Azərbaycan Prezidenti: Yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaq

post-img

27 aprel -1 may tarixlərində Türkiyənin İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı – “TEKNOFEST” keçirilib. “TEKNOFEST” Türkiyə Sənaye və Texnologiya Nazirliyi ilə Səlcuq Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il baş tutur.

Festivala dünyanın 107 ölkəsindən 154 mindən artıq komanda və 600 mindən çox iştirakçı qatılıb. 102 kateqoriya üzrə 41 əsas müsabiqə keçirilən festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək verilib. Ölkəmiz festivalda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunub.

 “TEKNOFEST Türkiyə – 2023”də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər. Dövlətimizin başçısı çıxışında qeyd edib ki, Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də müttəfiqlərini gücləndirir. Türk ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Türkiyənin önəmi, rolu gündən-günə artır: ““Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir. Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir”.

Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq və bununla bağlı Selcuk Bayraktarla razılığa gəliblər. Azərbaycan Prezidenti onu da bildirib ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır.

Ümumiyyətlə, Azərbaycan və Türkiyə münasibətləri son 20 il ərzində iki qardaş ölkə arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatmasına, Türk dünyasının birliyinə, bölgədə haqqın və ədalətin bərqərar olmasına xidmət edən böyük və şərəfli yol keçib. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı öz tarixinin yüz illər sonrakı nəsillərin də qürur duyacaqları dövrünü yaşayır. Azərbaycan və Türkiyənin, eləcə də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yürütdükləri, uzaq strateji hədəflərə yönəlmiş siyasət Türk dünyasını inkişafa, elmi-texnoloji tərəqqiyə doğru aparır. Azərbaycan Prezidentinin İstanbulda keçirilən “TEKNOFEST” festivalında iştirak etmək üçün qardaş ölkəyə səfəri də təsadüfi deyil. Azərbaycan və Türkiyə sevincli, kədərli günlərdə bir yerdə olduğu kimi, inkişafın, tərəqqinin yollarında da birlikdə addımlayır, gələcəyin Azərbaycanını, Türkiyəsini, Türk dünyasını birlikdə qururlar.

***

Festival çərçivəsində Azərbaycanın Kosmik Agentliyi – “Azərkosmos”un da yer aldığı milli pavilyonda gənc tədqiqatçılar və tələbələr üçün 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında təqdimatlar nümayiş etdirilib. Bundan əlavə, ziyarətçilərə “Onno”, “PENÇE”, “Uvodo” və “WakeX” adlı startap-layihələr, eləcə də “Kızılelma” interaktiv oyunu və “VR Ay səyahəti” virtual oyunu təqdim olunub.

Festival çərçivəsində Türkiyənin aparıcı təhsil müəssisələrinin müəllim və tələbə heyəti ilə də görüşlər keçirilib.

Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyəyə gediblər. R.Tahirov, A.Qurbanov, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları “TEKNOFEST-2023” çərçivəsində İstanbul şəhərində səfərdə olduqları zaman “Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi”ni ziyarət ediblər. Ziyarət zamanı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən qəbul edilən nümayəndə heyətimiz Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini bildirərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb.

Azərbaycanın nümayəndə heyəti “Baykar” şirkəti ilə yanaşı, sərgidə “Roketsan”, “Havelsan” və “Aselsan” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir texnologiya və döyüş texnikası nümunələri ilə tanış olublar. Görüşlər zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Yüksək texnologiyalı məhsulların nümayiş etdirildiyi tədbirdə müdafiə, aerokosmik, dənizçilik və kosmik sənaye sahələrində strateji əhəmiyyətli bir çox məhsullar da təqdim olunub.

Dünyanın ən böyük texnoloji yarışması olan “TEXNOFEST”də bu il 93 ölkənin komandası iştirak edib. Onların sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin komandası da olub. Universitetdən “Xalq qəzeti”nə verilən xəbərə görə, UNEC komandası yarışmaya kənd təsərrüfatı sahəsində istifadə ediləcək aqrar robot layihəsini təqdim edib. Süni intellektlə idarə olunan robot vasitəsilə əkin sahəsində bitkilərin alaq otlarından təmizlənməsi həyata keçiriləcək və məhsuldarlığın artımına nail olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) də tələbələrdən ibarət 4 komandası 6 layihə ilə Türkiyədə keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində çıxış edib.

Qeyd edək ki, 26-29 may 2022-ci il tarixlərində “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub.

Rizvan FİKRƏTOĞLU,

 “Xalq qəzeti”

İKT