Bu sözləri Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin İrəvanda Avropa Gününə həsr olunmuş mətbuat konfransında erməni jurnalistin sualına cavab verərkən deyib.
2022-ci ilin oktyabrında Aİ Xarici İşlər Nazirləri Şurasının qərarı ilə yaradılmış, 3 ay ərzində Ermənistan ərazisində yerləşdirilən mülki missiyanın fəaliyyəti bu ilin yanvar ayında 2 ilə qədər uzadıldı. Yüz nəfərdən ibarət mülki missiya Ermənistanın Azərbaycanla şərti sərhədi boyu vəziyyətin monitorinqi ilə məşğul olur.
Amma avropalı heyətin həmin monitorinqi necə və hansı formada həyata keçirdiyini nəinki şərti sərhədin bu tayında, heç Hayastanın özündə də bilən yoxdur. Bununla bağlı İrəvan rəsmiləri arasında, hərbi rəhbərliyində, hətta mediasında ara-sıra narazılıqlar, mənfi təmayüllü açıqlamalar müşahidə olunmaqdadır. Səkkiz ay bundan əvvəl Fransanın birbaşa təşəbbüsü və dəstəyi ilə bölgəyə göndərilən Avropa “legionu”nun konkret hansı fəaliyyəti həyata keçirdiyi, adı mülki, faktiki yarımhərbi bu missiyanın həqiqi vəzifəsinin nədən ibarət olduğu hayların özləri üçün də qaranlıq imiş. O zaman Aİ-nin Ermənistan üzrə missiyasının (EUMA) Azərbaycan–Ermənistan sərhədinin Ermənistan tərəfində yerləşməsinə Bakı etiraz etmədiyini, lakin onlarla əməkdaşlıqdan söhbət getmədiyini bildirmişdi. Son aylar isə erməni mediası əsasən istefada olan alman və fransız hərbçilərindən, jandarmlarından ibarət müşahidəçi kontingentin İrəvana hesabat verməli olduğu barədə məlumatları tirajlamağa başlayıb. Bu barədə səfir Andrea Viktorinə İrəvanda Avropa Gününə həsr olunmuş mətbuat konfransında ünvanlanmış sual və ona verilən cavab maraq doğurur. Mətbuat konfransından məlumat yayımlayan “armenpress” informasiya agentliyi “Azərbaycanın sonuncu təcavüz yerində müşahidələri barədə İrəvana hesabat təqdim ediblərmi?” – sualına Aİ nümayəndəliyinin rəhbəri xanım Viktorinin cavabı konkret olub: “Missiya fəaliyyəti barədə nə Ermənistana, nə də Azərbaycana heç bir hesabat vermir”. Müşahidəçilərin eyni vaxtda hər yerdə ola bilmədiyini, sərhədin kifayət qədər uzun və patrulun qrafik üzrə hərəkət etdiyini deyən missiya rəhbəri onların nəyi gördükləri barədə məlumat verməyə borclu olmadığını erməni jurnalistin nəzərinə çatdırıb: “Buna görə biz yalnız müşahidə aparırıq və bu barədə Brüsselə məruzə edirik”.
Həmin erməni mediası bir qədər əvvəl Aİ missiyasinın tərkibindəki fransız və alman polis və eks-hərbçilərin əsas məqsədlərinin Ermənistanın Rusiya və İranla sərhədində kəşfiyyat xarakterli məlumatlar toplamaqdan ibarət olduğunu yazmışdı. Bu gün isə ümidlərini doğrultmamış, gözlədiklərini ala bilməmiş missiyadan hesabat tələb edirlər. Düzgün yola gəlməyincə, uğursuzluq zolağının onu müşayiət edəcəyini İrəvan nə qədər tez anlasa, bir o qədər yükü azalar.
2020-ci il 10 noyabr tarixli Bəyanatı imzalamaqla böynuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən hər üsulla boyun qaçırmağa çalışan İrəvanın “avropalı bacısı” Fransaya bağladığı ümidləri də fiaskoya uğrayıb. Postmüharibə dövründə Avropa İttifaqının dəstəyinə güvənərək Bakını “yola gətirmək” xəyalları ilə yaşayan Hayastan rəhbərliyinin əli hər yerdən və hər tərəfdən üzülüb. İndi onun üz tutduğu bütün kənar missiyaların ətəyindən əl çəkib, ən vacib missiyanı – sülhə gəlmək missiyasını icra etməyin məqamıdır.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”