“Qarabağımızın özü ən qədim abidədir”

post-img

Dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biri olan ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz bağlardır. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Muzeyşünaslıq kafedrasının müdiri Yeganə Eyvazova bizimlə söhbətində ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlərin salındığını, müdafiə tikililərinin, əzəmətli qala divarlarının inşa edildiyini bildirdi. O İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələrin inşa olunduğunu diqqətə çatdırdı. Orta əsrlərə aid abidələr olan Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və başqaları nəinki Şərq, hətta dünya memarlığının ən nadir abidələrindəndir. 

– Bu əlamətdar gündə 30 ilə yaxın erməni əsirliyində olmuş Qarabağ abidələrini xüsusi vurğulamaq lazımdır, – deyə söhbətə davam etdi: – Qarabağımızın özü ən qədim abidəmizdir. İşğal dövründə mənfur düşmən abidələrimizi dağıdıb, bəzilərinin isə arxitektur detallarının dəyişdirib, Azərbaycan-islam elementlərini və ərəb dilində yazıları erməni xaçı və yazısı ilə əvəzləyib,  məzarlıq və qəbirlərin mədəniyyət nümunələrini və ya dəyərli tarixi əşyaları oğurlayaraq talan edib. Kəlbəcər rayonunun Vəngli kəndindəki möhtəşəm Gəncəsər (Qamzasar) monastr kompleksinin divarlarında  ornament və kompozisiyalarda yeniləmələr aparıb, daş divar üzərindəki yazıları silərək tarixini və məzmununu dəyişdirib, monastrın daxili divarlarını oyucu və kəsici alətlərdən  və müxtəlif rəngli boyalardan istifadə etməklə erməni yazıları ilə doldurublar. Hətta alban knyazı Həsən Cəlalın qəbrinin üstündəki sinə daşını sındıraraq üzərindəki yazıları oxunmaz hala salıb, erməni dilində yazılar əlavə ediblər. Eyni aqibəti yenə də Kəlbəcərdəki Xudavəng, Laçın rayonundakı Ağoğlan, Ağdərədəki Müqəddəs Yelisey monastr komplekslərində də müşahidə etmək olar. Ermənilər işğal olunmuş Qarabağ ərazisindəki bütün monastr tipli memarlıq abidələri üzərində saysız-hesabsız erməni dilində şüarlar yazıb, divar rəsmlərində və digər ornamentlərində dəyişikliklər edərək memarlıq abidələrinin ümumi görünüşünü korlamaqda və saxtalaşdırmaqda davam edirlər. Bu işdə ermənilər “xaç” rəmzindən istifadəyə mühüm önəm verirlər. İşğal olunmuş Qarabağ ərazisində islam dövrünə aid olan memarlıq abidələri, dini abidələr xüsusi qəddarlıqla məhv edilir. Bu memarlıq abidələri üzərindəki müsəlman epiqrafik mətnlərinin “erməniləşdirilməsi” mümkün olmadığından onların təhqir olunması, yəni üzərindəki yazıların silinməsi, çızılması kimi vandallıq aktları həyata keçirilir. 

Oğurlanan abidələrimzin Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgində nümayişi haqqında erməni mediasında məlumat verilib. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib.

Mənfur düşmənin bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-ci il Haaqa Konvensiyasının və UNESCO-nun “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirsə də, qurum bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirməyib. 

Azərbaycan isə uzun illər işğaldan əziyyət çəkən ölkə kimi, təkcə işğal olunmuş ərazilərimizdə deyil, dünyada mədəni abidələrin məhv edilməsi məsələsinə həmişə həssaslıqla yanaşır, UNESCO ilə bu istiqamətdə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanda dövlət səviyyəsində tarixi abidələrimizin tədqiqi, onların qorunması, bərpası, həmçinin beynəlxalq aləmdə təbliği istiqamətində həyata keçirdiyi iri miqyaslı işlər xüsusi vurğulanmalıdır. 

Söhbəti qələmə aldı,

Leyla QURBANOVA,

“Xalq qəzeti”



Mədəniyyət