Sumqayıtda Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə anım tədbiri təşkil olunub.
Mədəniyyət Nazirliyi və Şəhid Analarına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad edilib. Şəhidlərə həsr olunmuş videoçarx təqdim olunub.
Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, Milli Məclisin deputatları Elnarə Akimova və Rizvan Nəbiyev çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından danışıblar. Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Ceyran Həsənova və Aprel döyüşlərinin iştirakçısı, qazi Əhliyyət Mehdiyev xatirələrini bölüşüblər.
Bədii hissədə müğənnilər Fəhmin Şahyar, Yusif Cəfərbəyli, Əli Əliyev və Gülzar Fərəcova, Sumqayıt şəhər 23 saylı Texniki Fənlər Təmayüllü Liseyin xor kollektivi vətənpərvərlik mahnıları oxuyublar. Sumqayıt Dövlət Dram Teatrının aktyorları Cəlal Məmmədov və Habil Xanlarov isə şəhid ruhlarına ehtiramı poetik dillə ifadə ediblər. “Medalyon” tamaşası alqışlarla qarşılanıb.
Ə.DOSTƏLİ
XQ

