Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin təşəbbüsü ilə təşkil olunmuş "Valideyn klubu" layihəsi artıq hər kəsdə böyük maraq yaradıb.
Bu klubun yaradılmasının məqsədi müxtəlif yaş dövrlərində uşaqların inkişafı zamanı valideynləri düşündürən, narahat edən məsələlər barədə maarifləndirici görüşlər təşkil etməkdən ibarətdir.
Bu günlərdə klubun daha bir məşğələsi baş tutmuşdur. Təlim xarakterli görüşdə Mərkəzi klinikanın həkim-nevroloqu Dr. Yücel Onur, Gəncə Şəhər Birləşmiş Xəstəxanası psixoloq-psixoterapevti Zərif Qurbanova və Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi pedaqoq Günay Ələkbərzadə tərəfindən 6-10 yaş arası uşaqların davranışında baş verən dəyişiklik zamanı valideynlərin övladları ilə necə rəftar etmələri barədə ətraflı məlumat verilib, valideynləri maraqlandıran suallar cavablandırılıb.
Regional idarənin rəsi Anar Qədiməliyev deyir ki, biz bəzən öz şagirlərimizin “problemləri” haqqında unudur, onların yalnız necə təhsil alması, dərsə davamiyyəti ilə maraqlanırıq. Amma uşaq aləmi elə bir dəryadır ki, onu unutmaq, laqeyd qalmaq sonralar peşimançılıq verə bilər. Təbii ki, müəyyən yaş dövrlərində onlarla ciddi məşğul olmaq lazımdır. Bu işi təkcə valideynlərin üzərinə atmaq da düzgün deyil.Valideynlərin özlərinə də istiqamət vermək lazımdır. Ona görə də belə bir klub yaratmaq zərurəti meydana çıxıb və məşğələlər müxtəlif mütəxəssislər, həkimlər, pedaqoqlar tərəfindən aparılır, yaxşı da effekt verir.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Gəncə şəhəri