Sağlam qidalanma düzgün həyat tərzinin önəmli şərtidir
Sağlam həyat tərzinin önəmli şərtlərindən biri düzgün qidalanmaqdır. Lakin ən faydalı məhsullar da lazımi qaydada istifadə olunmadıqda təhlükə yarada bilər. Qida təhlükəsizliyi təkcə məhsulların təmizliyi və ya saxlanma şəraiti ilə bitmir, həm də onların tərkibinə, istehsal prosesindən tutmuş süfrəmizə qədər keçdiyi hər mərhələyə xüsusi diqqət yetirilməsini tələb edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına əsasən, dünyada hər il, təxminən, 600 milyon insan qida vasitəsilə ötürülən 200 növ xəstəlikdən əziyyət çəkir. Belə yoluxanlar arasında uşaqlar üstünlük təşkil edir. Məlumata görə, dünyada qida mənşəli xəstəliklərə tutulanlar ümumi əhalinin ondabirini təşkil edir. Bu isə hər il 420 min insanın həyatına son qoyur. Məhz beynəlxalq ictimaiyyətin diqqətini bu qlobal problemə yönəltmək məqsədilə hər il 7 iyun dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd edilir.
Müasir dövrdə sağlam yaşamaq istəyənlərin ilk üz tutduğu qidalar vitrinləri bəzəyən "dietik" və “şəkərsiz” etiketli məhsullardır. İlk baxışdan tamamilə zərərsiz və faydalı təsir bağışlayan bu qidalar, bəzən orqanizmdə ciddi fəsadlara yol açır. Mütəxəssislərin fikrincə, şəkərsiz tərkib almaq üçün məhsullara qatılan müxtəlif süni dadlandırıcılar və ya əlavə yağlar sağlamlığa təhlükə yaradır.
Uzun illərdir I tip diabetlə mübarizə aparan 34 yaşlı paytaxt sakini Leyla Məmmədova bu məhsulların yaratdığı fəsadları öz təcrübəsində yaşayanlardandır. Onun sözlərinə görə, ilkin dövrlərdə "şəkərsiz" yazılan məhsulları tamamilə təhlükəsiz zənn edirmiş:
– Xəstəliyimin ilk illərində mağazalarda üzərində “dietik” və ya “şəkərsiz” yazılan məhsulları görən kimi dərhal alırdım. Elə bilirdim ki, bunları rahatca yeyə bilərəm və qan şəkərim qalxmaz. Amma dəfələrlə belə şokoladları yedikdən sonra şəkərim kəskin yüksəldi və özümü çox pis hiss etdim. Həkimlə məsləhətləşəndə öyrəndim ki, məhsulun tərkibindəki karbohidrat miqdarı adi şokoladdan heç də az deyilmiş. Üstəlik, dadı qorumaq üçün yağ miqdarını o qədər artırırlar ki, insulin vursam da, qan şəkərinin aşağı düşməsi saatlarla çəkdi. O gündən bəri belə qidalardan uzaq dururam.
II tip diabet diaqnozu qoyulmuş 52 yaşlı Elnur Qasımov da bu cür qidaların həzm sistemində yaratdığı narahatlıqdan şikayətçidir. O, şəkərsiz məhsulların insanda arxayınlıq yaratdığını söylədi:
– Məndə şəkər bəlası yaşla bağlı ortaya çıxdı. Buna görə də çəki atmalı idim. Çayla içmək üçün xüsusi şəkərsiz peçenyelər almağa başladım. Bu məhsullar insanda yalançı bir təhlükəsizlik hissi yaradır. Elə zənn edirsən ki, şəkərsiz olduğu üçün çox yesən də ziyanı olmaz. Bu səbəbdən bir dəfəyə bir qutu yeyirdim. Nəticədə, həm qanımda şəkər qalxırdı, həm arıqlaya bilmirdim, həm də mədəmdə kəskin ağrılar və köp yaranırdı. Artıq o qidaları almıram. Şirin nəsə istəyəndə isə həkimin tövsiyyə etdiyi mövsümi meyvə yeyirəm, bilirəm ki, təbii qidadır.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “zero”, “dietik”, “light”, “yağsız” və “qlütensiz” etiketli məhsulların marketinq fəndi olduğunu söylədi:
– Son illərdə arıqlamaq istəyən və ya şəkərli diabet kimi xroniki xəstəliklərdən əziyyət çəkən insanlara bu növ qidalar təklif olunur. Sözügedən məhsulların kalorisi az olsa da, tərkibinin keyfiyyəti və sağlamlığa təsiri mütləq yoxlanılmalıdır. Əksər şəkərsiz məhsullarda istifadə edilən aspartam və sukraloza kimi kimyəvi qatqılar orqanizmə yaddır, onlar qaraciyər ilə böyrəyin funksiyasını pozur. Şirinləşdirici olaraq steviya kimi təbii vasitələrdən istifadə edilməsi isə daha təhlükəsizdir.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, bu maddələr qısa müddətdə öz fəsadlarını büruzə verməsə də, gündəlik və normadan artıq istehlak edildikdə (məsələn, 70 kiloqram çəkisi olan bir şəxsin gün ərzində 1 litrdən çox pəhriz içkisi qəbul etməsi) ciddi risk yaradır. Sağlam insanların bu cür pəhriz məhsullarına ehtiyacı yoxdur. Gün ərzində qadınların 20-25, kişilərin isə 30-35 qram şəkər tələbatı var. Bunu təbii qidalardan almaq daha faydalıdır.
Hər bir insan fərdi sağlamlıq vəziyyətini bilməli, reklamlara aldanmamalı və yalnız keyfiyyət nəzarətindən keçmiş, sertifikatlı məhsulları almalıdır. "Dietik" qidalar əvəzinə, təbii məhsullara üstünlük vermək və balansı düzgün tənzimləmək ən doğru yoldur. Çünki sağlamlığa dəyən zərəri bərpa etmək bəzən qeyri-mümkün olur. Kimyəvi qatqılar xüsusilə xroniki xəstələr, uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar üçün daha təhlükəlidir.
Mütəxəssis zəhərli kimyəvi qatqılar və nitratlarla zəngin olan texniki kartoflarla bağlı mövzuya toxunaraq bu məhsullardan uzaq durmağı tövsiyə etdi:
Texniki kartoflar qida üçün deyil, nişasta, spirt və heyvan yemi istehsalı üçün yetişdirilir. Onların becərilməsində yüksək məhsuldarlıq məqsədilə normadan çox kimyəvi maddə, pestisid, herbisid və nitrat istifadə olunur, sağlamlıq faktoru isə nəzərə alınmır. Bu səbəbdən belə kartofların davamlı qəbulu orqanizmdə ağır metalların yığılmasına, qaraciyər və böyrəyin zədələnməsinə yol açır.
Kartof seçərkən həddindən artıq iri, deformasiyaya uğramış, çıxıntıları olan və şişkin məhsullardan uzaq durmaq lazımdır. Həmçinin qabığın kobud, sərt və qalın olması, üzərində, yaxud qabıq altında zəhərli solanin maddəsinin göstəricisi sayılan yaşıl rəngin və çoxlu cücərtilərin mövcudluğu məhsulun təhlükəli olduğundan xəbər verir. Belə kartofları istehlak etdikdən sonra ürəkbulanma, başgicəllənmə və ağızda acı dad kimi hallar yaranarsa, 24 saatdan artıq davam edərsə, mütləq həkimə müraciət olunmalıdır.
Mövsümi, orta ölçülü, hamar və eyni rəng tonuna malik məhsullara üstünlük verilməlidir. Ev şəraitində isə onlar günəş şüası düşməyən, sərin və qaranlıq yerdə saxlanılmalıdır. Kartofu digər meyvə-tərəvəzlərlə yan-yana qoymaq olmaz, çünki onların ifraz etdiyi bəzi maddələr səbəbindən kartof tez xarab olur.
Ümumiyyətlə, ərzaq alarkən mütləq keyfiyyətli, mənşəyi bəlli olan məhsullara üstünlük vermək və etibarlı satış nöqtələrindən yararlanmaq lazımdır. Azad bazar iqtisadiyyatının inkişafına dəstək məqsədilə sahibkarlara geniş şərait yaradılsa da, bəziləri insan sağlamlığını deyil, şəxsi mənafelərini ön plana çəkirlər. Bu səbəbdən qida üçün yararsız və keyfiyyətsiz məhsullar satışa çıxarılır. Dövlət nəzarəti olan satış məntəqələrində isə bu kimi problemlərlə rast gəlinmir.
Müsahibimiz tez xarab olan qidaların “soyuq zəncir” və gigiyena qaydalarına uyğun qorunmasının vacibliyini vurğuladı. O, zəhərlənmələrin qarşısını almaq üçün evdə və satış obyektlərində davamlı nəzarətin, maarifləndirmənin zəruriliyini də söylədi:
– Bəzi qidalar var ki, bunlar yüksək risk qrupuna aiddir və xüsusilə yuxarı temperaturda tez xarab olmağa meyillidir. Ona görə də yay mövsümündə həmin qidalatı mütləq “soyuq zəncir” prinsipinə əsasən saxlamaq lazımdır. Bura daha çox süd, ət və dəniz məhsulları, tərkibində yumurta olan qidalar, kremli şirniyyatlar, həmçinin ev üsulu ilə hazırlanmış qarışıq salatlar, kəsilmiş və doğranmış meyvələr daxildir.
Bu məhsulları həm evdə saxlayarkən, həm də satış məntəqələrindən alarkən təzə olmasına, 2–4 dərəcə temperaturda qorunmasına diqqət yetirilməlidir. Əgər bu qidaları düzgün şəkildə mühafizə etmək imkanı yoxdursa, az miqdarda alınması tövsiyə olunur.
Mətbəxlərdə tez-tez rast gəlinən səhvlərdən biri çiy məhsullarla bişmiş hazır qidaların eyni yerdə saxlanılması və ya eyni doğrama lövhələrində kəsilməsidir ki, bu da çarpaz çirklənməyə səbəb olur. Ona görə də həm supermarketlərdə, həm də ictimai iaşə obyektlərində işçi heyətin maarifləndirilməsi və təlimatlandırılması ilə yanaşı, mütəmadi nəzarət tədbirlərinin keçirilməsi olduqca vacibdir.
Bişirilmiş hazır məhsulları otaq temperaturunda iki saatdan çox saxlamaq olmaz, mütləq soyuducuya yerləşdirilməlidir. Hər bir məhsul özünəuyğun qablaşdırılmalıdır. Qidaların hazırlanması və saxlanılması zamanı sanitar-gigiyena qaydalarına əməl olunması mühüm şərtdir. Yay mövsümündə müxtəlif meyvələrin bolluğunu nəzərə alsaq, onların bəzən yuyulmadan və ya yaxşı təmizlənmədən yeyilməsi ciddi sağlamlıq fəsadlarına yol aça bilər. Bu məqamda da maksimum diqqətli olmaq lazımdır.
Göründüyü kimi, sağlamlığın və uzunömürlülüyün sirri süfrəmizdə daim təbii, keyfiyyətli və mənşəyi bəlli qidalara üstünlük verməkdir. Orqanizmimizin fərdi ehtiyaclarını təbii məhsullarla qarşılamaq və eyni zamanda qida təhlükəsizliyi qaydalarına ciddi riayət etmək sağlamlığımızı qorumağın ən doğru yoludur. Unutmayaq ki, səhhətimizə dəyən zərərin bərpası bəzən mümkün olmur. Deməli, sağlamlığımızı qorumaq öz əlimizdədir.
Elenora HƏSƏNOVA
XQ


