Türk dövlətlərinin gücü olmadan yeni qlobal düzənin formalaşması mümkün deyil

post-img

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü yeni dünya nizamının formalaşması fonunda diqqət çəkir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Ankara Sammitinin məqsədi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında praktiki əməkdaşlığın müzakirəsi, eləcədə qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir. Eyni zamanda, ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Cümhuriyyəti ilk dəfə sözügedən Zirvə görüşündə iştirak edib ki, bu da böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Avropadan uzaq Şərqə qədər təxminən 150 milyon nəfərin yaşadığı coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib. Qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması da simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır. Bu sadəcə ad dəyişməsi deyil, həm də inkişaf vektorunun yenilənməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov bildirib.

Onun sözlərinə görə, hazırda dünyanın aparıcı beynəlxalq təşkilatlarının müxtəlif ölkələrin maraqlarının toqquşması nəticəsində öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi sirr deyil. Bu baxımdan ortaq tarixi, mədəniyyəti, ənənələri paylaşan və təbii müttəfiqlər olan ölkələrin formalaşdırdığı adıçəkilən təşkilatın unikal üstünlükləri var. Belə ki, üzv ölkələrin yuxarıda sadalanan ortaq cəhətləri təşkilat daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, geniş əməkdaşlığa şərait yaradır.

Emin Bağırov qeyd edib ki, Türk İnvestisiya Fondunun yaradılması məsələsi də Zirvə görüşündə yüksək dəyərləndirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən toplantıdan sonra keçirdiyi mətbuat konfransında bu Fondun təsis müqaviləsinin imzalanmasının mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Fondun Türk dünyasında iqtisadi inteqrasiyanı sürətləndirəcəyinə əminliyini diqqətə çatdıraraq, bərabər sərmayə töhfəsi və Türk dünyasında bərabər səs hüququ əsasında yaradılacaq bu quruma İstanbulun ev sahibliyi edəcəyini söyləyib.

“Şübhəsiz ki, Fond gələcəkdə Türk dövlətlərinin inteqrasiyasının sürətləndirilməsinə və birgə layihələrin maliyyələşdirilməsinə mühüm töhfələr verəcək, Qarabağda işləyən sahibkarlara maliyyə dəstəyi göstərəcək.

Yeri gəlmişkən, Türk İnvestisiya Fondunun ilkin kapitalının 450 milyon dollar təşkil edəcəyi gözlənilir. Bir il ərzində isə bu rəqəmin bir milyard dollara çatdırılması planlaşdırılır. Fondun büdcəsinin isə dövlət vəsaitləri və maliyyə təşkilatlarının vəsaitləri hesabına formalaşacağı nəzərdə tutulur”, - deyə fəlsəfə doktoru vurğulayıb.

“Prezident İlham Əliyev sammitdə işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən, bu prosesdə dost, qardaş ölkələrin fəal iştirakından məmnunluğunu ifadə edərək deyib: “Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur”.

Dövlətimizin başçısı çıxışında işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də minnətdarlığını bildirib”, - deyə Emin Bağırov diqqətə çatdırıb.

O, sonda qeyd edib ki, siyasi, iqtisadi, hərbi, mədəni və tarixi baxımdan önəmli məqamlarla bağlı məsələləri özündə ehtiva edən yeni bir düzəndə Azərbaycan və Türkiyə dövlətlərinin təşəbbüsü ilə yaradılan Türk Dövlətləri Təşkilatı önəmli bir rol oynayacaq. Şübhəsiz ki, müasir dünyamızda ayrı-ayrı güclər, təşkilatlar, habelə beynəlxalq hüququn digər subyektləri baş verən proseslərə görə, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə yeni dünya düzəninin formalaşması məsələsində hesablaşmaq məcburiyyətindədirlər. Çünki Türk Dövlətləri Təşkilatının əhatə etdiyi coğrafiya dünya üçün çox önəmli bir ərazidir. Başqa sözlə, bu ərazidə, bu coğrafiyada yerləşən dövlətlərsiz dünyada yeni qlobal düzənin formalaşması mümkünsüzdür.

Siyasət