Valideynlər Mingəçevir Dövlət Universitetində (MDU) imtahan prosesini müşahidə edib

post-img

2025-ci il 10 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alan tələbələrin valideynlərinin bir qrupu 2024-2025-ci tədris ilinin payız sessiyasının imtahan prosesini izləyib.

Valideynlərlə görüşən  MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris işləri üzrə prorektoru Üzeyir Zeynalov, valideynlərin imtahan prosesində iştirak etməsini yüksək qiymətləndirib. Universitetin qapılarının hər kəsə açıq olduğunu qeyd edərək, valideynlərin təkcə imtahan sessiyası zamanı deyil, istənilən vaxt universitetdə keçirilən tədbir və iclaslarda iştirak edə biləcəyini vurğulayıb.

Görüş zamanı Ü.Zeynalov valideynlərin MDU ilə əməkdaşlıq etməsinin universitet üçün yeni istiqamətlər və hədəflər müəyyən edəcəyinə ümidvar olduğunu bildirib, qonaqlara universitetdə həyata keçirilən layihələr və onların mahiyyəti, tələbələrin inkişafına verdiyi töhfələrdən də söz açıb. O, universitetlə əməkdaşlığa görə valideynlərə təşəkkürünü bildirib. İmtahanları izləyən valideynlər prosesin təşkili və gedişatından razılıqlarını bildiriblər. Onlar imtahan prosesində obyektivlik və şəffaflığın tam təmin olunduğunu vurğulayıblar. Qeyd olunub ki, imtahan nəticələrinin vaxtında bəlli olması tələbələrin növbəti imtahan üçün psixoloji cəhətdən hazırlığına şərait yaradır. Bu da öz növbəsində uğurların davamına təminat verir. Görüş müzakirələrlə yekunlaşıb.Sonra imtahanlar müşahidə edilib.

Əlavə edək ki, MDU-da 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə “İmtahan Qərargahı”, “Apellyasiya Komissiyası” fəaliyyət göstərir. Eyni zamanda sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin olunur və rektorun iştirakı ilə müntəzəm olaraq “Açıq qapı” günləri keçirilir. 

Təhsil