Tanrı, yaxşıları qoru

post-img

Sən adilsən, Yaradansan. İstədiyini istədiyin qədər yaradarsan. Sən biz olmazsan, biz Sən ola bilmərik. İstəyəndə Səni özündə təcəlli edənləri yaratmaqla lütf edirsən bizlərə. Barı onları bizə çox görmə. Deyirlər, yaxşıları aparırsan dərgahına. Niyə? Nəyinə gərəkdir bu qədər yaxşı? Axı, Sən onları alanda biz yaxşısız qalırıq, cılızlaşıb-cırlaşırıq, yoxsullaşıb, yetimləşirik. Pislərin çoxluğundan dünya kirlənir, pisləşir, harınlaşır, xəbisləşir. Yaxşıları aparanda göz dağını bizə verirsən, meydanı da üç yüz illik qarğalara.

Necə xitab etməli Sənə? Tanrımmı, Allahımmı, Yaradanımmı? Kainatın məhvərini fırladanmı? Hər kəsi məsum, günahsız gətirirsən bu dünyaya. Amma çox azları günaha bulaşmadan ömür sürə bilir bu dünyada. Ömür deyə onlara ayırdığın zaman kəsiyini biri yelə verir, biri selə, biri zəlzələdən gedir, biri vəlvələdən.

Sənə qarşı gəlmək asilikdir, əstəğfürüllah, ağıl vermək dəlilikdir. Bir yolu var Səninlə mükalimənin. Göylərə məhəbbətlə uzanan əllərlə, dilimizdəki dualarla Sənin mərhəmətinə bel bağlamaq, şükür etmək.

Yenə aldın yaxşımızı. Dədə Qorquddan bu günə qədər tariximizi cəmi 77 yaşına sığdıran, qollarını kəsdirən, dərisini soyduran, varlığıyla milyonların könlündə taxt quran, güldürən, düşündürən Rasimimizi apardın yanına. Bu nahaq dünyada qalmasına qıymadınmı, götürdün haqq dünyasına? Bəs onun nuruyla işıqlanan, olmasıyla qürurlanan bizləri niyə onsuz qoydun?

Bəzən yaratdıqlarına gərəyindən çox bel bağlayırıq. Ətdən-qandan yoğrulduğunu unudur, Səndən umduğumuzu ondan istəyirik. Ona güvəndiyimizdən özümüzün etmədiyimizi, edə bilmədiyimizi ondan umur, olmayanda qəzəblə damğalayırıq idealımızı.

Sadəydi, əlçatandı Rasim. Amma Nəsimi, Babək, Beyrək deyildi, bizlərdən biriydi bu fani həyatda. Göydən ulduz qoparmazdı. İstedadı tükənməz, səmimiyyəti təbii idi. Bir vücudda 170-dən çox adamı tanıtdı bizə. Bizsə “Sən özün niyə onlar deyilsən” deyə üzünə durduq bəzən. Bu mümkün deyil axı. Sənətdə gözəl ifa olunmuş rollar bəzən sahibinə şan-şöhrət yerinə bədbəxtlik gətirir. Azərbaycan kino sənətinin unudulmaz simalarından biri İsmayıl Osmanlı çox dəyərli yaradıcılıq nümunələri yaratsa da, “Yeddi oğul istərəm” filmində məharətlə ifa etdiyi Kələntər rolu ilə yaddaşlarda gənc qatili kimi iz buraxmışdı.

Rasim Balayevin ölüm xəbərindən çox sarsıldım. Ən yaxınımı, doğmamı itirmiş kimi oldum. Halbuki real həyatda bir dəfə də olsa görüşməmişdik. Dəyərli sənətkarımız Alim Qasımovla ekspromt duetinə hamı kimi mən də yüzlərlə dəfə baxmışam, “Ötən günlər”dəki benefisi az qala əzbərimdədir.

Azərbaycan kinosunun “Rasim Balayev” adlı ən sanballı fəsli sona çatdı. Əfsus, min əfsus ki, Azərbaycan kinosunun özü də ixtiyarlaşıb, qoltuqlarının əlil ağacı, gözlərindəki qalın şüşəli eynək sındı sınacaq, düşdü düşəcək. Dirçəlməsi üçün çox böyük loğmana ehtiyacı var.

İlahi! Dərgahına gələn Rasimin günahlarını əfv et, yerini cənnətməkan. Nə qədər yaxşı olsa da, o, bizlərdən biriydi. Bizlərsə günahlardan xali deyilik. Rəhmətini əsirgəmə!

Cəfər SADIQ
Moskva

Sosial həyat