Bir zamanlar qızların təhsilə cəlb edilməsi problem kimi aktual idi. Bu məsələ bu və ya digər formada əvvəllər də və hətta qismən indi də öz qüvvəsini saxlaya bilib. Amma bu gün ən ucqar bölgələrdə belə Azərbaycan ailəsi qızlarının təhsil alması üçün əlindən gələni də, gəlməyəni də edir. Bu gün tendensiya budur ki, azərbaycanlı valideynin cibində 100 manat pulu varsa, onun 100-nü də övladının təhsili üçün xərcləməyə hazırdır. Bu, olduqca təqdirəlayiq addım və gözə xoş görünən mənzərədir. Çünki qızların təhsilinə ən böyük dəstəyi onu ailəsi verə bilər. Lakin istisnalar və bir sıra problemlər hələ də qalmaqdadır.
Biz qızların təhsilinə dəstəyi yatırım kimi, cəmiyyətimizin inkişafına dəstək kimi başa düşməliyik. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan qazanıldığı halda, bir qıza təhsil verməklə isə təhsilli bir ailənin təməli qoyulmağa başlayır. Öz sözümüzlə desək, kişi təhsil almaqla öz taleyini dəyişə bildiyi halda, savadlı qadın isə bilikli övladlar bəxş etməklə cəmiyyətin taleyini dəyişə bilər. Sağlam düşüncəli qadın sağlam cəmiyyətin təməlidir
Yazımın bu yerində 10 il əvvəl təhsil aldığım Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbə yoldaşlarımın biri ilə aramızda olan dialoqu xatırladım. O xanım hicablı, jurnalistikanın müasir tendensiyalarına uyuşmayan, bu peşənin xarakterindən uzaq biri idi. Bir dəfə ondan soruşdum ki, axı sənin kriteriyaların bu sahəyə uyğun deyil. Cavab vermişdi ki, onu bilir, çox yaxşı bilir. Demişdi ki, mən yaxşı jurnalist olmaq üçün oxumuram,savadlı, bilikli ana olmaq üçün təhsil alıram. Bu cavab olduqca ciddi və məsuliyyətli idi. Gələcək nəsil, sağlam ailə üçün vacib məqam idi. Tələbəlik illərində genişprofilli Azərbaycan tarixinə və ədəbiyyatına bələd olduqca belə nümunələrin dəfələrlə şahidi oldum. Başa düşdüyüm odur ki, Azərbaycan qadınının tarix boyu təhsil uğrunda mübarizəsinin əsas qayəsi övladının sağlam və savadlı mühitdə yetişməsi, vətənpərvər böyüməsi və xalqına fayda verməsi olub. Bunun da təməlini sağlam əxlaqi dəyərlər və təhsil təşkil edir.
Qızların təhsildən kənarda qalması o ölkənin, xalqın, toplumun faciəsi olar. Necə ki, qədim dünya tarixlərində, hətta Məhəmməd Peyğəmbərin dövründə cahil insanlar övladı qız olardısa, onu diri-diri yandırır, basdırırdılar. Bu, təhsilsizliyin, cahilliyin ən amansız kulminasiyası idi. Əgər hər ailədə savadlı ana olsaydı, tarix belə amansız qətlləri görərdimi?
Şərqin ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti qadınların maariflənməsi məsələsinə xüsusi həssaslıqla yanaşırdı. Beləki, həmin illərdə 4 qadın gimnaziyası, 3 Müqəddəs Nina qız tədris müəssisəsi və digər təhsil ocaqları fəaliyyət göstərirdi.
Ancaq reallıq budur ki, 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin olunan əbədiyaşar Heydər Əliyev dövlət səviyyəsində, həmçinin özünün nəzarəti ilə qadınlara diqqət və qayğı göstərmiş, onların problemləri, eləcə də təhsil məsələlərilə maraqlanmışdı. “Təhsil millətin gələcəyidir” deyən Ümummilli lider qızların təhsil almasına, onların təhsilinə xüsusi diqqətlə yanaşmasına həssaslıq göstərmişdi. Ulu öndər çıxışlarının birində demişdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun".
Ümummilli liderimiz Heydər Əliyev hər çıxışında Azərbaycan qadınının tarixən keçib gəldiyi şərəfli yolundan qürurla söz açar, bu yolda təhsilin gücünün yüksək olduğunu diqqətə çatdırırdı. Dahi liderin rəhbərlik etdiyi dövrlərdə yeni tədris binalarının inşası, mövcud təhsil ocaqlarının təmiri, infrastrukturun yenilənməsi, köklü təhsil islahatları Azərbaycan cəmiyyətinin, Azərbaycan qadınının maariflənməsində ciddi təsir göstərdi.
Bu gün Heydər Əliyevin siyasi kursunu cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva layiqincə və yüksək səviyyədə davam etdirirlər. Ən prioritet məsələlərdən biri kimi, qızlarımızın yüksək təhsil alması həmişə gündəlikdə saxlanılır. Təsadüfi deyil ki, hakimiyyət dairələrində minlərlə Azaərbaycan qadını yüksək postda təmsil olunur. Bu, təkcə ölkəmizdə deyil, Azərbaycan qadınları dünyanın müxtəlif ölkəsində yüksək vəzifələr tutur, onun öhdəsində layiqincə gəlirlər.
Heç kimə sirr deyil ki, ölkəmizdə təhsil tamamilə əlçatandır. Müxtəlif universitet və kolleclərdə, eləcə də peşə təhsili müəssisələrində plan yerlərinin artırılması, keçid ballarının aşağı düşməsi, köklü təhsil islahatları, infrastrukturun yenilənməsi, azad edilmiş ərazilərimizdə təhsilə qayıdış, dünyanın müxtəlif ölkələri ilə tələbə-təhsil mübadiləsi təhsilin inkişafı baxımından aysberqin görünən tərəfidir. Bu siyahıya təhsil müəssisələrinə qəbul edilmiş tələbələrə verilən müxtəlif təqaüdləri, özəl müəssisələrinin bu kampaniyalara qoşulmasını, qrantları və bu kimi maliyyə yardımlarını əlavə edə bilərik.
Bu gün ölkəmizdə müxtəlif adda tələbələrə təqaüdlərin verilməsi istiqamətində də ciddi addımlar atılır. Bu istiqamətdə müxtəlif QHT-lərin, təşkilatların, dövlət qurumlarının fəaliyyəti və işlərinin nəticəsi göz önündədir. Bütün bunlar tələbələrin inkişafını, tədqiqatyönümlü işlər aparmalarını, araşdırmaçı olmalarını, öz ixtisaslarını dərindən öyrənmələri baxımdan müstəsna fəaliyyət hesab edilir. Qızların təhsilinə dəstək kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə fəaliyyəti nəticəsində “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”, Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə baş tutan “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində edilən maliyyə yardımları təqdirəlayiqdir.
Qızların təhsilinə dəstək naminə beynəlxalq səviyyədə də görülmüş işlər və bu istiqamətdə aparılan islahatlar öz bəhrəsinin verir. Qızların təhsilinə dəstək məqsədilə həyata keçirilən UNESCO-nun müxtəlif layihələri, UNICEF proqramı, “Girl Rising”in layihələri, bu məqsəd üçün yaradılmış beynəlxalq fondlar qızların təhsilinə dəstək istiqamətində böyük işlərdən hesab etmək olar.
Araşdırmalarımız və müşahidələrimiz zamanı görürük ki, qızların erkən yaşda evləndirilməsi, bu və ya başqa formada təhsildən yayındırılması halları var. Müxtəlif qanunların qəbulu, dəyişdirilməsi, hüquq-mühafizə orqanlarının müdaxiləsi olsa da məsələ tam həllini tapa bilmir. Belə əməllərə yol verən valideyn anlamalıdır ki, qızı onun əşyası, mirası deyi. Qadına insan kimi yanaşılmalıdır və şəxsiyyət kimi hörmət edilməlidir. Bu hörmət ailədən gəlməlidir ki, cəmiyyətdə aşılansın. Çünki ailədə hörmət görə bilməyən xanım cəmiyyətdə fərqli olur, incidilir.
Qız təhsil almalıdır. Ona görə ki, gələcək nəsil təhsilli və dünyagörüşlü olsun. Qadın təhsili almalıdır ki, o, daha yaxşı şəraitdə və özünəuyğun sahələrdə çalışsın, iqtisadi asılılığı azalsın. Təhsilli qadının əxlaqi keyfiyyətləri də yüksək olur. Bir sözlə, təhsil almaq təkcə yaxşı həyat şəraitinə sahiblənmək ölçüsü deyildir.
Qızların təhsil almasına bəzən istər ailələri, istərsə də bir qrup cəmiyyət tərəfindən müdaxilələr, eləcə də maddi sıxıntılar var. İctimaiyyət olaraq bu neqativlərlə mübarizə aparmalıyıq. Mediada maarifləndirmə və təhsilə həvəsin artırılması məqsədiylə məqalələrin verilməsi, verlişlərin çəkilməsi, məsələnin mahiyyətinin çatdırılması və bu cür təbliğat, təşviqat işləri olduqca vacibdir.
“Qadın böyük qüvvədir” deyimi boşuna deyilməyib. Biz bu ifadəni “Təhsilli qadın böyük qüvvədir” deyimi ilə əvəzləsək, yəqin ki, fikrimizi daha da dəqiqləşdirmiş olarıq. Çünki təhsilli qadının olduğu ailələrdə, məmləkətlərdə dəyərlərə çox hörmət olunur, haqq-ədalət tərəzisinin çəkisi yüksək olur, kriminal və buna bənzər xoş olmayan hadisələrə çox az rast gəlinir.
Şərait və imkanın yaxşı olması fonunda göstərilən dəstəyin də biri mənəvi olanıdır. O ailənin qız övladları yaxşı təhsil alır ki, onlar valideynləri, yaxınları tərəfindən mənəvi güc alır, dəstək görürlər. Qızlarda təhsillə bağlı inkişaf belədir ki, yol göstərmək, cığır açmaq kifayətdir ki, onlar yüksək nəticə toplaya bilsinlər.
Bütün bunları nəzərə alaraq, bu yazımı çağırışla yekunlaşdırmağı məqsədəuyğun düşünürəm: Hörmətli valideynlər, qız övladlarınızı nəyin bahasına olursa, olsun, oxudun. Bu Allah yanında da bəyənilir. Qızlar, zaman uçur. Oxumağın əzabı bir müddətlik, oxumamağın əzabı isə ömürlükdür. Sonra gec olacaq, oxuyun ki, keçmiş günlərin sevincini gələcək günlərin peşmanlığı ilə əvəzləməyəsiniz. Uşaq yaşından gələcəyə nikbin baxın. Təhsilə biganə yanaşmaqla, düz həyatda ən böyük səhvinizi etməyin. Düzdür, oxumaq gec deyil, amma... Hər şey məqamında, məramında gözəldir.
Yazı Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur.
Rizvan Fikrətoğlu
“Xalq qəzeti”nin müxbiri