“Artıq Qarabağ Universiteti ilə danışıqlara başlanılıb. Orada işlər yeni başladığı üçün 2025-ci ilin ikinci yarısında Qarabağ Universitetində elmi-tədqiqat laboratoriyasının yaradılması ilə bağlı danışıqlar gedir”.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) rəhbəri Elvin Hacıyev deyib.
"Azərbaycan İnnovasiya Mərkəzi və mərkəzləri fiziki məkan olmaqla yanaşı, ekosistemi bir arada cəmləşdirən, innovasiya ekosistemi üçün tədbirlərin təşkil olunduğu, startaplara daha çox dəstək göstərən müxtəlif istiqamətlər üzrə proqramların həyata keçiriləcəyi bir məkan olacaq.
Biz, sadəcə, Bakıda fokuslanmırıq, yaxın gələcəkdə Sumqayıt və Gəncə şəhərlərində, regionlarda digər istiqamətlər üzrə də şəbəkələrimiz genişlənəcək", - deyə Elvin Hacıyev bildirib.
AİM-in rəhbərinin sözlərinə görə, oktyabrın sonunda Sumqayıt, ilin sonunadək isə Gəncə şəhərində innovasiya mərkəzlərinin açılışları nəzərdə tutulub.
"Gələn il daha iki region üzrə AİM-lərin təşkil olunması nəzərdə tutulub. Ümumilikdə burada yer alacaq rezidentlər texnologiya, startaplar və innovativ istiqamətlər üzrə fəaliyyət göstərən şirkətlər olacaq. AİM olaraq biz bu şirkətlərin mailiyyələşməsinə və fərdi şəxslərə dəstək göstərəcək, həm də öz ətrafını genişləndirmək istəyən, bilik və bacarıqlara yiyələnmək istəyən gənclərə kömək edəcəyik. Bununla da, ölkəmizin innovasiya istiqamətində hədəflərimizə çatmaq üçün AİM layihəsinin böyük dəstək olacağına inanırıq", - deyə E.Hacıyev vurğulayıb.
Mərkəzin rəhbəri diqqətə çatdırıb ki, innovasiya mərkəzi dedikdə təkcə ofis və co-vorkinq məkanı nəzərdə tutulmur. Təşkilatlarda, universitetlərdə, korporasiyalarda filialların açılması nəzərdə tutulub ki, bu da şəbəkə formasında sinerji yaratmaq, mərkəzlər arasında əlaqəni təmin etməkdir.