Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Elm və Təhsil Nazirliyinin Aparatının Peşə təhsili siyasəti şöbəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş olub.
Görüş iştirakçılarına qurum tərəfindən əmək ehtiyatlarının təhsil pillələri üzrə mütəmadi olaraq aparılan təhlillərin cari vəziyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, təhlil nəticələri əmək bazarında ən çox ehtiyac yaranan istiqamətləri müəyyənləşdirməyə imkan verir.
Söhbət zamanı Milli Observatoriya tərəfindən peşə təhsili pilləsi üzrə tələbə qəbulu planının formalaşdırılmasına dəstək olacaq əmək bazarının aktual və proqnozlaşdırılan ehtiyaclarının müəyyən edilməsi istiqamətində tədqiqatın aparılması haqqında razılıq əldə edilib.
Habelə tərəflər arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib.