Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin siyasi irsi təkcə tarixi mərhələ deyil, bu gün də ölkənin inkişaf kursunu müəyyənləşdirən canlı düşüncə məktəbidir. Ulu öndər Gəncə şəhəri ilə bağlı çıxış və qərarlarında bu şəhəri, sadəcə, regional mərkəz kimi deyil, dövlətçilik ənənələrinin daşıyıcısı kimi qiymətləndirirdi.
Tarixən mühüm missiya daşımış Gəncə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmaqla milli istiqlal tarixində xüsusi yer tutub. 1993-cü ilin ağır günlərində isə Heydər Əliyevin Gəncəyə səfəri ölkəni vətəndaş qarşıdurmasından xilas edən dönüş nöqtəsinə çevrildi. Bu hadisələr şəhərin dövlətçilik taleyindəki rolunu bir daha təsdiqlədi.
Lakin bu gün məsələyə yalnız tarixi fakt kimi baxmaq kifayət deyil. Əsas məsələ həmin irsin necə yaşadılması və gələcək nəsillərə necə ötürülməsidir. Məhz burada Gəncə Şəhər Heydər Əliyev Mərkəzinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Mərkəz sadəcə sərgi zalı və ya xatirə məkanı deyil. Bura bir elmi platforma, canlı dialoq mühitidir. Fond materialları, arxiv sənədləri, fotoşəkillər və nəşrlər vasitəsilə Ulu öndərin Gəncə ilə bağlı fəaliyyəti sistemli şəkildə araşdırılır və təqdim olunur. Burada keçirilən konfranslar, dəyirmi masalar və maarifləndirici tədbirlər gənclərin dövlətçilik düşüncəsinin formalaşmasına xidmət edir.
Xüsusilə məktəblilər və tələbələr üçün təşkil edilən görüşlər zamanı hiss olunur ki, tarix yalnız oxunan mətn deyil – danışılan, izah edilən və müzakirə olunan canlı yaddaşdır. Mərkəzdə təqdim olunan materiallar gənclərə göstərir ki, dövlətçilik ideyası konkret qərarlar, çətin seçimlər və məsuliyyət tələb edən real prosesdir.
Heydər Əliyevin Gəncədə təhsilin, sənayenin və mədəniyyətin inkişafına verdiyi önəm bu gün də araşdırmaların əsas istiqamətlərindəndir. Bu baxımdan mərkəz elmi işçilər üçün etibarlı mənbə bazası rolunu oynayır, yerli tarixşünaslıq və siyasi irs tədqiqatlarına töhfə verir.
Ən vacibi isə budur ki, mərkəzdə tarix rəsmi və sxolastik təqdim edilmir. Burada insan taleləri, canlı xatirələr, şəhərin keçdiyi sınaqlar və qazandığı uğurlar bir bütöv mənzərə yaradır. Ziyarətçilər sadəcə məlumat almır, düşünür, müqayisə edir, nəticə çıxarırlar.
Bu gün Ümummilli liderin irsinin yaşadılması yalnız ehtiram məsələsi deyil – bu, milli kimliyin qorunması və gələcəyə inamın möhkəmləndirilməsidir. Gəncə Şəhər Heydər Əliyev Mərkəzi də məhz bu missiyanı yerinə yetirir: tarixi yaddaşı qorumaqla yanaşı, onu gələcəyə daşıyır.
Gülər ELLAZOVA,
Gəncə Şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi


