Ermənistan hakimiyyəti Azərbaycanla danışıqların detallarını gizlətməkdə ittiham olunur

post-img

Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə etməmək üçün əlindən gələni edir.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə brifinqdə “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan bildirib.

"Hakimiyyət nəyin bahasına olursa-olsun, insanların hüquqlarını məhdudlaşdırmağa çalışır. Bir çox deputatlarımızın yazılı tələbləri, qanuna, Konstitusiyaya əsaslanan haqlı tələblərinə hakimiyyət adlanan qurumlar məhəl qoymur", - deyə Minasyan vurğulayıb.

Onun sözlərinə görə, onlar ya müxalifətçi deputatların sorğularına cavab verməyiblər, ya da dövlət sirlərinə istinad ediblər. Müxalifət sülh müqaviləsinin bəndlərini müzakirə etmək üçün parlamentin iclaslarını keçirməyi təklif etsə də, nəticəsi olmayıb: "Niyə bu, Paşinyanın ofisində və ya başqa bir dövlət məmurunun kabinetində qəhvə masası arxasında baş verməlidir? Amma onların bu istəyi belə yoxdur, hər dəfə bizi və cəmiyyəti aldatmağa çalışırlar".

Onun sözlərinə görə, istənilən konstruktiv müzakirələri hakimiyyət uğursuzluğa düçar etməyə çalışır. Müxalifətin parlamentdəki hökumət saatında iştirak etməməsinə gəlincə, Minasyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan heç vaxt mahiyyət etibarilə birbaşa suallara cavab vermir. 

Öz növbəsində, hakim partiyanın deputatı Artur Hovhannisyan bildirib ki, müxalifətin sülh müqaviləsi üzərində işləmə prosesi ilə tanış olmaq üçün hər cür imkanları var, lakin o, “imtina edir”. O, əmin edib ki, hakimiyyət buna heç bir maneə yaratmır: "Həm baş nazir, həm də digər rəsmilər təklif ediblər ki, müxalifət gəlib Azərbaycanla danışıqlar prosesinin nüansları ilə tanış olsun. Bizə heç bir cavab verilməyib".

Onun sözlərinə görə, müxalifət deputatları Ermənistan XİN ilə əlaqə saxlaya, həmçinin hökumət saatında sual verə bilərlər.

"Xalq qəzeti"

 

Siyasət