İçərişəhərin Qala divarında baş verən qopma operativ şəkildə aradan qaldırılır
İçərişəhər, sadəcə, Azərbaycan paytaxtının daş yaddaşı, bənzərsiz şarmı, qədim ərazisi, keçmişlə müasirliyin vəhdəti, xarici turistlərin, yüksək çinli qonaqların mütləq baş çəkdikləri məkan deyil, həm də Bakının ruhudur. Buranın əyri-dolanbac küçələrinin hər qarışı, Qala divarının hər kərpici bizə tarixdən söz açır, keçmişi unutmamağı xatırladır. Paytaxtın açıq səma altındakı bu əsrarəngiz muzeyi dövlətin daim diqqət və qayğısı altındadır.
Amma insanın qarşısında acız qaldığı təbii fəlakət – sel, daşqın yerin, tikilinin qədimliyinə, müasirliyinə baxmır. Son 10-15 gündə ölkə ərazisində olduğu kimi, paytaxtda da müşahidə olunan, doluya, selə, daşqına, çevrilən, torpaq sürüşmələri yaradan intensiv yağışlar İçərişəhərin Qala divarına da təsirsiz ötüşməyib. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məlumatında deyilir ki, Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı dərhal operativ tədbirlər görülür. Məlumatda o da qeyd olunur ki, hazırda əraziyə yüksəkixtisaslı mütəxəssislər cəlb olunub.
Dəvət olunan bərpaçılar qrupu uzun illər beynəlxalq təcrübəyə malik olmaqla yanaşı, Azərbaycanda bir sıra mühüm tarixi abidələrin təmir-bərpasında iştirak edib. Onların həyata keçirdiyi layihələr sırasında Qız qalası, Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı Kompleksi və digər mühüm abidələr var. Mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlılığını təmin etməyə yönəlib.
Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək. Təqdirəlayiq haldır ki, bu yanaşma bundan əvvəl İçərişəhər ərazisində həyata keçirilən digər bərpa layihələrində uğurla tətbiq olunub. Burada əsas meyar aparılan təmir-bərpa işlərinin uzunmüddətli qorumaya və davamlılıq prinsipinə əsaslanmasıdır. Yəni qısamüddətli kosmetik müdaxilələrə yol verilməməlidir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin açıqlamasında bildirilir ki, ölkəmizin ən mühüm tarixi-mədəni irs nümunələrindən sayılan Qala divarlarının qorunması həmişə prioritet vəzifə olub. Son illər həmin abidələrdə mərhələli bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilib. Məlumatda o da qeyd olunur ki, aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsinə ehtiyac olmayıb. Aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız yağıntılar nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir. Hazırda bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə aparılır.
Yeri gəlmişkən, qədim memarlıq incilərindən sayılan Qız qalasının orijinallığının qorunub saxlanması məsələsinə həmişə xüsusi diqqət və həssaslıqla yanaşılıb. Vaxtaşırı tələb olunan bərpa işləri beynəlxalq standartlara uyğun şəkildə aparılıb. Buna misal olaraq, 2011-2013-cü illərdə Almaniyanın “Remmers” şirkətinin iştirakı ilə əsaslı bərpa və konservasiya işlərini göstərmək olar. Böyük təcrübəyə, sahənin səriştəli mütəxəssislərinə malik bu şirkət Bakının Məhəmməd – Sınıqqala məscidində konservasiya işləri aparıb, Parisdə Notterdam, Kölndə Köln qalalarının bərpa işlərini yüksək peşəkarlıqla yerinə yetirib.
Oxucuların nəzərinə çatdıraq ki, dünya təcrübəsində tarixi qala divarlarının və antik konstruksiyaların bu cür qəfil deformasiyası hallarına tez-tez rast gəlinir. Xüsusilə iqlim dəyişikliyi, seysmik aktivlik səbəbindən Avropanın və Asiyanın qədim şəhərlərində oxşar vəziyyətlər müşahidə olunub. Açıq səma altındakı qədim tikililərin təbii fəlakətlərdən qorunması, yaxud bərpası isə ayrıca yanaşma tələb edir.
Azərbaycan dövləti tarixin müəyyən məqamlarını özündə əks etdirən abidələrin qorunmasında, bərpasında, onların gələcək nəsillərə çatdırılmasında zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı mütəmadi addımlar atır. Ölkə başçısı İlham Əliyevin qayğı və diqqəti nəticəsində paytaxtda və bölgələrdə bir tərəfdən yeni, müasir abidələr ucaldılır, memarlıq kompleksləri yaradılır, digər tərəfdən tarixi abidələr, qədim binalar bərpa olunur, onlar özlərinin ikinci ömrünü yaşayır.
...Bəli, İçərişəhər açıq səma altında bir muzeydir. Bu muzeyin göz bəbəyi kimi qorunması, təmir-bərpası və abadlaşdırılması müntəzəm xarakter almalıdır. Mütəxəssislərin qənaətinə görə, tarixi abidələrin yağışın, qarın, dəyişkən iqlim şəraitinin təsirlərindən aşınmaya məruz qalmaları təbii prosesdir. Onu da bildirirlər ki, qədim memarlıq incilərinin “düşmənlərindən” biri də maşınların atmosferə buraxdığı zəhərli qaz, tüstüdür. Bakıda isə maşınlar durmadan çoxalır. Bu isə təbii fəlakətin ayağına yazılmayan, insan amilinə bağlı məsələdir...
İ.HƏSƏNQALA
XQ


