İbrahim Yerden: "Bakıda müzakirə edilən mövzu çox önəmlidir"

post-img

Niderlandın “MaatSchappelijke Veerkracht” (Sosial Dayanıqlıq) İnstitutunun təmsilçisi: 

-“Bakıda müzakirə edilən mövzu çox önəmlidir. Dünyanın gündəmində olan mövzulardan biridir. Hamı islamofobiyadan danışır, yazır və mübahisə edir, ancaq belə bir konfransın Bakıda olması vacib idi. 

Dünyanın hər yerindən alimlər, din xadimləri, KİV nümayəndələri konfransda iştirak etdilər. Tədbir iştirakçıları dünyaya bir mesaj göndərmək istədilər. Məlumdur ki, bəzi ölkələrdə İslam və terrora eyni gözlə baxmağa çalışırlar. Konfrans iştirakçıları bunun çox yanlış olduğunu bildirdilər. Natiqlər çıxışlarında birmənalı şəkildə vurğuladılar ki, İslamla terror yanaşı qoyulmamalıdır. Biz terrorun haradan gəlməsinə, istər İslam, istər xristian ölkələrindən gəlməsinə baxmayaraq, biz ona qarşıyıq. 

Amma bəziləri İslamla terroru birləşdirmək istəyirlər. Yəni, müsəlman mühacirlərə terrorçu kimi baxmağa, onları geridə qalmış insanlar kimi qiymətləndirməyə çalışırlar. Təəssüf ki, bunu şüurlu şəkildə edirlər. Bunu xüsusilə də ABŞ-da, Qərbi Avropada müşahidə etmək olar. 

Düşünürəm ki, bu ikigünlük konfransda çox şey öyrəndik. Birincisi, İslam ilə terror eyni göstərilməyə çalışılır. Buna qarşı mübarizəni birləşdirməliyik. İkincisi, islamofobiya ilə mübarizədə medianın rolu çox önəmlidir. Media hadisələri obyektiv şəkildə işıqlandırılmalıdır. Xüsusilə də İslam ölkələrindən olan KİV gözdə-qulaqda olmalıdır. Qərb mediası hadisələri birtərəfli işıqlandırır. İslam jurnalistləri bu məsələdə obyektiv mövqe tutmalı, terrorla İslamı eyniləşdirməyə çalışanlara tutarlı cava verməlidir. Hesab edirəm ki, bu məsələdə elmi araşdırmalar aparılmalı, media da bunları işıqlandırmalıdır.  

Azərbaycan mültikultural ölkədir. Burada müsəlmanlar, xristianlar və yəhudilə rahat və dinc şəkildə yaşayırlar. Avropa da mültikulturaldır, ancaq “Köhnə dünya”da müsəlman ölkələrdən gələnlər terrorçu kimi qəbul edirlər. Buna görə də, Azərbaycan örnək olmalıdır və media bu reallığı işıqlandırmalıdır. Ümid edirəm ki, siz jurnalistlər bu işdə nümunə ola biləcəksiniz.


Xalq TV