Mərkəzi depo aptekində özbaşınalıq

post-img

Dərman vasitələrinin keyfiyyəti və qiymətlərindəki özbaşınalıqlarla bağlı söz-söhbətlər axır vaxtlar yenə ictimaiyyət arasında geniş müzakirələrə sabəb olub. Əslində, bu məsələ əvvəllər də müxtəlif səviyyələrdə dəfələrlə qaldırılmış və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində qayda yaratmaq məqsədilə müəyyən tədbirlər görülmüşdür.

Tarif (qiymət) Şurasının ötən il ke­çirilən iclaslarında Azərbaycanda is­tehsal olunan və xaricdən alınıb gə­tirilən dərman vasitələrinin dəyərləri təsdiqlənmiş və preparatların siyahısı həm rəsmi və qeyri-rəsmi qəzetlərdə, həm də Tarif Şurasının rəsmi internet saytının (www.tarif.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilmişdi.

Şuranın 2022-ci il avqustun 31-də keçirilmiş iclasında bildirilmişdir ki, ti­carət adı, farmasevtik forması, təsir-edici maddəsinin adı, dozası, ticarət qablaşdırılması, miqdarı, istehsal ölkə­si nəzərə alınmaqla, indiyədək qiymət­ləri təsdiq edilmiş dərman vasitələri­nin sayı 13 min 347-yə çatdırılmışdır. Təsəvvür edirsinizmi, bu qədər adda dərman vasitələrinin siyahısı və təsdiq olunmuş qiymətləri mətbuatda, o cüm­lədən “Xalq qəzeti”nin bir neçə sayında dərc olunmuşdur.

Bundan sonra bir müddət dər­manların qiymətlərindəki fərq aradan qalxdı. Amma dərman vasitələrini kə­nardan ölkəmizə gətirənlərinmi, yaxud satışı təşkil edənlərinmi təqsiri ucba­tından Azərbaycan apteklərində qiy­mətlər, necə deyərlər, “alışıb yanır”. Eyni ölkənin və eyni müəssisənin istehsalı olan dərmanların qiymətlə­ri qonşu dövlətlərdəkindən, deyək ki, Türkiyədən, Gürcüstandan, İrandan... bir neçə dəfə bahadır...

Bu, bir yana qalsın, son zamanlar ayrı-ayrı apteklərdə satılan dərmanla­rın qiymətlərində də “oynamalar” baş­lanıb.

Fevralın 20-də Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən Mərkəzi depo aptekindən bir qutu “Flomax MR” aldım. Otuz bir ma­nat ödədim. Hollandiyanın lisenziyası ilə Türkiyədə istehsal edilmiş 1 qu­tunun içərisində 30 kapsul olur. Son bir neçə ildə bu dərmandan istifadə etdiyimə görə qiymətlərdəki fərqi hiss edirəm. Əvvəllər 19 manata alırdım, sonra tədricən 27 manata qalxdı. Sa­tıcı qızdan qiymətin qalxması səbəbini soruşdum.

– Bizə depodan o qiymətə gəlir, – dedi.

– Bəs depo aptekinin digərlərindən fərqi nədir? – soruşdum.

Cavab verdi ki, biz, onlardan fərqli olaraq, bəzi mallara endirimlər eləyə bilirik. 

Satış qəbzini aldım. Qəbzdə aldı­ğım malın adı yazılmamışdı...

Oradan çıxıb 28 May küçəsindəki “Elit” aptekinə girdim. Satıcı “Flomax MR” dərmanını gətirdi, qutunun üzə­rində “27 manat” yazılmışdı. Fikirləş­dim ki, bəlkə bunlar malı əvvəlcədən alıblar, qiymətlər sonradan qalxıb. Malı nə vaxt aldıqları ilə maraqlandım. Sa­tıcı: “Yenicə almışıq”, – dedi. Deməli, hər şey aydındır...

Apteklərin bəzilərində nəzarətsiz­likdən özbaşınalığa, əliəyriliyə və digər qanun pozuntularına yol verilir. Dər­man preparatlarının qiymətlərinin həd­dən artıq baha olması isə... Milli Məc­lisin son iclaslarının birində deputatlar bu barədə konkret faktlarla və hərtərəfli danışmışlar. Vəziyyəti nizama salmaq üçün, görünür, daha ciddi tədbirlərə ehtiyac var.

 

Q.PİRİYEV, “Xalq qəzeti”





Səhiyyə