Talış kəndində Novruz sevinci

post-img

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyor heyəti bu dəfə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində təşkil olunan Novruz bayramı şənliyində iştirak edib.

Bu tarixi gündə yaradıcı heyət Talış sakinləri və oraya təşrif buyuran qonaqlar qarşısında möhtəşəm konsert-tamaşa ilə çıxış ediblər.

Kəndin Klub İcma Mərkəzinin qarşısında yaradılan səhnəyə ilk olaraq Azərbaycan Dövlət Kukla Teatrının truppası çıxîb. Özündə Qarabağ məişəti və mədəniyyətinin çalarlarını daşıyan Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşasını göstəriblər.

Xatırladaq ki, tamaşanın  quruluşçu rejissoru Aleksandr  Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Peşəkar kuklaçıların ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa Talış kəndinin teatrseverləri tərəfindən  sürəkli alqışlarla qarşılanıb.

Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Aygül Ağayeva canlandırıblar.

Sonra "Oyuq" teatr-studiyasının yaradıcısı Səidə Haqverdiyevanın rəhbərliyi ilə istedadlı uşaq və yeniyetmələrin ifasında “Can Qarabağ” adlı rəngarəng konsert proqramı təqdim olunub.

Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevanın aparıcılığı ilə baş tutan konsert-tamaşa maraqlı anlarla yadda qalıb. Sakinlər və qonaqlarla qarşılıqlı ünsiyyət şəraitində keçən tədbirdə Qarabağ qaziləri, Vətən müharibəsi şəhidlərinin doğmaları təbriklərini və ürək sözlərini bölüşüblər. 

Fidan HÜQUQIQZI,
"Xalq qəzeti"







Mədəniyyət