Yenə terror, yenə “Kalaşnikov”

post-img

Martın 28-də Azərbaycanda ciddi rezonans doğuran cinayət hadisəsi törədilib. Hədəf Konstitusiyaya əsasən toxunulmazlıq statusuna malik şəxs – Milli Məclisin deputatı Fazil Mustafa olub. Fazil Mustafa Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında maşından düşərkən naməlum şəxs və ya şəxslər tərəfindən edilən sui-qəsd nəticəsində çiyin nahiyəsindən və ayağından güllə yarası alıb. O, dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

***

Hələlik cinayət hadisəsinin kim və kimlər tərəfindən törədildiyi açıqlan­mayıb. Amma diqqət çəkən bir maraqlı məqam var. İranın İslam İnqilabı Ke­şikçiləri Korpusunun (SEPAH) “Teleq­ram-kanal”ı martın 28-də saat 23:08-də Fazil Mustafanın “qətlə yetirilməsi” barədə məlumat yayıb. Məlumatda de­yilib: “Anti-iran və İslam bəyanatları ilə tanınan Azərbaycan Milli Məclisinin de­putatı Fazil Qəzənfəroğlu (Mustafa) öl­dürülüb”.

Bu məlumat sui-qəsd cəhdindən cəmi yarım saat sonra internetdə peyda olub. Həmin vaxt Azərbaycan KİV-ində hələ hadisə barədə məlumat yox idi. Həmin an Fazil Mustafanın vəziyyəti ilə bağlı da heç nə məlum deyildi. Hesab edilir ki, SEPAH-ın “Teleqram-kanal”ın­da bu tezliklə belə bir məlumatın yayım­lanması İran xüsusi xidmət orqanlarının və agenturasının bu sui-qəsd cəhdində iştirakının dolayı sübutudur.

Yayılan məlumatda cinayət hadisə­sinin “Kalaşnikov” avtomat silahından atəş açılaraq törədildiyi də qeyd olunur. Maraqlıdır ki, Azərbaycanın İrandakı sə­firliyinə qarşı yanvarın 27-də törədilən terror aktı da məhz bu tipli silahdan isti­fadə edilməklə həyata keçirilmişdi. Kim bilir, bəlkə də, cinayətin eyni markalı si­lahla törədilməsi oxşar dəst-xəttdən xə­bər verir? Hələlik bunlar yalnız versiya­lardır. Cinayət işi üzrə başlanan istintaq yəqin ki, bütün bu məqamlara aydınlıq gətirəcək.

***

Hadisənin baş verməsindən az son­ra Dövlət Təhlükəsizliyi Xidmətinin yay­dığı məlumatda deyilir: “28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadı­ğı evin qarşısında – Bakı şəhəri, Sabun­çu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Respubli­kası Dövlət Təhlükəsizliyi Xidmətinin İs­tintaq Baş İdarəsində Cinayət Məcəllə­sinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaq­cadan əlbir olan bir qrup şəxs tərəfin­dən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və ci­nayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamə­tində kompleks təxirəsalınmaz əməliy­yat-istintaq tədbirləri həyata keçirilir. İc­timaiyyətə əlavə məlumat veriləcəkdir”.

***

Hadisədən az sonra baş prokurorun birinci müavini, III dərəcəli dövlət əd­liyyə müşaviri Elçin Məmmədov, Bakı şəhər prokuroru Elşən Abbasov və is­tintaq-əməliyyat qrupu hadisə yerində olublar.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xid­mətinin şöbə rəisi, polis polkovnik-ley­tenantı Elşad Hacıyev Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə deyilir: “Fazil Mustafa­ya qarşı törədilən cinayət faktı ilə bağ­lı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatları yay­mayın. Cinayəti törətməkdə şübhəli bi­linən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Nov­ruzov bildirib ki, hüquq-mühafizə orqan­ları müvafiq tədbirlər həyata keçirirlər. Cinayətkarların, sifarişçilərin və icraçı­ların müəyyən edilərək hüquqi məsu­liyyətə cəlb olunacağına və layiqli şəkil­də cəzalandırılacağına şübhə yoxdur: “Azərbaycan müstəqil siyasət həyata keçirən güclü dövlətdir. Heç bir qüvvə qeyri-qanuni və cinayət tərkibli əməl­lərlə dövlətin prinsipial siyasətinə təsir göstərə bilməz. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd et­diyi kimi, heç kim bizim iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməz!”.

Milli Məclisin deputatı Zahid Orucun sözlərinə görə, bu sui-qəsdin təbii ki, si­yasi səbəbləri var.

“Mənim düşüncəmə görə, bu, bir mesajdır. Bu mesajı verənlər layiq ol­duqları cavabı alacaqlar”. Bunu jurna­listlərə açıqlamasında Milli Məclisin de­putatı Qənirə Paşayeva deyib. Deputat hüquq-mühafizə orqanlarının tezliklə cinayətkarı tapacağını vurğulayıb.

Böyük Britaniyanın Azərbaycanda­kı səfiri Fergus Auld Fazil Mustafaya qarşı terror aktı ilə bağlı Tvitterdə pay­laşım edib: “Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kə­dərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram”.

***

“Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Fazil Mustafa müa­licə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub”. Bunu deputatın köməkçisi Əjdər Əliyev deyib. O bildi­rib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci dəfə əmə­liyyat edilib: “Hazırda onun səhhəti qay­dasındadır”.

“Fazil Mustafaya tibb personalı tərə­findən bütün zəruri xidmətlər göstəri­lib, hazırda müalicəsi davam edir”. Bu barədə isə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, o, hazırda həkim müşahidəsi altındadır.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

Siyasət