Təqsir santexnikadadır, yoxsa suda?

post-img

Deyəsən, hər ikisi əhalini ziyana salır

Son illər ölkədə yaşayış binalarının sayı sürətlə çoxalıb. Xüsusilə Bakı və Abşeron ərazisində çoxmərtəbəli yaşayış kompleksləri geniş miqyas alıb. Yeni mənzil almaq arzusu ilə yaşayan vətəndaşların əsas məqsədi isə hər zaman rahat, təhlükəsiz və əlverişli yaşayış şəraiti əldə etmək olub. Lakin mənzilə köçən kimi üzə çıxan problemlər nəticəsində bu gözləntilər tez bir zamanda xəyala çevrilir. Bu çətinliklər arasında ən çox üzləşilən narahatlıqlardan biri santexnika avadanlıqlarının qısa müddətdə sıradan çıxması, kranların tutulması, suyun bulanıq gəlməsi və boru xətlərində çöküntü yaranması ilə bağlıdır.

Maraqlıdır ki, vətəndaşların şikayətləri təkcə ucuz santexnika məhsullarının keyfiyyətsizliyi ilə diqqət çəkmir. Bir çox hallarda, hətta İtaliya və Almaniya kimi ölkələrdən idxal edilən, yüksək keyfiyyətli hesab olunan bu avadanlıqlar belə gözlənilən istismar müddətini tamamlamadan sıradan çıxır. Bu isə problemi daha geniş çərçivədə araşdırmağı zəruri edir.

Mənzil eksperti Qulu Ağalarovun fikrincə, məsələ iki əsas çətinliyin üst-üstə düşməsi, yəni bazarda saxta santexnika məhsullarının satılması və binalara verilən suyun keyfiyyətindəki problemlərlə bağlıdır. Yeri gəlmişkən, Azərbaycanda ən keyfiyyətli santexnika məhsulları, əsasən Avropadan, xüsusilə də İtaliya və Almaniyadan idxal olunur. Bu avadanlıqlar uzunömürlüyü, texnoloji yenilikləri, estetik görünüşü və dəqiq mexanizmləri ilə seçilir. Avropa istehsalı olan kranlar, duş sistemləri, unitaz mexanizmləri, suqarışdırıcıları və digər avadanlıqlar, adətən, beynəlxalq standartlara uyğun istehsal edilir və uzun illər problemsiz istismarı nəzərdə tutulur.

Lakin qiymət amili hər zaman həlledici olur. Bu məhsulların baha satılması əhalinin müəyyən hissəsini daha ucuz alternativlərə yönəldir. Bununla da bazarda sertifikatsız, saxta və kustar üsulla hazırlanan məhsulların alıcıları getdikcə çoxalır. Mütəxəssislərin fikrincə, saxta santexnika məhsulları əsasən Çin, Türkiyə və Rusiyadan gətirilir. Bu avadanlıqlar orijinal brendlərin adını təqlid edir, bəzən qablaşdırması belə eyniliyi ilə diqqət çəkir, lakin istehsal materialı və texnologiyası standartlardan çox uzaq olur.

Saxta məhsulların metal tərkibi keyfiyyətsizliyi ilə seçilir, paslanmaya qarşı qoruyucu örtüyü zəif olur, rezin və plastik hissələri tez bir zamanda sıradan çıxır, mexanizmləri isə dəqiqlik tələb edən sistemlərə uyğun gəlmir.

Bu səbəbdən də vətəndaş quraşdırmadan qısa müddət sonra kranın sızması, suyun düzgün tənzimlənməməsi, duş başlıqlarının tutulması, unitaz mexanizmlərinin işləməməsi kimi problemlərlə qarşılaşır. Nəticədə “ucuz məhsul” sakinə daha baha başa gəlir. Lakin məsələ yalnız saxta məhsulla məhdudlaşmır. Çünki bəzi hallarda orijinal məhsul alan vətəndaşlar da eyni problemlərlə üzləşirlər. Bu zaman sual yaranır: Bəs günah yalnız bazardadırmı?

Su kranı necə “yeyir”?

Mənzil eksperti Həsən Hüseynov sualın cavabı ilə bağlı bildirdi ki, santexnika avadanlıqlarının uzunömürlü olması üçün təkcə məhsulun keyfiyyəti kifayət etmir. Əsas şərtlərdən biri də mənzillərə verilən suyun standartlara uyğun gəlməsidir. Belə ki, suyun keyfiyyəti aşağı olduqda, xüsusilə də onun tərkibində qum və palçıq hissəcikləri, pas və metal qalıqları, çöküntü, əhənglənmə yaradan maddələr və mikroorqanizmlər nəzərə çarpdıqca, bu, santexnika sistemlərinin mexanizmini qısa müddətdə sıradan çıxara bilir.

Vətəndaşların ən çox şikayət etdiyi problemlərdən biri də məhz suyun bəzən bulanıq gəlməsi, onun içində çöküntü görünməsi və qabların dibində lil qatının əmələ gəlməsidir. Bu hal xüsusilə səhər saatlarında və ya suyun kəsilib yenidən verildiyi zaman daha çox müşahidə olunur. Aparılan analizlər nəticəsində maraqlı fakt üzə çıxır: su, ümumilikdə, şəhər şəbəkəsində və mənzil-tikinti kooperativlərinə qədər məsafədə normal olur, lakin mənzildə keyfiyyətlə bağlı kənara çıxmalar baş verir. Bu isə problemin məhz binadaxili sistemlə əlaqəli olduğunu göstərir.

Yeri gəlmişkən, Bakı şəhərində 2 mindən çox mənzil-tikinti kooperativinin fəaliyyət göstərdiyi bildirilir. Bu kooperativlər binaların idarə olunması, kommunal sistemlərin saxlanılması, su təchizatı qurğularının istismarı və texniki xidmət işlərinə cavabdehdir.

Çoxmərtəbəli binalarda, eyni zamanda, suyun təzyiqini tənzimləmək üçün su çənlərindən istifadə edilir. Bu çənlər demək olar ki, “aralıq anbar” rolunu oynayır. Lakin problem ondadır ki, çənlər vaxtında yuyulmadıqda onların dibinə çöküntü yığılır. Bu çöküntünün tərkibində isə qum, palçıq, pas qalıqları, hətta mikrobioloji çirklənmə elementləri olur.

Bütün bunlarla yanaşı, su çəni düzgün istismar olunmadıqda, xüsusilə də suyun səviyyəsi həddindən artıq aşağı salındıqda onun dibindəki çöküntü suya qarışır. Nəticədə su pompaları çirkli suyu birbaşa mənzillərə ötürür. Bu zaman vətəndaş kranı açanda su bir neçə saat və ya bir neçə dəqiqə ərzində palçıqlı, bulanıq formada gəlir. Problemin 24 saat davam etməməsi isə onun məhz çənlərdən qaynaqlandığını təsdiqləyir.

Şəbəkənin “kor nöqtələr”i

Ekspertlərin fikrincə, suyun içindəki çöküntü yalnız bir dəfə mənzilə daxil olmaqla bitmir. Çünki bu çirkli hissəciklər binanın kommunikasiya sistemində “kor nöqtələr”də yığılıb qalır. Bu nöqtələr, adətən, boruların dönmə hissələrində, təzyiq tənzimləyici mexanizmlər və bəzi birləşmə yerlərində olur. Zaman keçdikcə isə çöküntü yığılması boru diametrini daraldır, suyun təzyiqini azaldır, filtr sistemlərini sıradan çıxarır, kran və duş başlıqlarını tutur, santexnika mexanizmlərini cızır və aşındırır. Nəticədə sakin tez-tez usta çağırmalı olur, boruların açılması üçün əlavə xərc çəkir, bəzi hallarda isə ümumi təmirə ehtiyac yaranır.

Suyun keyfiyyətsizliyi dedikdə təkcə palçıq və çöküntü nəzərdə tutulmur. Suyun sərtliyi də yaşanan problemi dərinləşdirir. Belə ki, bu cür suyun tərkibində kalsium və maqnezium duzları yüksək olur, zamanla santexnika avadanlıqlarının daxilində əhəng qatı yaradır. Bunun nəticəsində kranların iç mexanizmi tutulur, kartuşlar sıradan çıxır, duş sistemləri zəifləyir, su qızdırıcıları və kombilər istismar müddətini daha tez başa vurur, eləcə də boruların içi daralır.

Bu isə həm mənzil sahibləri, həm də bina sakinləri üçün əlavə xərc və narahatlıq deməkdir. Sərt su xüsusilə bahalı avadanlıqlara daha tez təsir göstərir, çünki bu avadanlıqlar dəqiq mexanizmlər üzərində qurulduğundan kiçik çöküntü belə onların işləmə qabiliyyətini azaldır. Bu cür vəziyyətdə yaranan mənzərə göstərir ki, vətəndaş santexnika probleminə görə ikiqat ziyana düşür.

Əvvəla, bazarda saxta məhsullar geniş yayıldığı üçün sakinin aldığı ucuz məhsul tez sıradan çıxır. İkincisi, hətta keyfiyyətli məhsul aldıqda belə suyun çirkli olması onun istismar müddətini azaldır. Nəticədə, vətəndaş tez-tez avadanlıq dəyişir, usta xərcləri çəkir, mənzildə yenidən təmir aparır və əlavə filtr sistemləri quraşdırmağa məcbur qalır. Bu vəziyyət isə ailə büdcəsinə ciddi təsir göstərir.

Su çənlərinin təmizlənməsi məsələsinə gəldukdə isə ekspertlər bildirirlər ki, bu, dövlət standartlarında əksini tapır. Lakin bir sıra hallarda kooperativlər bu tələblərə əməl etmir. Səbəb isə bəzən laqeydlik, bəzən isə xərclərdən yayınmaqla bağlı olur. Halbuki su çənlərinin vaxtında yuyulması həm sanitar təhlükəsizlik, həm də mənzillərin avadanlıqlarının qorunması baxımından zəruri sayılır.

Bu gün suyun çirklənməsi texniki problem olmaqla bərabər, həm də ictimai sağlamlıq məsələsidir. Çünki çirkli su həm məişət avadanlıqlarını sıradan çıxarır, həm də insan sağlamlığı üçün ciddi narahatlıq yaradır. Bəs həll yolu nədir? Ekspert Nadir Zeynalovun qənaətincə, problemin həlli üçün bir neçə istiqamətdə tədbirlərin həyata keçirilməsi zəruridir. İlk növbədə, kooperativlər üçün su çənlərinin mütəmadi təmizlənməsi məcburi qaydada nəzarətə götürülməli, bu proses formal yox, real icra olunmalıdır.

Bundan başqa, bazarda saxta məhsullara qarşı mübarizə gücləndirilməli, sertifikatsız santexnika məhsullarının idxalı və satışı ciddi nəzarətdə saxlanılmalı, istehlakçının aldadılmasının qarşısı alınmalıdır. Eyni zamanda, maarifləndirmə yolu ilə insanlara ucuz məhsulun qısa müddətdə daha baha başa gəldiyi və keyfiyyətli avadanlıq seçməyin uzunmüddətli iqtisadi baxımdan daha sərfəli olduğu anladılmalıdır. Nəhayət, bina girişlərində filtr sistemlərinin tətbiqi diqqət mərkəzində saxlanılmalıdır. Belə halda çöküntülərin mənzillərə daxil olması minimuma enə bilər.

Beləliklə, hazırda ölkədə santexnika avadanlıqlarının tez-tez sıradan çıxması təkcə ucuz və saxta məhsulların bazarda yayılması ilə bağlı deyil. Bu, həm də mənzillərə verilən suyun keyfiyyəti ilə əlaqədardır. Belə ki, əgər bina daxilində su çənləri vaxtında təmizlənmirsə, çöküntü yığılırsa və su pompaları həmin çöküntünü mənzillərə ötürürsə, deməli, bu, istənilən santexnika avadanlığının ömrünü də qısaldır. Nəticədə problem bir tərəfdən istehlak bazarında saxta məhsulların getdikcə artması, digər tərəfdən isə kooperativlərin məsuliyyətsiz idarəçiliyi ilə daha da dərinləşir. Vətəndaş isə nəticədə həm pulunu, həm də rahat yaşayış şəraitini itirir. Buna görə də şəhər infrastrukturunda, bina idarəçiliyində və istehlak bazarında daha sərt nəzarət mexanizmləri tətbiq edilməlidir.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

Dövlət qurumunun anbarlarında saxlanılan suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. Mən suyun təmizlənməsi, saxlanması ilə bağlı respublikanın sutəmizləyici qurğularında monitorinq keçirərək vəziyyətin normal olduğu qənaətinə gəlmişəm. Bu fikrin təsdiqi olaraq qeyd edim ki, içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif mərhələlərdə ciddi nəzarət olunur.

Tәhlükәsizliyə vә keyfiyyәtә nәzarәt su mənbələrində aparılan laborator müayinələr ilə başlanır. İl ərzində toplanaraq analiz edilən monitorinq nöqtələri və bununla bağlı müvafiq göstəricilər haqqında məlumatlar dövlət standartının tələblərinə uyğun gəldiyi təsdiqlənir. Su nümunələri müxtəlif nöqtələrdən – mərkəzi və məhəllədaxili su anbarları, magistral boru xətləri və paylayıcı şəbəkələr, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə və digər obyektlərdən götürülür. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin müvafiq qurumu yerinə yetirir.

Önəmli olan hal isə normal infrastrukturun yaradılmasıdır. Nə qədər ki, suötürücü boruların dəyişdirilməsinə başlanılmayıb, bu hadisələr yez-tez yaşanacaq. Bu vəziyyətdən istifadə edən su filtrçiləri isə guya evlərdə monitorinq keçirir və heç bir sertifikatı olmayan, saxta yollarla düzəltdikləri qurğuları sakinlərə satırlar.

Yeri gəlmişkən, hazırda Bakı şəhəri və Abşeron yarımadasında yaranan tullantı suları bioloji üsullarla Hövsan, Buzovna, Mərdəkan-Şüvəlan və mexaniki üsul ilə isə Sahil, Zığ təmizləyici qurğularında təmizləndikdən sonra Xəzər dənizinə, regionlarda isə 26 sayda bioloji və 4 sayda mexaniki üsulla təmizləyici qurğularında təmizləndikdən sonra müxtəlif su obyektlərinə axıdılır. Adıçəkilən bioloji üsullarla təmizləmə aparan qurğuların hər birində təmizləmə prosesinə nəzarət etmək üçün istehsalat laboratoriyaları fəaliyyət göstərir. Təmizlənmiş tullantı sularının tərkibində zərərli və çirkləndirici maddələrinin yolverilən qatılıq hədləri müvafiq dövlət standartına əsasən tənzimlənir.

Mənzillərə paylanılan suda problem olmasına gəldikdə isə bunun əsas səbəbi yeni çoxmərtəbəli tikililərin su anbarlarında yığılıb saxlanılan və sonradan mənzillərə paylanılan həmin suyun keyfiyyətsizliyi ilə bağlıdır. Hətta bizdə olan məlumatlara görə, bu anbarlar vaxtlı-vaxtında təmizlənmədiyindən suyun içində ölmüş həşəratlar belə nəzərə çarpır. Mən yeni binalarda yaşayan sakinlərə tövsiyə edirəm ki, vaxtaşırı həmin su anbarlarına nəzarət etsinlər və heç olmasa, ildə bir dəfə təmizlənməsinə nail olsunlar.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat