Şamaxı Astrofizika Rəsədxanasında astrofiziklərin seminarı

post-img

Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm sözügedən yığıncağı giriş sözü ilə açaraq, onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsinin kiçik elmi işçisi Cənnət Səmədov “AdS fəzasının Astrofizikada tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Anti-de-Sitter (AdS) fəzası haqqında ümumi məlumat verib. AdS fəzasının Qara dəliklər, Neytron ulduzlar kimi astrofiziki obyektlərə, Qaranlıq maddə və Qaranlıq enerji kimi fenomenlərin, Kosmologiyaya və Qravitasiya dalğalarının əmələ gəlməsi və yayılmasının tətbiqi məsələlərindən danışıb. Qeyd edib ki, Anti-de-Sitter (AdS) fəzası astrofizikada, xüsusən də qravitasiyanın kvant aspektlərinin öyrənilməsində əhəmiyyətli tətbiqlərə malikdir. AdS fəzası AdS/CFT uyğunluğu daxilində istifadə olunur ki, bu da kvant qravitasiyasını daha sadə, riyazi cəhətdən ekvivalent problemə uyğunlaşdırmaqla tədqiq etməyi təmin edir. Bu uyğunluq qara dəlikləri, onların entropiyasını və informasiya paradoksunu başa düşməkdə mühüm rol oynayır.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Anar ƏLİ,
“Xalq qəzeti”

Elm