Azərbaycançılıq xalqın milli istinad və qürur mənbəyidir

post-img

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının “İdeoloji maarifləndirmə işinin aparılmasına dair” sərəncamı ilə yaradılmış təbliğat qrupunun il ərzində yerlərdə aparacağı ideoloji maarifləndirmə işi ilə əlaqədar tərtib edilmiş tədbirlər planına əsasən, 22 saylı Şəhər Poliklinikasında “Azərbaycançılıq” mövzusunda toplantı keçirilib. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə  açan  Günay Vəlizadə Azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsinin gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini  bildirib.

Poliklinikanın baş həkimi Zərifə  Məmmədova mövzu ilə bağlı çıxışında bildirib ki, Azərbaycançılıq xalqımızın milli birliyi, Vətənə bağlılığı və dövlətçiliyi ifadə edən bir ideologiyadır. Baş həkim çıxışının davamında deyib:

– Bu anlayışın əsas məqsədi dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qorumaq və inkişaf etdirməkdir. Azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyev tərəfindən geniş təbliğ olunmuşdur.O bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı oz milli kimliyini qorumalı və vətəninə bağlı olmalıdır. 

Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Bundan sonra görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən Azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olunub.

Ulu öndərin Azərbaycançılıq ideyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonda bildirmək istəyirəm ki, Azərbaycançılıq  yalnız milli mənsubiyyət deyil, həm də tolerantlıq və milli birlik deməkdir. Ölkəmizdə müxtəlif millətlərin qarşılıqlı anlaşma şəraitində yaşaması Azərbaycançılığın dəyərlərindən biridir.
 
Terapiya şöbəsinin müdiri Kifayət Bağırzadə çıxışında xalqımızın qəhrəmanlıq tarixinə diqqət çəkdi:

–  Bu gün Azərbaycançılıq və Vətən müharibəsi kimi böyük anlayılardan danışmaq asan deyil. Azərbaycançılıq yalnız kitablarda yazılmış sözlər yox, həmçinin hər birimizin yaddaşına və qəlbimizə həkk olunmuş anlayışlardır. Eyni zamanda, mənim üçün ilk növbədə milli kimliyimdir. Doğma dilimizdə danışmaq, bayrağımıza hörmət etmək və sevmək, tariximizi unutmamaq və dövlətimizi qorumaq Azərbaycançılığın missiyasıdır. Bu missiya bizi həm keçmişimizə bağlayır, həm də gələcəyə aparır. Bu ideologiyanın dövlətçilik səviyyəsində formalamasında Ulu öndər Heydər Əliyevin böyük rolu var. Onun əsasını qoyduğu milli birlik ideyası bu gün də ölkəmizin gücünün təməlində dayanır. Vətən müharibəsi zamanı biz həmin milli birlik ideyasının canlı təzahürünü gördük.  Müharibə Azərbaycan tarixində yeni səhifə açdı.  Uzun illərdən bəri işğal altında qalan torpaqlarımız azadlığına qovuşdu. Bu, yalnız hərbi qələbə deyildi, eyni zamanda milli ruhun dirçəlişi idi. Həmin günlərdə xalqımız bir yumruq kimi birləşdi. Qazanılan qələbə yarımçıq qalan bir tarixin tamamlanması idi. Bu gün azad edilmiş ərazilərdə həyat qaynayır. Abadlıq işləri geniş vüsət alıb. 
  
Pediatriya şöbəsinin müdiri Əsmər Məmmədova, terapevt İradə Əzizova və oftalmoloq Günay Alıyeva mövzu ilə bağlı çıxışlarında Azərbaycançılıq ideologiyasının tariximizi, milli varlığımızı, mədəniyyətimizi təmsil etdiyini bildirdilər. Qeyd etdilər ki, Azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir. Azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının milli istinad və qürur mənbəyi kimi çıxış edir. Buna paralel olaraq dövlətimizin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir.

Tədbirin təşkilatçısı Nuranə Hüseynova qeyd etdi ki, müasir dövrdə – qloballaşma şəraitində hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan fundamental faktorlardan biri də milli-mənəvi dəyərlər və milli ideologiya əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir. Bu mənada bugünkü tədbirin də gənclərin vətənpərvərlik ruhunda inkişafında böyük rolu olacağı şübhəsizdir.
 
Zərifə BƏŞİRQIZI
XQ





Sosial həyat