ADNSU beynəlxalq uğur qazanıb

post-img

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) QS Reytinq sıralamasında əhəmiyyətli dərəcədə irəyiyərək dünyada 1001-1200, Azərbaycanda isə 2-ci yerdədir.

Bu barədə məlumatı ADNSU-nun rektor əvəzi Vazeh Əskərov “Xalq qəzeti”-nə açıqlamasında bildirib. 

O qeyd edib ki, 2025-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq sıralamasında” 1001-1200-cü yerdə qərarlaşıb. Ötən ilin göstəricisi ilə müqayisədə əhəmiyyətli irəliləyişin səbəbi ADNSU-nun akademik və işə götürən indikatorlarına görə 4 dəfə, beynəlxalq tədqiqat şəbəkəsi üzrə indikatora görə 1-dən 6.6-ya, əcənəbi müəllimlərin əmsalına görə 10,1-dən 17,4-ə yüksəlməsidir. Qeyd edək ki, əcnəbi müəllimlərin əmsalına görə ADNSU Azərbaycanda liderlik edir, dünyada isə 634-cü yerdədir.

V. Əskərovun sözlərinə görə, Quacquarelli Symonds (QS) Dünya Universitetlərinin Reytinq Siyahısında ADNSU ilə yanaşı, Azərbaycandan daha iki universitet yer alıb. ADNSU “QS Dünya Universitetlərinin Reytinq Sıralamasında” yer alan 3 Azərbaycan universiteti arasında II yerdə qərarlaşıb. Azərbaycanı reytinq sıralamasında təmsil edən hər üç universitet məşğulluq göstəricisinə görə dünyada TOP-500-də yer alıb. 

Quacquarelli Symonds (QS) Dünya Universitetlərinin Reytinqində iştirak üçün 106 ölkədən 5663 universitet müraciət edib. Onlardan 2025-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasında” 1503 universitet yer alıb. 

Xatırladaq ki, ötən ilk reytinqdə 104 ölkədən 2963 ən yaxşı universitet iştirak etmiş və onlardan 1499-u yüksək nəticələr əldə edərək 2024-cü il üçün QS Dünya Universitetlərinin Reytinq Sıralamasına daxil olmuşdu. ADNSU ötən ilk QS Dünya Universitetlərinin Reytinq Sıralamasında 1201-1400-cü yerdə qərarlaşıb. 

Ekspertlərin fikrincə, QS Dünya Universitetlərinin Reytinq Sıralamasında yer almaq üçün rəqabətin gücləndiyi şəraitdə ADNSU-nun reytinqdə irəliləməsi son il ərzində aparılmış davamlı və səmərəli fəaliyyətin nəticəsidir.

Anar ƏLİ
XQ



Təhsil