Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, seminarda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müasir elmi mühitdə baş verən yeniliklərdən və qlobal elmi inteqrasiyanın tələblərindən bəhs edib. Bildirib ki, bu gün elmi fəaliyyət yalnız tədqiqat aparmaqla məhdudlaşmır, eyni zamanda nəticələrin beynəlxalq elmi ictimaiyyətə düzgün və qəbul olunmuş standartlara uyğun şəkildə təqdim edilməsində əhəmiyyət kəsb edir.
Akademik vurğulayıb ki, elmi işlərin keyfiyyəti onların metodoloji əsaslandırılması ilə yanaşı, istinadların düzgün qurulmasından da asılıdır. Onun sözlərinə görə, istinad sistemi sadəcə texniki tələb deyil, həm də akademik etik davranışın əsas göstəricisidir.
Qeyd olunub ki, beynəlxalq elmi bazalarda indeksləşən nüfuzlu jurnallar və nəşriyyatlar məqalələrin hazırlanmasında vahid standartların tətbiqini tələb edir. Bu baxımdan bölmə əməkdaşlarının və gənc tədqiqatçıların bu sistemin incəliklərinə dərindən yiyələnməsi vacibdir.
Çıxışında rəqəmsallaşma proseslərinə də toxunan akademik İsmayıl Hacıyev bildirib ki, elmi fəaliyyətin elektron platformalara inteqrasiyası və beynəlxalq elmi bazaların imkanlarından istifadə edilməsi müasir tədqiqatçının əsas bacarıqlarından birinə çevrilib. Elmi məqalələrin beynəlxalq dövriyyəyə daxil olması üçün texniki və metodiki tələblərə riayət edilməsi vacibdir.
Seminarda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev rəqəmsallaşma və müasir istinad standartları haqda məlumat verib. Alim, xüsusilə DOİ sisteminin elmi mənbələrin əlçatanlığının və sitat izlənməsinin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
Vəli Baxşəliyev APA 7 sisteminin struktur xüsusiyyətlərini mərhələli şəkildə izah edərək, mətn daxilində istinadların verilməsi qaydaları, ədəbiyyat siyahısının tərtibi prinsipləri və müxtəlif mənbə növlərinə istinad formalarını iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, ikimüəllifli və çoxmüəllifli əsərlərə, müəllifsiz kitablara, eyni müəllifin eyni tarixdə çap olunmuş bir neçə əsərinə istinad zamanı xüsusi qaydalar tətbiq edilir. Eyni zamanda dissertasiyalarda istinad tələbləri, redaktorlu toplularda dərc olunmuş məqalələrə istinad forması, konfrans materialları, qəzet məqalələri, dini əsərlər və arxiv sənədlərinin göstərilməsi qaydaları konkret nümunələr əsasında izah olunub.
Seminar interaktiv müzakirələr şəraitində davam edib. İştirakçılar tərəfindən ünvanlanan suallar ətraflı cavablandırılıb, praktik nümunələr üzərində fikir mübadiləsi aparılıb.



