Bəzən elə sual olur ki, sadə görünür, amma içində bir ömürlük ağrı yatır: “Necəsən?”. Əslində, bu sual hamıya verilə bilər. Amma razılaşaq ki, bir şəhid anasına veriləndə tamam başqa anlamda səslənir. Çünki şəhid anasının “yaxşıyam” deməyə dili gəlməz, “pisəm” deməyə isə qüruru yol verməz. Onun qəlbində həm kədər var, həm də nikbinlik. Həm başı ucadır, həm də ürəyi yaralı…
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Göycəli kəndində Tovuz döyüşlərinin şəhidi – çavuş Vüqar Sadıqovun anası Zeynəb Sadıqovanın evinə baş çəkəndə də bu hissləri keçirdi, onun sağlamlıq durumu, müalicəsinin gedişi və ailənin digər qayğıları ilə yaxından maraqlandı.
Əslində, bu cür görüşlər təkcə bir ziyarət deyil. Bu, bir qapının döyülməsi ilə verilən böyük bir mesajdır: “Siz unudulmamısınız”. Şəhid ailələri üçün ən qiymətli məqamlardan biri də məhz budur - unudulmamaq, yad edilmək, halının soruşulması, dərdinin dinlənilməsi. Çünki Vətən üçün can verən oğulların ocağında qalan nisgil heç vaxt tam sönmür.
Seymur Orucov şəhid anasını ziyarətində bildirdi ki, dövlətimiz hər zaman şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının yanındadır. Bu isə o deməkdir ki, şəhidlərimizin əmanəti olan ailələrə diqqət və qayğı göstərmək həm mənəvi borcdur, həm də vətəndaşlıq məsuliyyətidir. Onda şəhidlər də əbədiyyət ünvanında daha rahat uyuyarlar.
Xatırladaq ki, 2020-ci il iyunun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş Tovuz döyüşlərində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş Vüqar Lətif oğlu Sadıqov əsl hünər nümunəsi göstərib. O, xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib və şəhadətə qovuşub. Ölümündən sonra “İgidliyə görə” medalına layiq görülən 33 yaşlı Vüqarın 3 övladı Vətənə əmanət qalıb...
Görüş zamanı Zeynəb ana şəhid ailələrinin daim diqqətdə saxlanılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə görə minnətdarlığını bildirdi və göstərilən səhiyyə xidmətlərindən razılığını ifadə etdi. O dedi ki, əlbəttə, bir ana üçün övlad acısını heç nə azaltmır. Amma qayğı, diqqət, səmimi münasibət o ağır dərdin içində insana bir az təsəlli verir.
Ağstafa nümunəsi bir daha göstərdi ki, biz şəhidlərimizi yalnız anım günlərində xatırlamamalıyıq. Onların ailələrini, analarını, atalarını, doğmalarını hər zaman yad etməliyik. Çünki şəhidin adı Vətənin yaddaşıdırsa, onun ailəsi də həmin yaddaşın ən müqəddəs parçasıdır.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

