Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib. Təltifetmə mərasimində idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Bu barədə XQ-yə BŞTİ-dən məlumat verilib.
Tədbirdə bildirilib ki, xalqın gələcəyi üçün layiqli vətəndaş, yüksək mədəniyyətə, intellektə sahib, hərtərəfli inkişaf etmiş şəxsiyyət məktəbdə yetişir və onları yetişdirən müəllimdir. Müəllimlərə göstərilən dövlət qayğısından söz açılıb, təhsilin dövlət siyasətinin əsas prioritetləri sırasına daxil edilməsi, Azərbaycan təhsil sisteminin ümumbəşəri dəyərlər, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılması məktəbə, müəllimə verilən ali dəyərin göstəricisi kimi səciyyələndirlib.
Mərasimdə çıxış edən təhsil işçiləri üzərlərinə düşən vəzifənin məsuliyyətindən söz açıb, bütün dövrlərdə bu şərəfli peşənin daşıyıcılarına böyük hörmət və ehtiram göstərildiyini vurğulayıblar. Diqqət və qayğıya görə təşəkkürlərini bildirən təhsil işçiləri bundan sonra da Azərbaycanın gələcəyi üçün layiqli vətəndaşlar yetişdirmək yolunda əzmlə çalışacaqlarını ifadə ediblər.
Sonra səmərəli fəaliyyətinə görə fərqlənən, 2023-cü ildə yubileyləri qeyd olunan təhsil işçilərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.