Türkiyədə seçkilər: 28 maya 3 gün qalır

post-img

Türkiyədə prezident seçkilərinin ikinci turu finiş mərhələsinə qədəm qoyub. Seçkilərin mümkün gözləntiləri hər yerdə ciddi müzakirə olunur. Bu səbəbdən ölkədə ictimai-siyasi gərginlik artır. Nəticələr Türkiyə dövləti və xalqı üçün böyük önəm daşıyır. Bu səbəbdən həyəcan və məsuliyyət də güclənir. 

Bugünlərdə prezidentliyə namizəd­lər ölkənin ayrı-ayrı şəhərlərinə səfər­lər edir, orada seçicilərlə görüşür, on­ları səsvermə günü “sandıq başına gələrək” ən doğru seçim etməyə çağı­rırlar. Təbii ki, iddiaçılar “doğru seçim” dedikdə, özlərini nəzərdə tuturlar. 

Prezidentliyə iddiaçılar seçicilər­lə görüşlər zamanı özlərinin və təmsil etdikləri seçki bloklarına qoşulan parti­yaların uğurlarını yada salır, bu zaman rəqibi tənqid etməyə çalışır və bu yolla tərəfdarlarının sayını artırmağa cəhd edirlər. Bu, səsvermə ərəfəsində təbii və normal haldır. Hər şey sivil və de­mokratik qaydalar çərçivəsindədir. 

Türkiyədə hazırda hər bir səs uğrunda mübarizə gedir. Böyük mi­tinqlərdə prezidentliyə namizədlərin tərəfdarları öz favoritlərini dinləyir və alqışlayırlar. Vətəndaşlar Vətəni daha güclü və qüdrətli görmək, özlərinin və ailələrinin, eləcə də bütün xalqın daha yaxşı yaşamasını istəyirlər. Hər iki na­mizəd xalqın etimadını doğruldacağı ilə bağlı çox sayda vədlər verir. 

Seçki texnoloqlarının fikrincə, seç­kilərdə çox şeyi namizədlərin natiqlik bacarığı həll edir. Qərb jurnalistləri dövlət başçısı Rəcəb Tayyib Ərdoğa­nın rəqibi CHP lideri Kamal Kılıçdaroğ­lu ilə müqayisədə daha mükəmməl na­tiqlik sənətinə yiyələndiyini qeyd edir, seçkiləri təşkil etmək və qalib gəlmək sahəsində R.T.Ərdoğanın böyük təcrü­bəyə malik olduğunu vurğulayırlar.

Son rəy sorğuları göstərir ki, AKP lideri seçkilərin birinci mərhələsində ol­duğu kimi, ikinci turunda da daha çox seçici “oy”u (səsi) əldə etməyə şans­lıdır. Bununla bərabər, səsvermə za­manı gözlənilməz nəticələrin və sürp­rizlərin baş verə biləcəyini də heç kəs istisna eləmir. Sivil, demokratik dövlət­lərdə seçkilərin özəlliyi nəticələrin son anadək kütlə üçün qeyri-müəyyən ol­masındadır. 

Yəni, xalqın siyasi iradəsi hər şe­yin fövqündə olmalıdır. Türkiyə yüksək seçki mədəniyyətinə malik olan ölkədir. 14 may seçkiləri bunu bir daha bariz şəkildə nümayiş etdirdi. Mayın 28-də seçkilərin azad, şəffaf şəraitdə keçi­riləcəyinə heç kəs şübhə etmir. Hətta Qərbdə də etiraf edirlər ki, “Ərdoğan Türkiyəsi” “köhnə qitəyə” demokratiya dərsi verib. Qürurverici reallıqdır, deyil­mi!? 

Bu gün iddiaçıların qarşısında du­ran ən əsas vəzifə öz tərəfdarlarının ikinci turda da fəal iştirak etmələrini təşviq etməkdir. Burada hər hansı bir passivlik, yaxud etinadsızlıq ağır nəti­cəyə səbəb ola bilər. Prezidentliyə hər iki namizəd özünün seçki taktikasında bunu nəzərə almağa çalışır. 

Təsadüfi deyil ki, AKP-nin lideri R.T.Ərdoğan dünən Malatyada çıxışı zamanı tərəfdarlarına müraciətlə de­yib: “Arxayınlaşmaq olmaz. Əksinə, səslərimizə sahib çıxacağıq. Mən ma­latyalılara inanıram!”

O, həmçinin bu il fevralın 6-da baş verən dəhşətli zəlzələdən zərər çəkən vətəndaşlara müraciət edərək deyib ki, “seçki qutularında özünü göstərən iradənizin başımızın üstündə yeri var. Bizim vəzifəmiz heç bir ayrı-seçkilik etmədən sizə xidmət göstərməkdir. 21 ildir bunu edirik”.

R.T.Ərdoğan sonra vurğulayıb ki, dövlət və xalq həmrəyliyi nəticəsində zəlzələnin vurduğu yaralar sürətlə sa­ğalır: “Zəlzələ baş vermiş ərazilərdə 910 mindən çox çadır, 117 min kontey­ner qurulub. Həmçinin 13 min iş yeri açılıb. Hataydakı dövlət xəstəxanası 57 gün ərzində istifadəyə verilib. Oktyabr-noyabr aylarında insanlar yeni evlərinə qovuşacaqlar. Ümumilikdə, 650 min mənzil inşa ediləcək”. 

Xatırladaq ki, zəlzələ baş verən bölgələrdə seçicilərin çoxu birinci tur­da R.T.Ərdoğanı dəstəkləyiblər. Müxa­lifət isə bunun əksini gözləyirdi. Bir sıra müxalifət yetkililəri əsəblərini cilovlaya bilməyərək zəlzələ bölgələrindəki se­çicilərini aşağılayan fikirlər səsləndirib­lər. Dövlət başçısı bunu yanlış yanaş­ma hesab edərək pisləyib.

Bugünlərdə CHP lideri Kamal Kı­lıçdaroğlu da əhali ilə tez-tez görüşlər keçirir. O, seçiciləri ona səs verməklə “daha modern Türkiyə” qurmağın müm­kün olacağına inandırmağa çalışır. Ana müxalifətin lideri iqtidarı Avropa İttifaqı və NATO ilə münasibətlərdə nöqsanla­ra yol verməkdə günahlandırır. 

Qarşı tərəf təbii ki, bunu təkzib edir. R.T.Ərdoğan Türkiyəni dünyanın ən güclü 10 dövlətindən biri üçün başla­dıqları uğurlu yolun tən ortasına çat­dıqlarını vurğulayır, ölkə vətəndaşlarını qəlb və zəkaları ilə bu böyük missiyaya qoşulmağa səsləyir. 

Bu arada müxalifətçi “Zəfər” Par­tiyasının sədri Ümit Özdağ prezident seçkilərinin ikinci turunda “Millət İtti­faqı”nın namizədi Kamal Kılıçdaroğ­lunu dəstəkləyəcəklərini açıqlayıb. O, tərəfdarlarını CHP liderinə səs ver­məyə çağırıb.

Ceyran CƏFƏRLİ, 

media eksperti, politoloq

Mayın 14-də Türkiyədə ke­çirilən seçkilər bütün dünyaya göstərdi ki, qardaş ölkə demok­ratik inkişaf yolundadır. Hesab edirəm ki, son seçkilər Türkiyə­nin möhtəşəm inkişaf və tərəqqi epoxasına qədəm qoyduğunu nümayiş etdirir. Bu millət tarixdə hər zaman sözünü deməyi baca­rıb və bu gün də bacarır! 

Türkiyə həm də gələcəyin dövlətidir. Onun liderliyi ilə böyük bir coğrafi ərazidə Böyük Turan qurula bilər. Müstəqil Azərbay­canın isə türk dünyasında xüsusi yeri və missiyası var. Xalqımızın 2020-ci ilin payızında erməni iş­ğalçıları üzərində parlaq qələbəsi ölkəmizin təkcə türk dünyasında deyil, bütün dünyada nüfuzunu artırıb. Bu gün Türkiyə-Azərbay­can qardaşlığı digər türk dövlətlə­ri üçün də parlaq nümunədir. 

Azərbaycan Türkiyədəki seç­kilərə çox həssas münasibət var. Məlum olduğu kimi, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsver­mənin ikinci turu mayın 28-də ke­çiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizə­di, hakim Ədalət və İnkişaf Par­tiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Parti­yasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növ­bəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək. 

Yeri gəlmişkən, Türkiyənin xaricdəki diplomatik nümayən­dəliklərində prezident seçkilərinin ikinci turunda səsvermə prosesi dünən başa çatıb. Türkiyəli se­çicilər üçün 73 xarici ölkədəki 151 nümayəndəlikdə 167 seçki məntəqəsi qurulub. Xaricdə ya­şayan 3 milyon 423 min 759 se­çicinin 1 milyon 763 min 973-ü səsvermədə iştirak edib. Xarici ölkələrdən gətirilən bülletenlər Türkiyədə səsvermə başa çatdıq­dan sonra sayılacaq. 

Türkiyə vətəndaşları qanun­lara hörmət edən, intizamlı və ədalətli insanlardır. İnanırıq ki, müdrik türk xalqı seçkilərin ikinci turunda da yüksək fəallıq nüma­yiş etdirərək ən layiqli namizədə səs verəcək.

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət