Cənubi Qafqazda geosiyasi və iqtisadi balansı köklü şəkildə dəyişdirmə potensialına malik TRIPP layihəsi regionda yeni mərhələnin əsas müzakirə mövzusuna çevrilib. ABŞ Administrasiyası bu layihəyə sadiqliyini növbəti dəfə təsdiqləyərək, onu regionun yeni strateji arxitekturasının formalaşmasına xidmət edən prioritet təşəbbüs kimi təqdim edib.
ABŞ Dövlət Departamentinin “Armenpress” agentliyinə verdiyi son açıqlama göstərir ki, Prezident Donald Trampın rəhbərlik etdiyi Vaşinqton administrasiyası Cənubi Qafqazda maraqlarını real iqtisadi-infrastruktur layihələri və birbaşa investisiya alətləri vasitəsilə təmin edir: “Bu layihə Vaşinqton üçün əsas prioritetlərdən biri olaraq qalır, çünki Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülh və rifaha kömək etmək potensialına malikdir”. Bildirilib ki, TRIPP nəqliyyat dəhlizi iqtisadi artım imkanlarını genişləndirərək regionda fasiləsiz beynəlxalq və daxili əlaqəni təmin edəcək.
Dövlət Departamentinin açıqlamasında proqramın strateji hədəfləri Ermənistan və Azərbaycanın rifahı ilə yanaşı, həm də qlobal iqtisadi maraqlarla əsaslandırılır: “TRIPP-in son məqsədi region ölkələrinin təhlükəsizliyini möhkəmləndirmək, regional ticarət hesabına ABŞ-ın ticarət imkanlarını genişləndirmək, həmçinin Mərkəzi Asiya və Xəzər regionundan Avropaya yeni tranzit marşrutları yaratmaqdır”.
ABŞ-ın layihəyə ilkin olaraq 145 milyon dollar vəsait ayırması proqramın siyasi bəyanat mərhələsindən konkret icra fazasına keçdiyini göstərən ciddi siqnaldır. Bu vəsait infrastrukturun modernləşdirilməsi, qlobal logistik zəncirlərin qurulması və sərhəd təhlükəsizliyi sistemlərinin ən müasir texnologiyalara uyğunlaşdırılmasına yönəlmiş real investisiya alətidir. Bu nəhəng geosiyasi layihənin mərkəzində dayanan həlledici aktor, şübhəsiz ki, Azərbaycandır. Layihənin reallaşması Bakının uzun illərdir ən mühüm strateji prioriteti olan Naxçıvan eksklavı ilə birbaşa və maneəsiz əlaqənin beynəlxalq səviyyədə hüquqi və praktiki təmin olunması deməkdir. Azərbaycanın tranzit və kommunikasiya maraqlarının sistemli şəkildə nəzərə alınması rəsmi Bakını Avrasiyanın yeni nəqliyyat arxitekturasının aparıcı oyunçusuna çevirir. Beləliklə, Azərbaycan Avrasiya nəqliyyat xəritəsində əvəzolunmaz qovşaq kimi mövqeyini daha da möhkəmləndirir ki, bu da qeyri-neft sektorunun, xüsusilə logistika və tranzit xidmətlərinin inkişafına mühüm töhfə verir. Ölkəmiz bu layihənin tezliklə reallaşmasının tərəfdarıdır və Dövlət Departamentinin son açıqlaması gələcəyə ümidlər verir.
Vaşinqtonun prosesdə fəal iştirakı Bakının irəli sürdüyü nəqliyyat gündəliyinin beynəlxalq səviyyədə legitimləşməsinə şərait yaradır və Azərbaycanın diplomatik təsir imkanlarını genişləndirir. Baxmayaraq ki, layihənin icrası üçün idarəedici mexanizmlərin detalları gələcək mərhələdə həlledici rol oynayacaq, istənilən halda TRIPP layihəsi Azərbaycanın regional güc kimi mövqeyini sarsılmaz edən strateji təşəbbüsdür. Bu layihə həm Naxçıvan bağlantısı məsələsini reallaşdırır, həm də Azərbaycanın Cənubi Qafqaz və Avrasiya məkanında əsas tranzit mərkəzlərdən birinə çevrilməsi prosesini sürətləndirir.
Yada salaq ki, strateji hədəfləri daha geniş coğrafi arealı əhatə edən bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin bilavasitə iştirakı ilə imzaladıqları tarixi 7 bəndlik Birgə Bəyannaməyə əsaslanır. Həmin sənədin mərkəzi bəndi olan Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik “Tramp marşrutu” hissəsinin işə salınması və paralel olaraq sülh sazişinin paraf edilməsi regionda sülhün artıq real iqtisadi fundamentlər üzərində qurulduğunu nümayiş etdirir. TRIPP-in mühüm elementlərindən biri də Azərbaycanın regional inteqrasiyada artan roludur. Layihə çərçivəsində qarşılıqlı ticarət və tranzit axınlarının genişlənməsi, Azərbaycan tərəfindən Ermənistana yanacaq satışı və tranzit rejimlərinin tətbiqi regional iqtisadi əlaqələri yeni mərhələyə keçirir.
Eyni zamanda, TRIPP layihəsinə regional maraq da genişlənməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Qazaxıstan da daxil olmaqla bir sıra ölkələr bu təşəbbüsə maraq göstərir: “Qazaxıstan bu mövzuya maraq göstərən yeganə ölkə deyil. Bu proses açıq şəkildə gedir və biz onu tərəfdaşlarımızdan gizlətmək niyyətində deyilik. Təbii ki, biz Qazaxıstanı Ermənistan üzərindən keçən tranzit marşrutlardan istifadə etməyə dəvət etməliyik ki, onlar bu marşrutları ixrac-idxal əməliyyatları və təqdim olunan nəqliyyat xidmətləri zəncirində nəzərdən keçirsinlər”.
Xüsusilə Qazaxıstanın TRIPP layihəsinə marağı diqqət çəkir. Astana bu marşrutu Mərkəzi Asiya ilə Avropa arasında yeni və alternativ logistika xətti kimi dəyərləndirir. Qazaxıstanın layihəyə qoşulma marağı onun Xəzər hövzəsi üzərindən tranzit imkanlarını genişləndirmək və beynəlxalq nəqliyyat şəbəkələrində rolunu artırmaq strategiyası ilə üst-üstə düşür. Bu isə TRIPP-in təkcə Cənubi Qafqaz deyil, daha geniş Avrasiya məkanını əhatə edən qlobal layihəyə çevrilməsi ehtimalını gücləndirir.
Bəzi analitiklər hesab edirdilər ki, Yaxın Şərqdə genişmiqyaslı böhran ABŞ-ın diqqətini TRIPP kimi infrastruktur layihələrindən uzaqlaşdıra bilər. Lakin Dövlət Departamentinin son açıqlaması bu şübhələrin əsassız olduğunu və Vaşinqtonun regiona baxışının konyunktur dəyişikliklərdən asılı olmadığını bir daha təsdiqlədi. ABŞ xarici siyasət idarəsinin TRIPP proqramına sadiqliyini yenidən vurğulaması göstərir ki, bu layihə, sadəcə, yerli bir təşəbbüs deyil, ABŞ-ın qlobal enerji və logistika təhlükəsizliyi strategiyasının ayrılmaz hissəsidir. Beləliklə, İranla münasibətlərdəki gərginliyə rəğmən, Vaşinqtonun Cənubi Qafqazdakı “iqtisadi və infrastruktur sülh” planı prioritetliyini qoruyur və Azərbaycanın bu layihədəki mərkəzi rolu daha da möhkəmlənir.
Bununla bağlı Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Mahir Zeynalov XQ-yə bildirdi ki, layihənin icra çərçivəsində təsbit olunmuş “Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsinin yaradılması” bəndi rəsmi Bakının illərdir müdafiə etdiyi fundamental prinsipin – Naxçıvanla birbaşa və maneəsiz gediş-gəliş tələbinin beynəlxalq müstəvidə tanınmasıdır: “İnfrastrukturun Qərb standartlarına uyğunlaşdırılması gələcəkdə Avropa ilə birbaşa və sürətli yük dövriyyəsini təmin edəcək ki, bu da Azərbaycanın qeyri-neft sektoruna ciddi investisiya axını deməkdir. Eyni zamanda, TRIPP Mərkəzi Asiya resurslarının dünya bazarına çıxarılması üçün Rusiyadan asılı olmayan ən etibarlı alternativ kimi dəyərləndirilir. Bununla belə, Vaşinqtonun İran siyasəti və bölgədəki geosiyasi gərginlik müəyyən risklər yaradır”.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri Vasif Hüseynov isə mətbuata açıqlamasında qeyd edib ki, ABŞ Prezidentinin adının Cənubi Qafqaz üçün bu qədər mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyan bir layihə ilə assosiasiya olunması xüsusi siyasi çəkiyə malikdir. Bu amil ABŞ rəhbərliyinin layihənin icrasında və qarşıya qoyulmuş strateji hədəflərin reallaşmasında birbaşa maraqlı olduğunu göstərir. V.Hüseynovun fikrincə, bu reallıq Vaşinqtonun prosesə yalnız diplomatik deyil, həm də praktik və siyasi baxımdan tam dəstək verdiyini təsdiqləyir.
Pünhan ƏFƏNDİYEV
XQ


