Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyib. İsmayıl Hacıyev çıxışında “Molla Nəsrəddin” jurnalının Azərbaycan ictimai fikir tarixində oynadığı rolu geniş və ardıcıl şəkildə təhlil edib.
İsmayıl Hacıyev qeyd edib ki, jurnalın gücü yalnız mətnlərində deyil, həm də onun bədii-estetik təsir imkanlarında, xüsusilə karikaturalarında özünü göstərirdi. Bu karikaturalar dövrün ictimai eyiblərini sadə, anlaşıqlı və təsirli dillə təqdim edir, geniş oxucu kütləsinə birbaşa təsir göstərirdi.
Bu fikirləri davam etdirən sədr jurnalın nəşr coğrafiyasına diqqət çəkərək onun Tiflis, Təbriz və Bakı kimi mühüm mədəni mərkəzlərdə çap olunmasının əhəmiyyətinə toxunub. Vurğulayıb ki, bu şəhərlərin hər biri dövrün ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.
İsmayıl Hacıyev çıxışında Cəlil Məmmədquluzadənin bu jurnal vasitəsilə yaratdığı ədəbi və ideoloji məktəbin əhəmiyyətini xüsusi qeyd edərək bildirib ki, “Molla Nəsrəddin” yalnız bir nəşr kimi deyil, həm də yeni tipli ədəbi mühitin formalaşmasına xidmət edən güclü məktəb kimi çıxış edib. Əlavə edib ki, bu məktəb çərçivəsində yetişən qələm sahibləri cəmiyyətə yeni baxış bucağı gətirmişlər.
Akademik, həmçinin qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadənin irsinə böyük dəyər verərək onun yaradıcılığını yüksək qiymətləndirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Molla Nəsrəddin” jurnalı: yaranışı və ənənələri mövzusunda məruzə edib. Bildirib ki, jurnal Azərbaycan mətbuat tarixində ən uzunömürlü və ardıcıl fəaliyyət göstərən nəşrlərdən biri olub, həmçinin Amerika və Avropada da öyrənilən mətbuat orqanlarımız sırasındadır. Məruzəçi Ömər Faiq Nemanzadə ilə Cəlil Məmmədquluzadənin birgə fəaliyyəti nəticəsində jurnalın ilk nömrəsindən etibarən böyük nüfuz qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, “Molla Nəsrəddin” ədəbi mühitdə yeni fikir və ideyaların yayılmasına təkan verən mühüm məktəb formalaşdırıb.
Konfransda çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova “Molla Nəsrəddin” şeir məktəbinin yaranması və inkişaf məsələlərindən bəhs edib. O vurğulayıb ki, Azərbaycan ədəbiyyatında ədəbi məktəb yaradan əsas mətbuat orqanlarından biri də “Füyuzat” jurnalı ilə yanaşı “Molla Nəsrəddin” jurnalıdır. Məruzədə dövrün ictimai-siyasi reallıqlarını əks etdirən “Hophopnamə” nin əhəmiyyətindən danışılıb, klassik satirik poeziya nümunələri təhlil olunub, o cümlədən Əli Nəzmi və Əliqulu Qəmküsarın yaradıcılığına toxunulub.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova isə “Mollanəsrəddinçilik ədəbi məktəbi və təlimi” mövzusunda məruzə edib. O, Cəlil Məmmədquluzadənin publisistik irsinə, xüsusilə “Azərbaycan” məqaləsinə diqqət çəkərək jurnalın fanatizmə qarşı ardıcıl və inamla mübarizə apardığını vurğulayıb. Bildirilib ki, “Molla Nəsrəddin” öz məram və əqidəsinə sadiq qalaraq geniş coğrafiyada yayılıb.



