Belçikadakı icmamız Ermənistanın barbar davranışına etiraz edir

post-img

Belçikada fəaliyyət göstərən Azərbaycan icması Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı hərbçilərə işgəncə verilməsini hiddətlə pisləyib.

Belçika Azərbaycanlıları Federasiyasının adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda  Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib və onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Bu vandalizm beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. 

Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidentinə deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu, rəsmi İrəvanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi vurğulanıb.

Belçika Azərbaycanlıları Federasiyası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçularının dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb.



Siyasət