Pedaqoji Universitet X Bakı Beynəlxalq Kitab Sərgisində

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

Sərgidə ölkənin tanınmış ali məktəbləri, nəşriyyatlar, kitabın təbliği ilə məşğul olan qurumlar, eləcə də çoxsaylı xarici ölkələrin müvafiq qurum və nəşriyyatları iştirak edirlər. 

Azərbaycan Dövlət Pedaqoji Universitetini sərgidə ADPU-nun Kitabxana-İnformasiya Mərkəzi təmsil edir.

Mərkəzin direktoru Zinharə Həsənova bildirib ki, məqsəd Pedaqoji Universitet alimlərinin tədqiqatlarını və əsərlərini təbliğ etməkdir: "Bu əsərlər Azərbaycanın elmi-mədəni ictimaiyyəti üçün çox əhəmiyyətlidir". 

Qeyd edək ki, Pedaqoji Universitetin stendində Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlər, ADPU-nun 100 illik yubileyi ilə bağlı nəşr olunmuş silsilə kitablarla yanaşı professor-müəllim heyətinin müəllifləri olduqları monoqrafiya, dərslik, dərs vəsaitləri və tədqiqat əsərləri, həmçinin universitetin dövri-elmi nəşrləri də nümayiş etdirilir: "Sərgi iştirakçılarına universitetin keçdiyi tarixi yol haqqında da geniş məlumat veriləcək". 

Sərginin ilk günündə universitetin stendini ziyarət edən ADPU-nun rektoru professor Cəfər Cəfərov xüsusən ali təhsil müəssisələrinin əməkdaşlarının əsərlərinin təbiğ olunması baxımından bu kimi platformaların önəmini vurğulayaraq, hər il keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin ümumilikdə regionun mədəni həyatında mühüm rol oynadığını qeyd edib.

Oktyabrın 8-dək davam edəcək sərgidə ziyarətçilər Pedaqoji Universitetin stendinə yaxınlaşaraq universitetin nəşrləri və elmi-pedaqoji potensialla bağlı ətraflı məlumat ala bilərlər. Sərgiyə giriş sərbəstdir.

Ümumiyyətlə, ADPU kitabın təbliğinə xidmət edən analoji platformalarda bundan sonra da yaxından iştirak edəcək. 





Təhsil