BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb

post-img

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə “5 Days Urban Weeks” layihəsinin açılış mərasimi keçirilib.

Universitetin humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, BDU TGT tərəfindən həyata keçirilən “5 Days Urban Weeks” layihəsi tələbələrin şəhər mühitinə, urban inkişaf proseslərinə və müasir yanaşmalara marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində BDU-da müxtəlif maarifləndirici tədbirlər, seminarlar və müzakirələr təşkil olunur. Bu layihə həmin fəaliyyətlərin uğurlu davamı kimi çıxış edir. Tələbələrin həm nəzəri biliklərinin, həm də praktik bacarıqlarının inkişafına xidmət edən bu cür təşəbbüslər BDU tərəfindən daim dəstəklənir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) proqram meneceri Bəxtiyar Quluzadə bu layihənin təsadüfi təşəbbüs deyil, ölkədə son dövrlər dayanıqlı və təhlükəsiz şəhərsalma, urban inkişaf kimi mühüm istiqamətlərə artan diqqətin bir hissəsi olduğunu qeyd edib. Xüsusilə Bakının bu il keçiriləcək WUF-13 kimi nüfuzlu beynəlxalq şəhərsalma forumuna ev sahibliyi etməsi bu sahəyə marağı daha da artırıb. O, Forumun dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirərək şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və yaşayış mühiti ilə bağlı qlobal müzakirələr üçün platforma yaradacağını vurğulayıb.

BDU TGT-nin sədri Harun Mehdiyev “5 Days Urban Weeks” layihəsinin əsas məqsədinin tələbələrdə şəhərsalma və urban mühitə dair maarifləndirməni artırmaq, onların bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməyə xidmət etdiyini deyib. Qeyd edib ki, layihə çərçivəsində keçiriləcək tədbirlər iştirakçılara müasir şəhər yanaşmaları, dayanıqlı inkişaf prinsipləri və innovativ urban həllər barədə geniş məlumat əldə etmək imkanı yaradacaq. Bu təşəbbüs BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər planına uyğun olaraq həyata keçirilir və tələbələrin bu istiqamətdə fəal iştirakını təmin etməyə hədəflənib. Layihə həm nəzəri biliklərin artırılmasına, həm də praktik müzakirələrin təşviqinə şərait yaradaraq gənclərin gələcək peşəkar inkişafına mühüm töhfə verəcək.

BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı və Bioekologiya kafedralarının baş müəllimləri Qismət Xanbabayev və Günel Sarıyeva urbanizasiyanın müasir dövrdə şəhərlərin inkişaf dinamikasını müəyyən edən əsas proseslərdən biri kimi qiymətləndirildiyini və bu prosesin yalnız əhalinin şəhərlərdə cəmləşməsi ilə məhdudlaşmadığını, sosial münasibətlərin, iqtisadi fəaliyyətin və mədəni mühitin transformasiyasını da əhatə etdiyini vurğulayıblar. Onlar düzgün şəhərsalma yanaşmalarının dayanıqlı inkişafın təmin olunmasında, ekoloji tarazlığın qorunmasında və urban məkanların funksionallığının artırılmasında mühüm rol oynadığını bildirərək, layihənin əhəmiyyətli olduğuna toxunublar.

Sonra urbanizasiya ilə bağlı videoçarx nümayiş etdirilib.

XQ











Elm