Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) yeni tədris ilinin başlanması münasibətilə keçirilən tədbir keçirilib, rektor İlham Mədətov “Bilik günü” münasibətilə tələbələri təbrik edib və uğurlar arzulayıb.
İ.Mədətov 2023-2024-cü tədris ili üzrə təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən 51 ali təhsil müəssisəsindən yalnız 6-da plan yerlərinin 100 faiz yerinə yetirdiyini, ATMU-nun da bu 6-lıqda qərarlaşdığını deyib.
Rektor ölkədə davamlı iqtisadi islahatlar sayəsində ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində diqqətçəkən addımlar atıldığını, təhsil sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu xüsusi vurğulayıb. Qeyd edilənləri təhsilə və təhsil işində aparıcı sima sayılan müəllimlərə hörmət və ehtiramın göstəricisi kimi dəyərləndirib: “Tələbələr müəllimlərin, müəllimlər də tələbələrin sevimlisi olsun”.
Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov tələbələrlə görüşündən məmnunluğunu bildirib. Turizm və qonaqpərvərlik fakültəsinin tərcümə ixtisasına yüksək balla qəbul olan Fidan İsrafilova sevincini tədbir iştirakçıları ilə bölüşüb.
Sonda yüksək balla qəbul olan tələbələrə gül dəstələri təqdim olunub.
Z.BƏŞİRQIZI
XQ


