Şənliklər gözəli Novruz bayramı haqqında bir neçə söz

post-img

Novruz xalqımızın min illər boyu milli varlığının təcəssümü olaraq sevə-sevə qoruyub yaşatdığı, müstəqillik illərində isə böyük dəyər verdiyi milli bayramdır. Təbiətin oyanışının xüsusi hərarət və gözəllik qatdığı, arzuları yeni hədəflərə qanadlandıran bu el şənliyi ölkəmizin hər yerində ümumxalq coşqusu, soydaşlarımızın yaşadığı ölkələrdə isə yurd sevgisi və milli özünütəqdim təntənəsi ilə qeyd edilir.

Xalqımız  bu bayrama xüsusi münasibəti ilə həm də  tarixi-mədəni keçmişinə yüksək ehtiramını  nümayiş etdirir. Novruz təkcə  türk xalqlarının ənənə ortaqlığının nümayişi  deyil, eyni zamanda, bəşəri və qlobal önəm daşıyan təntənədir. Bundan başqa Novruz ruzi-bərəkət bolluğuna çağırış olmaqla yanaşı, həm də dünyada barışa, sülhə yönəlik humanizm aksiyasıdır. Təsadüfi deyil ki, əziz bayram kimi təqvimimizin bəzəyi olan Novruzda  bütün küsülülər barışır, doğmalaşır, çevrəmiz paklıqla təzələnir, dünyanın günah yükü yüngülləşir. Müqəddəsləşmiş bayram kimi qeyd etdiyimiz Novruzun gözəlliyi də budur.

Xalqımızın keçmişinə ehtiramının nəticəsinə çağdaş dünya düzəninə töhfəsi olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah missiyası ilə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında bəşəri dəyərini təsdiqləyib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə  keçirilmiş UNESCO-nun müvafiq sessiyasında Novruz çoxmillətli nominasiya kimi beynəlxalq bayram statusu aldı. 

Azərbaycan xalqının dünya siyasətinə bəxş etdiyi qüdrətli şəxsiyyət Heydər Əliyev qətiyyət və uzaqgörənliklə bəyan edirdi ki, zaman gələcək Novruz bayramını Şuşada, Laçında və işğal olunmuş digər tarixi yurd yerlərimizdə qeyd edəcəyik. Ulu öndər tam haqlı idi. Onun yaratdığı peşəkar ordu Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ata arzusunu, Xalq gözləntisini gerçəkləşdirdi. Qalib sərkərdə bayram tonqalını Zəfər zirvəsi Şuşanın dünyaya açılan eyvanı Cıdır düzündə alovlandırmaqla Novruzu tariximizdə  şərəfli məqama yüksəltdi. 

Ücüncü ildir ki, bayram tonqalları bütövləşən Azərbaycanımızı nurlandırır, onun bəlalarını öz alovunda külə döndərir. Bayrağımız dalğalanan hər yerdə – Şuşada, Ağdamda, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda tonqalın şölələri zəfər sancaqların titrəyişinə nur saçır. Xalqımız tarixin ən xoşbəxt dövrünü Prezident İlham Əliyevin rəhbərliyi altında, bayram ovqatı ilə yaşayır.

Bu əziz bayramda hamı sevinir, torpaqda canlanma yarandığı kimi, insanlarımızın arzu-ümidlərinə də inam və  coşqu hakim kəsilir. Tonqal çöhrəli, səməni rəngli, çiçək qoxulu Novruz bayramınız mübarək, qalib ölkənin məğrur insanları. Bayramlar gözəli Novruzun bitib-tükənməyən, qəlblərimizi titrədən çal-çağırı sizlərə çox yaraşır – Siz öz sevgi-sayğınızla Novruza təravət gətirdiyiniz kimi!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
tibb elmləri doktoru

Son xəbərlər