Azərbaycan alimi Daşkənddə Xarəzm dastançılıq məktəbinə dair məruzə edib

post-img

Özbəkistan Elmlər Akademiyası, Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universiteti, Türk Kültürü Araşdırmaları İnstitutu, Ege Universiteti, AMEA Folklor İnstitutu, Ankara Hacı Bayram Vəli Universiteti,TÜRKSOY və digər elmi və ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə görkəmli folklorşünas alim, əməkdar elm xadimi, akademik Törə Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş “Türk xalqlarının folklorunun müqayisəli tədqiqi: yerli xüsusiyyətlər və elmi-nəzəri yanaşmalar” adlı III Beynəlxalq Simpozium keçirilib.

Özbəkistan Elmlər Akademiyasında küçirilən tədbirdə “Özbəkistandan əlavə  Azərbaycan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, və Koreyadan gələn 200-dən çox alim iştirak edib, 204 elmi məruzə dinlənilib.

Simpozium çərçivəsində “Alpamış”, “Qorqud Ata”, “Saqibülbül”, “Koroğlu”, “Malika Ayyar”, “Kuntugmuş” və “Aşıq Qərib” və başqa tematik bölmələr üzrə məruzələr dinlənilib.

Tədbirdə Azərbaycanı AMEA Folklor İnstitutunun dosenti, Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova təmsil edib. O, “Xarəzm dastançılıq məktəbinin timsalında özbək dastançılıq məktəbinin özünəməxsus xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Xarəzm baxşı ifaçılığı təşəkkülünün dastan janrının formalaşması prosesi ilə üzvi şəkildə bağlı olduğu elmi əsaslarla izah edilib, qədim mədəniyyət ocaqlarından biri hesab edilən Xarəzm bölgəsində bu sənətin yaranması və inkişaf mərhələləri təhlil olunub. Bununla yanaşı, Xarəzm vilayətində  fəaliyyət göstərən və baxşı ənənəsində yüksək status qazanan Aşıq Aydın haqqında qaynaqlara əsaslanan məlumatların bu günədək qorunub saxlanıldığı diqqətə çatdırılıb. Aşıq Aydınla  bağlı dastan nümunələri və onların tarixi-genetik xüsusiyyətləri elmi kontekstdə sistemli şəkildə şərh edilib. Tədbir çərçivəsində Özbəkistanın və digər türk dövlətlərinin baxşı məktəblərinin nümayəndələrinin ifaları da dinlənilib.

Aynur İbrahimova simpoziumun “Qorqud Ata” bölümündə moderator kimi də çıxış edib.

Tədbir çərçivəsində Törə Mirzəyevin üçcildlik əsərlərinin təqdimatı  baş tutub. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 







Sosial həyat