdiyi bildirilirdi. Göstərilən sənədlərdə məhz həmin əraziyə müvafiq olaraq Cənubi Qafqazın əhalisi də hesablanmışdır. 1918-ci il noyabr memorandumundan fərqli olaraq, burada istifadə edilən mənbə və hesablama üsulu şərh olunub. Belə ki, burada 1897-ci il əhali siyahıya almasının məlumatları əsas götürülüb.
Siyahıya almanın göstəricilərinə 20 ilin artımı əlavə olunmuş və Azərbaycan əhalisinə 25 faiz artım əlavə edilmişdir. Belə olduqda, Cənubi Qafqazın əhalisi 8 milyon 81 min 668 nəfər müəyyən edilib. Onların 4 milyon 617 min 671 nəfəri (57,1 faiz ) Azərbaycanda yaşayırdı. Azərbaycan əhalisinin 75,4 faizni (3 milyon 481 min 889 nəfər) azərbaycanlılar, 17,2 faizini (795 min 312 nəfər) ermənilər, 0,6 faizini (26 min 585 nəfər) gürcülər, 6,7 faizini (213 min 885 nəfər) digər xalqların (ruslar, almanlar, yəhudilər və b.) nümayəndələri təşkil edirdi.
Əhali haqqında daha bir məlumat 1920-ci il Ünvan-təqvimində nəşr edilmişdir. Burada verilən rəqəmlər mübahisəsiz hesab edilən ərazilərə aiddir. Həmin rəqəmlər isə 1917-ci il Qafqaz təqviminin məlumatları əsasında hesablanmışdır.
Həmin dövrdə Azərbaycan Respublikasının mübahisəsiz ərazisində (97,3 min kvadrat kilometr) yaşayan əhalinin ümumi sayı 2 milyon 861 min 862 nəfərə bərabər idi, yəni hər kvadratkilometrə 29,4 nəfər düşürdü. Müsəlmanlar (əsasən, Azərbaycan türkləri) əhalinin 68,2 faiz, ermənilər 21,4 faiz, gürcülər 0,6 faiz , ruslar 7,5 faiz, digər xalqların nümayəndələri isə 2,3 faizini təşkil edirdi. Göstərilən mənbənin məlumatına görə, Bakı quberniyasında 1 milyon 281 min 575 nəfər (şəhər əhalisi 72 min 509, kənd əhalisi 803 min 237, Bakı şəhər rəisliyinin əhalisi 405 min 829 nəfər), Gəncə quberniyasında 1 milyon 275 min 131, Zaqartala mahalında 92 min 698, İrəvan quberniyasının bir hissəsində 212 min 458 nəfər əhali var idi.
Cümhuriyyət istər bölgədəki, istərsə də beynəlxalq aləmdəki vəziyyəti də nəzərə almış, əhali və əraziyə dair siyasəti dinamik səciyyə daşımışdır. Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərinə görə, Cümhuriyyət bu zaman yalnız etno-coğrafi deyil, o zamankı dünya düzənindən istifadə edərək olduqca mühüm strateji məqsədi də hədəfə alıb. Qara dənizə çıxış imkanı əldə etmək burada vacib yer tuturdu. Cümhuriyyət ərazini siyasi hakimiyyəti baxımından təsnif etsə də, onun əsaslarını hər bir halda Azərbaycanın şimalındakı tarixi torpaqların böyük hissəsinə sahibliyi təşkil etmişdir.
Əraziyə nisbətən, əhaliyə dair məlumatlar, əsasən, təqribi xarakter daşımışdır. Burada ümumi rəqəmlər ifadə edilmişdir. Əslində isə, hərbi-siyasi vəziyyət və xüsusilə, Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi soyqırımları və deportasiyalar böyük əhali itkisi ilə müşayət olunmuşdur.
Kərim ŞÜKÜROV,
AMEA Tarix İnstitutunun baş direktoru, professor