Ümmügülsümün “qızıl”ları

post-img

Biləsuvar şəhər 4 saylı tam orta məktəbin şagirdi Ümmügülsüm Ruhullayeva son 3 ay ərzində qazandığı möhtəşəm nailiyyətlərlə diqqət mərkəzindədir. Məktəbin direktoru Elşən Ağazadənin bildirdiyinə görə, 10 yaşlı Ümmügülsüm qısa müddətdə 9 medal qazanaraq həm məktəbin, həm də Azərbaycanın adını beynəlxalq səviyyədə layiqincə təmsil edib. Onun uğurları arasında beynəlxalq və respublika səviyyəli nüfuzlu olimpiadalarda əldə etdiyi yüksək nəticələr xüsusi yer tutur.

O, səhhətindəki müəyyən problemlər səbəbindən məktəbə getmədən, evdə təhsil alır. Bununla belə, qazandığı uğurlar onun əzminin və istedadının bariz nümunəsidir.

Məktəbli soydaşımız Beynəlxalq Mathxcel Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq final mərhələsində iştirak etmək üçün ABŞ-ın Los-Anceles şəhərinə vəsiqə əldə edib. Eyni zamanda, Lütfizadə adına Fuzzy Riyaziyyat Olimpiadası və Riyaziyyat-Məntiq Olimpiadasında qızıl medala layiq görülüb, sonuncuda 100 faiz nəticə göstərib.

Bundan başqa, o, Elm və Təhsil İnstitutunun keçirdiyi riyaziyyat olimpiadasında da 100 faiz nəticə ilə qızıl medal və planşet mükafatı qazanıb. Paskal və FISO riyaziyyat olimpiadalarında gümüş, Kopernik riyaziyyat olimpiadasında isə bürünc medal əldə edib.

Anası Vəfa Nuralıyeva bildirdi ki, bu nəticələr Ümmügülsümün zəhmətinin, güclü iradəsinin və elmə olan sevgisinin bariz nümunəsidir. Onun sözlərinə görə, qızının kiçik yaşlarından riyaziyyata və məntiqə olan marağı zaman keçdikcə daha da güclənib. Hələ 1-ci sinifdə oxuyarkən yaşı uyğun gəlməsə də, istedadı onu “Kenquru” olimpiadasına aparıb və o, bu imkandan uğurla yararlanaraq ilk nailiyyətini qazanıb.

Ümmügülsüm Ruhullayeva hazırda öz biliklərini daha geniş auditoriya ilə bölüşmək məqsədilə kitab çap etdirməyə də hazırlaşır.

Gənc istedad bu günlərdə – aprelin 4-də keçirilən növbəti beynəlxalq olimpiadada da iştirak edib. Uğurlu nəticə əldə edəcəyi təqdirdə, Sinqapurda keçiriləcək növbəti mərhələdə mübarizəsini davam etdirəcək.

XQ

Sosial həyat