Bakının 193 saylı məktəbində ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə 2-ci sinif şagirdlərindən ibarət "Dünyamıza sülh gərəkdir!" mövzusunda tədbir təşkil edilib.
Müdrik bir aforizmdə deyilir: "Əgər biz bütün dünyada həqiqi sülhə nail olmaq istəyiriksə, o zaman sülhü uşaqlara təbliğ etməliyik". Elə tədbirin keçilməsinin də əsas məqsədi bu olub.
Balacalar sülh haqqında şeirlər, nəğmələr səsləndirib. Rəngli əl boyaları ilə sanki sülhə imza atırmışlar kimi parça üzərində öz kiçik əl izlərini qoyublar.
Tədbirin sonunda sülh rəmzi sayılan göyərçinlər qəfəsdən xilas edilərək havaya buraxılıb. Bu, uşaqların sevincinə səbəb olub, onlar göyərçinlərin arxasınca boylanıb açıq səmada onların uçuşunu maraqla izləyiblər.
Balaca iştirakçılar "Sülh nədir?" sualına "Sülh həyatdır","Sülh sevgidir","Sülh təbəssümdür" – deyə cavab veriblər. Elə isə həyatınız sevgi, təbəssüm dolu olsun, körpə balalar!
Zülfiyyə Ziya
XQ