“Təbabətin aktual problemləri - 2024” beynəlxalq konqresinin açılış mərasimi keçirilib

post-img

Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə mayın 7-də “Təbabətin aktual problemləri - 2024” beynəlxalq elmi-praktik konqresinin açılış mərasimi keçirilib. Bir sıra xarici ölkələrdən tanınmış mütəxəssislərin qatıldığı, artıq bir ənənəyə çevrilmiş konqresin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə tər çiçəklər düzüblər.

Dövlət Himnimiz səsləndirildikdən və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın əsrarəngiz təbiətini əks etdirən sənədli videoçarx nümayiş olunub.

Konqresdə açılış nitqi söyləyən ATU-nun rektoru, professor Gəray Gəraybəyli xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “30 ildən artıq müddətdə erməni işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunub. Ölkəmizdə qısa müddətdə bir sıra qlobal layihələr həyata keçirilib, beynəlxalq arenada qarşılıqlı əlaqələr möhkəmlənib. Hamıya məlumdur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox vacib tarixi nailiyyətlər əldə edib, bütün dünyada tanınıb. Ötən illər ərzində Azərbaycan beynəlxalq əhəmiyyətli bir sıra tədbirlərə ev sahibliyi edib. Bu sahədə ölkəmizin zəngin təcrübəsi var. Artıq dünya ölkələri Azərbaycanla ciddi şəkildə hesablaşır, onun tutduğu yolu, onun sülhməramlı siyasətini alqışlayır.

Ona görə də 2023-cü ilin dekabrında keçirilmiş COP28-in plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərar dünya ölkələrinin Azərbaycana verdiyi yüksək dəyərin, inamın, etimadın nəticəsidir”.

 

Rektor qeyd edib ki, BMT-nin təşkil etdiyi bu ekoloji tədbirin əsas məqsədi dünya dövlətlərini, ekoloqlarını bir araya gətirməkdən, onların birgə fəaliyyət göstərmələrinə əlverişli şərait yaratmaqdan ibarətdir. Hazırda ətraf mühit, qlobal istiləşmə, havanın keyfiyyəti hamını narahat edən qlobal problemlərdəndir. Ona görə də hər bir ölkə bu cür qlobal məsələlərə öz töhfəsini verməlidir: “Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük entuziazmla apardığı ardıcıl və məqsədyönlü işlər təqdirəlayiqdir. Ölkəmiz qlobal səviyyədə iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verir. Ətraf mühitin qorunmasını, yaşıl enerji növlərinin yaradılmasını, onun dünya bazarına nəqlini prioritet olaraq qəbul edir. Belə ki, Azərbaycan sağlam gələcək, “Yaşıl dünya” naminə daim lazımi tədbirlər həyata keçirir, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir”.

 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbabətin aktual problemləri - 2024” elmi-praktik konqresini açıq elan edən rektor Gəray Gəraybəyli beynəlxalq tədbir çərçivəsində ATU-nun əməkdaşları ilə yanaşı, bir sıra ölkələrdən gəlmiş tanınmış alimlərin də çıxışlar edəcəyini diqqətə çatdırıb.

 

Tədbirdə iştirak edən səhiyyə nazirinin müavini İlqar Qasımov nazir Teymur Musayevin salamlarını toplantı iştirakçılarına çatdırıb və mayın 6-dan başlayıb 8-dək davam edəcək beynəlxalq konqresin işinə uğurlar arzulayıb.

 

Türkiyənin Yeditepe Universitetinin rekroru, professor Canan Aykut Bingölün videomüraciəti səsləndirildikdən sonra həmin universitetin Süni Mayalanma Mərkəzi, Qadın xəstəlikləri və doğum kafedrasının müdiri, professor Erkut Attar, Harran Universitetinin Ümumi cərrahiyyə və cərrahi onkologiya kafedrasının müdiri, Türk Cərrahi Dərnəyinin həmsədri, professor Ali Uzunköy, Memorial Ankara Xəstəxanasının Orqan transplantasiyası şöbəsinin müdiri, professor Acar Tüzüner, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin baş neyrocərrahı, Neyrocərrahiyyə Mərkəzinin direktoru, professor Qayrat Kariev çıxış edərək, beynəlxalq tədbirin möhtəşəm təşkilinə görə ATU-nun rəhbərliyinə minnətdarlıqlarını bildirib və rektor, professor Gəray Gəraybəyliyə xatirə hədiyyələri təqdim ediblər.

Açılış mərasimində musiqiyə də yer verilib. Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə Xalq artisti, Şöhrət ordenli professor Mənsum İbrahimovun ifasında Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımız və eləcə də türk dünyasının birliyindən bəhs edən mahnılar konqres iştirakçılarının alqışları ilə qarşılanıb.

 

Rəsmi hissənin ardınca tibbin müxtəlif sahələri üzrə plenar sessiyalarla start verilib.

 

 











Təhsil