Baş məşqçi: “Yenidən zirvəyə doğru addımlayırıq”

post-img

İdmançılarımızdan növbəti uğur sorağı gəldi. Bu dəfə ağır atletika üzrə yeniyetmələrdən ibarət komanda Albaniyada keçirilən dünya birinciliyində fərqlənməyi bacardı. 


Vətənə medalla qayıdan yığma komandanın baş məşqçisi Oktay Muxtarovla görüşərək idmançılarımızın çıxışları ilə bağlı müsahibə aldıq. Baş məşqçi martın 25-də Dürres şəhərində start götürən və 60-dan çox ölkənin (166 kişi + 156 qadın) ən güclü atletlərinin qatıldıqları yarışda komandamızın nəticələrinin ürəkaçan olduğunu bildirdi. O qeyd etdi ki, atletlərimizdən ən yaxşı nəticəni Ravin Alməmmədov göstərib: “Ravin Alməmmədov 73 kiloqram çəki dərəcəsində 136 kiloqramla birdən, 167 kiloqramla təkanla qaldıram hərəkətlərində, toplam 303 kiloqram (136+167) nəticə ilə gümüş medal qazandı. O, həmçinin təkanla qaldırmada 167 kiloqramı ram etməklə türkiyəli Karaca Yaşara aid 163, bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyin isə 300 kiloqramlıq Avropa rekordlarını geridə qoydu. Bu, çox gözəl nəticədir. Sonuncu dəfə bu səviyyədə uğur 11 il əvvəl qazanılmışdı. Şadıq ki, yenidən zirvəyə doğru addımlayırıq və bizi qarşıda daha böyük nailiyyətlər gözləyir”. 
Baş məşqçi yığmanın digər üzvləri Dəniz Cabbarlının 55 kiloqram çəki dərəcəsində 7-ci, Turan Əliyevin isə 67 kiloqram çəki dərəcəsində isə 9-cu nəticəni göstərdiklərini vurğuladı. 
Oktay Muxtarov dünya birinciliyində əldə edilən nailiyyətin təsadüfi olmadığını bildirdi: “Ağır Atletika Federasiyasının məqsədyönlü fəaliyyəti nəticəsində xüsusilə regionlarda uşaq və yeniyetmələr arasında bu idman növünün inkişafına böyük diqqət yetirilir. Bu yarışda uğurla çıxış edən Ravin Alməmmədov “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisidir. Regionlarda qısa müddət ərzində çox sayda zallar istifadəyə verildi, kütləviliyin artırılması istiqamətində təbliğat işləri aparıldı. Eyni zamanda, yığma komandaların şəraiti ən yüksək səviyyəyə çatdırıldı, mütəmadi təlim-məşq toplanışları keçirildi, lazımi bütün dəstək göstərildi. Bunun nəticəsi idi ki, ötən ilin avqustunda Polşanın Raşin şəhərində yeniyetmələr arasında Avropa birinciliyində komandamız əla çıxışla yadda qaldı. Turan Əliyev, Qasım İsmayılov və Ravin Alməmmədov toplam 7 medal – 1 qızıl, 3 gümüş, 3 bürünc və bir Avropa rekordu ilə tarixi nəticəyə imza atdılar. Bugünlərdə Albaniyada əldə etdiyimiz uğuru məhz ötənilki qələbələrin davamı kimi qiymətləndirmək olar”.
Yığmanın “sükançısı” əldə edilən uğurlarla kifayətlənmədiklərini, qarşıdakı yarışlarda daha böyük uğurlar qazanmaq üçün səy göstərəcəklərini söylədi. Yığmanın bu ilin iyulunda Moldovanın paytaxtı Kişinyovda keçiriləcək Avropa birinciliyində daha geniş heyətlə iştirakı planlaşdırılır. Baş məşqçi komandanın daha böyük uğurlar qazanmaq, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək, bayrağımızı qaldırmaq, himnimizin səsləndirilməsinə nail olmaq üçün bundan sonra da bütün gücünü sərf edəcəyini vurğuladı.  
Bunun üçün komandanın potensialı da var, qələbə əzmi də. Əminik ki, yeniyetmə ağırlıqqaldıranlarımız növbəti ciddi sınaqların öhdəsindən də layiqincə gələcəklər.


Leyla SABİRQIZI, 
“Xalq qəzeti”

İdman