Gəncədə ali təhsilli dəmiryolçular hazırlanacaq

post-img

Bu universitetin tarixində heç vaxt istehsalatla, sənaye ilə indiki qədər yaxınlıq olmayıb. Universitetin yeni rəhbərliyinin məqsədi öz məzunlarını müvafiq işlə təmin etmək, onların peşə seçməkdə yanılmadıqlarını əyani şəkildə göstərməkdən ibarətdir. Buna görə də ən müxtəlif peşəyönümlü sənaye müəssisələri ilə müntəzəm əlaqələr yaradılır, müqavilələr bağlanır, kadr hazırlamaq barədə öhdəliklər götürülür.

Söhbət Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetindən gedir.

Burada yeni tədris ilindən başlayar ilk dəfə dəmiryolçu ixtisasının açılması, bakalavr və magistr tədris planına dəmir yolu sahəsi ilə bağlı fənlərin də əlavə olunması onu göstərir ki, ali məktəb gənclərin daha çox arzuladıqları, maraq göstərdikləri peşələr üzrə kadr hazırlığına maraqlıdır. 

Tezliklə universitetdə ADY tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək.

Tələbələr Gəncə Dəmiryolu Vağzalı, Gəncə Yeni Lokomotiv Deposunda və stansiyalarda təcrübə proqramlarında iştirak edə biləcəklər.

Peşəkar dəmiryolçu olmaq istəyən gənclərə nəqliyyat mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisaslarını seçməyə imkan yaradılıb.

Qeyd edək ki, dəmiryolçu məzunlar gələcəkdə ADY-nin müxtəlif xidmət sahələrində çalışa biləcəklər.

Hamlet Qasımov,

“Xalq qəzeti”nin bölgə müxbiri

 







Təhsil