Sülhə yol ərazi bütövlüyündən keçir

post-img

İstər İkinci Qarabağ müharibəsinin gedişində, istərsə də şimal qonşumuz “xüsusi hərbi əməliyyatlar”a başlayana qədər, yəni artıq postmüharibə dövründə Bakı ilə bəyanat, ultimatum, sanksiya dilində danışmağa çalışan, emissarlarını bir-birinin ardınca regiona “kəşfiyyata” göndərən Avropa İttifaqının (Aİ) gündəmində bu gün Azərbaycan və Ermənistan arasında sülh dialoqudur. Aİ rəhbərliyinin qeyd etdiyimiz dönəmlə müqayisədə Bakıya münasibətinin sonradan kəskin dəyişdiyini müşahidə edirik və bunun əməldə təzahürünü qurumun şurasının prezidenti Şarl Mişelin tərəfləri dialoqa cəlbetmə missiyasında, özünün iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşlərinin təşkilində görürük. Bu təşəbbüslərin sülhə ümidləri doğruldacağına heç bir şübhənin əmələ gəlməməsi isə İrəvanın təklif olunan sülh sazişinin şərtlərini qəbul etməsindən birbaşa asılıdır. 

9 aylıq fasilədən sonra mayın 14-də Brüsseldə baş tutan növbə­ti üçtərəfli danışıqların yekunlarına dair Aİ Şurasının rəhbəri Şarl Mişelin açıqlaması sülh prosesində müəyyən irəliləyişin əldə olunduğu təəssüratını yaradır. Ən azı, tərəflərin dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınma­sı məsələsində ortaq məxrəcə, yekdil rəyə gəlməyə yaxınlaşdığı barədə cə­nab Mişelin sözləri diqqəti cəlb edir: “İki ölkənin liderləri 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azər­baycanın (86,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq ol­duqlarını bir daha təsdiq etdilər”.

Sülh sazişinin əsas bəndi hesab olunan dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması sonrakı bütün bəndlərin bir növ leytmotividir. Tərəflərin mövqelərində yaxınlaşma­nın detalları açıqlanmasa da, dördsa­atıq müzakirənin məhz bu müstəvidə aparıldığını güman etmək çətin deyil.

Azərbaycan XİN-in Avropa İttifaqı Şurasının rəhbərinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezi­denti və Ermənistanın baş naziri ara­sında keçirilmiş növbəti görüşə dair şərhində 14 may dialoqunun nəticə­si kimi sülh gündəliyində əldə olu­nan pozitiv məqamlara diqqət çəkilir: “Görüş zamanı Azərbaycan və Ermə­nistan arasında ikitərəfli sülh sazişi la­yihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nə­ticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin tə­min edilməsi ilə bağlı prinsipial mövqe­yi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir”.

XİN-in şərhində həmçinin münasi­bətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səylərin alqışlandığı, rəsmi Bakının bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu bir daha təsdiqlədiyi vurğulanır.

“Bu dəfə danışıqlar daha predmetli olub”. “Armenpress” yazır ki, bu söz­ləri Hayastanın xarici işlər nazirinin müavini Paruyr Ovanisyan keçirdiyi mətbuat konfransında Brüssel görüşü barədə danışarkən deyib. Dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınma­sı məsələsinə toxunan erməni nazir müavini burada söhbətin Sovet İttifaqı dağılan zaman mövcud olmuş sərhəd­lərdən getdiyinə diqqəti çəkib: “Bu ya­naşma Alma-Ata Bəyannaməsinə tam uyğundur, indi, sadəcə, bu prinsip təs­diqlənib”. 

Aİ Şurasının rəhbəri Şarl Mişel mət­buat üçün açıqlamasında onu da qeyd edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası məsələsi danı­şıqların növbəti raundunun mövzusu olacaq: “Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları mü­zakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəl­dilər”.

Ermənıstanla şərti sərhədə nəzarə­ti bərpa etmiş Azərbaycanın mövqeyi aydın və dəyişməzdir. Bakı özü üçün sərhəd zolağını de-fakto müəyənləş­dirib. Brüssel görüşləri tək Cənubi Qafqazda deyil, eləcə də Avropada siyasilərin diqqətlə izlədiyi dialoq plat­formasıdır. Onlar üçün özünü bölgədə sülhün və təhlükəsizliyin tərəfdarı kimi təsdiqləmiş Bakı ilə siyasi təmasların möhkəmləndirilməsi faydalıdır. Çünki, rəsmi Bakının Brüssel görüşlərində sərgilədiyi sağlam və prinsipial mövqe­yini görən avropalılar, nəhayət, anla­mağa başlayıblar ki, bölgədə dayanıqlı sülhün olmasında və sabitliyin qorunub saxlanılmasında maraqlı tərəf məhz Azərbaycandır.

Təki bu təşəbbüslər göründüyü kimi səmimi, nəticə isə ədalətli ol­sun. Amma, başına gələn başmaq­çı olar,– deyiblər. Bizim də ağlımıza istər-istəməz artıq arxivləşmiş ATƏT-in Minsk qrupunun münaqişəni “məhşər gününə”dək uzatmağa çalışan həm­sədrləri düşür. Şarl Mişelin məhz on­ların iflasa uğratdığımız missiyasını təkrar etməyəcəyinə, sülh gündəliyi­ni məntiqi sonluğa daşıya biləcəyinə inanmaq istərdik. 

Fikrət SADIXOV,

politoloq

Şarl Mişelin bəyanatında işlət­diyi ifadələr tam mənada Azərbay­canın maraqlarına cavab verir. Çünki orada söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir və bəya­natdakı bir neçə aspekt bizim üçün məqbul sayıla bilər. Alma-Ata Bə­yannaməsinin əsas kimi götürülmə­si də bizi tam qane edən məqam­dır. Ermənistan uzun illər ərzində ərazi bütövlüyümüzü şübhə altına alır və Azərbaycana qarşı ərazi id­diaları ilə çıxış edirdi. Bu isə sülh danışıqlarına özünün neqativ təsiri­ni göstərirdi. İkinci müsbət məqam kimi Şarl Mişelin açıqlamasında Naxçıvana yolun açılması barədə ifadələrin yer almasını göstərə bilə­rik. Yəni o, birmənalı şəkildə bəyan etdi ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi birləşməlidir. Nəhayət, düşünürəm ki, Aİ Şurasının rəh­bərinin açıqlamasında ermənilərin əsir götürdükləri iki hərbçimizin qaytarılmasına çağırışın səslən­məsi də vacib məqamdır. Düzdür, burada söhbət, ümumiyyətlə, hər­bi əsirlərin mübadiləsindən gedir, amma indi həbsdə saxlanılan əs­gərlərimizdən birinin qondarma ittihamla uzun müddətə azadlıqdan məhrum edilməsi qınanmış və on­ların vətənə qaytarılmasına şəraitin yaradılması tövsiyə edilmişdir. Bu da təqdir olunası haldır. İrəvan isə bunun qarşısında heç bir təklif irəli sürə bilməyib. Əlbəttə ki, bu, Azər­baycanın xarici siyasətinin uğuru­dur. 

Ermənistan Şarl Mişelin bəya­natında səslənən tövsiyələri , eləcə də sülh sazişində göstərilən şərtləri yerinə yetirməlidir. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət