Xəbər verdiyimiz kimi, mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla sayca beşinci üçtərəfli görüşü olub. Görüşün yekunlarına dair mətbuata açıqlama verən Ş.Mişel bildirib ki, görüş zamanı humanitar məsələlər də müzakirə olunub. Onun sözlərinə görə, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxs azad ediləcək: “Öz tərəfimdən onu qeyd etdim ki, sülh prosesində irəliləyiş əldə etmək üçün, sadəcə, yolu azaraq qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir. Qarşıdakı həftələrdə daha çox məhkumun azad ediləcəyi anlaşıldı”.
Ş.Mişelin sözlərinə görə, görüşdə itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə işlərinin gücləndirilməsinin zəruriliyi də müzakirə olunub: “Biz, həmçinin itkin düşmüş şəxslərin taleyi ilə bağlı və minaların təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələr apardıq”.
Danışıqların yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında isə bildirilib ki, görüş, həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət idi: “Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.
***
Aİ Şurasının rəhbəri təfərrüatları açıqlamasa da, aydındır ki, söhbət aprelin 10-da və 12-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və haylar tərəfindən əsir götürülmüş, amansız işgəncələrə məruz qalmış əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovdan gedir. Mayın 8-də A.Bəbirovun üzərində tələm-tələsik qurulan saxta “məhkəmə prosesi” onun qanunsuz olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından az sonra – 2020-ci ilin noyabrın sonlarında Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlı komandanlığının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan müharibə zamanı və ondan əvvəl əsir və girov götürülmüş bütün şəxsləri qarşılıqlı əsasda geri qaytarıblar. Müharibədə Zəfər çalan Azərbaycan xoş məram və humanizm nümayiş etdirərək, həmin vaxt Emənistana onlarca əsir qaytarmışdı. Döyüşlərdə biabırçı məğlubiyyətə uğrayan Ermənistanda isə azərbaycanlı əsir yox idi. XXI əsrin müharibəsini aparan, yüksək texnogiyalardan istifadə edən, bununla yanaşı düşməndən fiziki və mənəvi-psixoloji hazırlıq baxımından qat-qat üstün Azərbaycan əsgərlərini əsir götürmək asan məsələ deyildi.
Təcavüzkar ölkədə isə cəmi iki soydaşımız saxlanılırdı. Bunlar müharibədən 6 il öncə – 2014-cü ilin iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev idi. Həmin dövrdə işğal altında olan Qarabağda Əsgərov və Quliyev üzərində qurama “məhkəmə prosesi” keçirilmiş, onlar müvafiq olaraq ömürlük və 22 il müddətinə qanunsuz azadlıqdan məhrum edilmişdilər. Ermənistan müharibədən sonra Azərbaycanın onlarca erməni əsiri qaytarmasına qarşılıq olaraq saxladığı cəmi iki azərbaycanlını Rusiya sülhməramlı komandanlığına təhvil vermiş, onlar 2020-ci il dekabrın 14-də erməni girovluğundan azad edilərək təyyarə ilə Bakıya gətirilmişdilər.
Bununla iki ölkə arasında əsir və girov mövzusunun birdəfəlik bağlandığını düşünmək olardı. Lakin 2020-ci ilin noyabrın 26-da və dekabrın 8-də Xocavənd rayonunun azad olunmuş Sur kəndində və Hadrut qəsəbəsində erməni yaraqlılarının təxribatları nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmış, nəticədə xeyli erməni yaraqlısı ələ keçirilmişdi. Sonradan onlar Bakıya gətirilmiş, hərbi məhkəmələrin qanuni hökmləri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdilər. İndi Ermənistan onların “hərbi əsir” olduğunu iddia edir və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Buna baxmayaraq, rəsmi Bakı əvvəlki Brüssel görüşlərində əldə edilən razılaşmalara uyğun olaraq və yenə də humanist davranaraq, ötən müddət ərzində saxlanılan erməni diversantların bir çoxunu qarşı tərəfə təhvil verib. Dumanlı havada yolu azaraq qarşı tərəfə keçən iki əsgərimiz barəsində Ermənistanda qanunsuz azadlıqdan məhrumetmə qərarının çıxarılması onları hazırda ölkəmizdə saxlanılan diversantlarla dəyişmək məqsədi daşıyır.
***
Brüsseldə müzakirə olunan digər humanitar məsələ – ərazilərimizə kütləvi şəkildə minaların basdırılması isə ölkəmizin qarşısında dayanan başlıca problemlərdəndir. Rəsmi İrəvan işğaldan azad olunmuş bir neçə rayonun minalanmış ərazilərinin xəritəsini verdiyini açıqlasa da, sonradan bu xəritələrin həqiqəti əks etdirmədiyi məlum olmuşdu. Müharibənin başa çatmasından 2,5 il vaxt keçsə də, mina terroru can almaqda davam edir. Belə ki, sonuncu dəfə 2023-cü ilin aprelin 28-də Tərtər rayonunda mina partlayışı nəticəsində 3 mülki şəxs həlak olub. Bununla, Vətən müharibəsindən indiyə qədər, ümumilikdə, 298 nəfər minaya düşüb, onlardan 54-ü həyatını itirib. Bu mina partlayışları bir daha göstərir ki, Azərbaycana düzgün mina xəritələrini təqdim etməyən, üçtərəfli Bəyanatın 6-cı bəndini kobudcasına pozaraq, ölkəmizin ərazisində hərbi fəaliyyəti və minaların yerləşdirilməsini davam etdirən Ermənistanın əsas məqsədi post-müharibə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.
Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının bir səbəbi də 2021-2022-ci illərdə Ermənistanda istehsal olunmuş minalarla ərazilərimizin çirkləndirilməsinin qarşısını almaq idi. Bu mənada, Brüssel görüşündə ərazilərimizin minalardan təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələr aparılmasını yalnız təqdir etmək olar.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
– Ümumiyyətlə, ayın əvvəlində Vaşinqtonda və bugünlərdə Brüsseldə keçirilən görüşlərin önəmi çox böyükdür. Bu görüşlər Moskvanın qurduğu dialoqun güclü alternatividir. Eyni zamanda, Fransanın müdaxiləsinin qarşısının alınmasıdır. Çünki biz görürük ki, Paris sülhün əldə olunmasına heç bir formada dəstək vermir.
Əsas məsələlərdən biri, sözsüz ki, əsir götürülən əsgərlərimizin qaytarılmasıdır. Bu, prinsipial məsələdir. Onlar azaraq Ermənistan ərazisinə keçiblər və qeyri-döyüş şəraitində əsir götürülüblər. Ermənistan sülh danışıqlarında pozitiv çalarlar əldə etmək istəyirsə, bu iki şəxsi qeyd-şərtsiz geri qaytarmalıdır.
Minaların təmizlənməsi işinin sürətləndirilməsinə dair aparılan müzakirələrə gəldikdə isə əslində, mən burada Ermənistandan heç bir ciddi kömək, dəstək, yardım gözləmirəm. Ona görə ki, birincisi, bunlar hərbçilərin əlində olan xəritələrdir. Bu xəritələr də heç vaxt dəqiq olmur. İkincisi, minalar əksər hallarda xaotik vəziyyətdə, əsasən müharibə vaxtı tələm-tələsik yerləşdirilir. Üçüncüsü, fiziki-coğrafi proseslər nəticəsində minalar 30 il ərzində sürüşərək yerlərini dəyişirlər. Buna görə də mən minalardan təmizləmə məsələsində Ermənistanın Azərbaycana konkret nə kömək edə biləcəyini aydın təsəvvür edə bilmirəm.
Səxavət HƏMİD, “Xalq qəzeti”