Aprelin 14-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan dili: milli kimliyin və mədəni irsin daşıyıcısı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı, Lənkəran Dövlət Universiteti, ADPU-nun Cəlilabad filialı, Masallı Dövlət Regional Kolleci və Lənkəran-Astara Regional Təhsil İdarəsinin yerli sektorunun tərəfdaşlığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin dəstəyi ilə keçirilən konfransda elm, təhsil və ictimaiyyət nümayəndələri bir araya gəliblər. Elmi-praktik tədbir Azərbaycan dilinin müasir dövrdə qorunması, inkişafı və təbliği istiqamətində aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Konfrans çərçivəsində panel müzakirələri və TEDx formatında çıxışlar təşkil olunub. Panel sessiyalarında sahə üzrə mütəxəssislər tərəfindən dil mədəniyyəti, ana dilinin qorunması, qloballaşma şəraitində milli kimliyin saxlanılması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif yanaşmalar səsləndirilib.
TEDx formatlı çıxışlarda isə gənc natiqlər və ekspertlər öz ideyalarını, şəxsi təcrübələrini və innovativ baxışlarını iştirakçılarla bölüşərək auditoriyaya motivasiyaedici mesajlar veriblər.
Sonda qeyd olunub ki, bu kimi tədbirlərin təşkili Azərbaycan dilinin zənginliyinin qorunması, gənc nəslə aşılanması və milli-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın baş redaktoru




