Türk dillərinin ədəbi dil məsələləri

post-img

Ortaq ədəbi dil ideyasının müzakirəsi

XX əsrin əvvəllərində ədəbi dil məsələsinin son dərəcə aktual olması təsadüfi hal deyildi. Türk xalqları tarixən müxtəlif imperiyaların tərkibində yaşamış, bunun nəticəsində siyasi və coğrafi baxımdan parçalanmışlar.

Bu parçalanma dil mühitinə də təsir göstərmiş, türk xalqları arasında ünsiyyət imkanlarını zəiflətmiş, nəticə etibarilə ayrı-ayrı bölgələrdə müxtəlif yazı sistemləri və üslub normaları formalaşmışdı. Belə bir şəraitdə bir sual ortaya çıxır: türk xalqları XX əsrin əvvəllərində milli kimliklərini necə qorumalı idilər? Qeyd edək ki, bu dövr, eyni zamanda, məktəblərin açılması, qəzet və jurnalların nəşri, maariflənmə hərəkatının genişlənməsi ilə səciyyələnirdi. Lakin mövcud yazı dili strukturu çox vaxt ağır sintaktik quruluşu, ərəb və fars mənşəli söz ehtiyatının çoxluğu və xalq dilindən uzaq olması səbəbindən geniş oxucu kütləsi üçün çətin anlaşılan idi.

1926-cı il I Ümumittifaq Türkoloji Qurultayı məhz belə bir tarixi mərhələdə – Sovet hakimiyyətinin ilk illərində keçirilmişdir. SSRİ rəhbərliyi bir tərəfdən “milli dillərin inkişafı” siyasətini dəstəkləsə də, digər tərəfdən bu prosesə ideoloji nəzarəti də əlində saxlayırdı. Bu baxımdan, ədəbi dil təkcə milli kimliyə xidmət edən mədəni hadisə deyil, həm də siyasi idarəetmə aləti kimi mühüm rol oynayırdı.

Ədəbi dil müəyyən tarixi mərhələdə geniş xalq kütləsi tərəfindən qəbul edilən, normaya salınmış və sabitləşdirilmiş dil formasını ifadə edir. Onun əsas xüsusiyyətləri yazılı ənənəyə malik olması, orfoqrafik, qrammatik və üslubi normalarla tənzimlənməsi, həmçinin təhsil, mətbuat, elm və ədəbiyyat kimi ictimai-mədəni sferalarda geniş işlənməsidir. Bu mənada ədəbi dil həm praktik ünsiyyət vasitəsi, həm də mədəniyyət və milli yaddaş daşıyıcısıdır. XX əsrin əvvəllərində türk xalqları arasında mədəni yaxınlaşma və ortaq anlaşma üçün əlverişli zəmin formalaşmışdı. Qurultayda Köprülüzadə, Çobanzadə, Samoyloviç, Berdyayev, Türyakulov, Ayvazov, Cəbiyev, Omarov kimi tanınmış alimlər ədəbi dil məsələsinin elmi əsaslarla müzakirəsinə rəhbərlik etmişlər. Onlar vurğulayırdılar ki, türk xalqları tarix boyunca ədəbi dil ənənəsinə malik olmuş, bunun əsasında zəngin mədəni irs yaratmışlar. Buna görə də hər bir türk xalqı öz ədəbi dilini formalaşdırmalı, lakin heç bir halda öz dilini digər xalqlara nisbətən üstün mövqedə təqdim etməməlidir. Belə yanaşma xalqlar arasında süni qarşıdurmaların və müqavimət meyillərinin yaranmasının qarşısını alır. Ədəbi dil məsələsinin aktuallığını nəzərə alaraq, qurultayda səsləndirilən məruzələrin icmalı və elmi şərhinin verilməsi mühüm əhəmiyyət kəsb edir.

Ədəbi dil ilə bağlı ilk məruzəni M.F.Köprülüzadə edir. O, “Türk xalqlarında ədəbi dilin inkişafı” mövzusunu təsadüfən seçməmişdir, burada çox incə məqam var: “ədəbi dillərin inkişafı” yox, “ədəbi dilin inkişafı” deyir. Bu, o deməkdir ki, türk xalqları tarix boyu ortaq ədəbi dil potensialına malik olub. Köprülüzadə ümumtürk dil şüurunu müdafiə edirdi.

İslamın qəbulundan əvvəl də türklər arasında müəyyən əlifbalar mövcud idi və həmin əlifbalardan istifadə edən bəzi ləhcələri ədəbi dillər adlandırmaq olar. Orxon yazılı abidələrinin dili işlənmiş, formalaşmış bir ədəbi dili təmsil edir. Bu ədəbi dildən əlavə, Sasanilər dövrünə qədər gedib çıxan türk dilində digər əsərlərin mövcudluğu barədə də tarixi sübutlar var. Çin və müsəlman mənbələrinin miladi təqvimi ilə VI əsrə qədər türk ləhcələri barədə verdikləri pərakəndə məlumatlardan qəti nəticələr çıxarmaq mümkün deyil. Yalnız Mahmud Kaşğarinın dəyərli əsərini digər tarixi və dilçilik mənbələri ilə müqayisə etməklə və ilk növbədə, onun özünü diqqətlə araşdırmaqla aşağıdakı nəticəyə gələ bilərik: artıq həmin dövrdə iki ədəbi türk ləhcəsi mövcud idi – Şərq və Qərb ləhcələri.

Birincisi, “xaqaniyyə” adlanan və ya başqa sözlə, sadəcə, türk ləhcəsi idi ki, Kaşğar və onun ətraf bölgələrində hakim mövqedə, “çigil”, “yəğma”, “arğu”, “toxsu” və “uyğur” ləhcələri ilə böyük oxşarlığı olmuşdur. İkincisi isə Qərb adlanan oğuz ləhcəsi idi. Bu ləhcə ilə “qıpçaq”, “yemaq”, “peçeneq”, “balkar” və xüsusilə “qıpçaq-yemaq” ləhcələri arasında ciddi yaxınlıq mövcud idi. Bu iki qrup arasında artıq hicri təqvimi ilə V əsrdə morfologiya, fonetika və semantika baxımından nəzərəçarpacaq fərqlər mövcud olmuşdur. Mərkəzi Asiyada “xaqaniyyə” ləhcəsində “Qutadqu bilik”, “Həbibətül-həqayiq”, dini mətnlərin tərcümələri (“Qurani-Kərim”, “Muqəddimət əl-ədəb”, Əbu Müslim haqqında rəvayətlər və digər kiçik əsərlər) kimi nümunələr yaradılmışdır. Bu tip əsərlərə “Divanü lüğat-it-türk”də toplanmış xalq şeirləri, müxtəlif atalar sözləri və məsəllər, Əhməd Yəsəvinin və onun davamçılarının geniş həcmli əsərlərini də daxil etmək mümkündür. Şair Əlinin hicrətin 630-cu ilində şeir formasında qələmə aldığı “Yusif və Züleyxa” poeması, eləcə də monqol istilasından əvvəl və sonra Xivə (Xarəzm) bölgəsində yazılmış bir sıra əsərlər, məsələn, “Bədrəddin Hacı”, Cəlaləddin Xarəzmşaha həsr olunmuş “Kanqlı lüğəti”, 759-cu ildə yazılmış “Nədcün-Nədis”, həmçinin siyasi və iqtisadi baxımdan uzun müddət Xarəzm ilə sıx əlaqədə olmuş, Qızıl Orda ərazisində meydana gəlmiş əsərlər — bütün bunlar müəyyən yerli təsirlərə baxmayaraq, tam şəkildə həmin ləhcənin məhsulu hesab olunmalıdır. Monqol istilasından sonra çağatay adını almış bu ləhcə ilə VIII əsrdən etibarən yazılmış bütün əsərləri ardıcıllıqla sadalamaq indiyədək qaranlıq qalmış bu parlaq ədəbi dövrü bir qədər işıqlandırmaqdır. Həmin əsərlər bunlardır: Hacı Qutibin 741-ci ildə şeir formasında yazdığı “Xosrov və Şirin”, 754-cü ildə yazılmış Hacı Xarəzminin “Mühəbbətnamə”si, 770-ci ilə aid “Cəmcəmneyi Husam Katib”, Mövlana İshaq, İmadi-Mövləvi, Əhməd Xoca Sarayi, Əbdül-Məcid, Tunqlu Xoca, 793-cü ildə yazılmış “Gülüstani-Tuci” və Seyfi-Sarayinın əsərləri.

Oğuz ləhcəsi də müxtəlif tarixi amillərin təsiri altında hicrətin VIII əsrində iki qrupa bölündü: Şərq və Qərb. Şərqi-oğuz ləhcəsi, başqa sözlə “Azəri”, məlum olduğu kimi, artıq VI əsrdən formalaşmağa başlamışdı. Qərbi-oğuz, yəni Anadolu ləhcəsinə gəlincə, o da monqol istilasından əvvəl artıq ədəbi məhsullar verməyə başlamış və səkkiz əsr ərzində sayca minlərlə elmi və ədəbi əsər yaratmışdır ki, bunlar ərəb və fars dillərində yazılmış əsərlərdən heç də geri qalmır.

***

Köprülüzadə iddia edir ki, türklərdə ədəbi dil islamdan əvvəl də mövcud idi. O, sübut üçün Orxon-Yenisey abidələrini, qədim yazılı mənbələri, M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini, orta əsr türk ədəbi mətnlərini əsas götürür. Ən mühüm elmi nəticəsi budur ki, artıq qədim dövrdə iki əsas ədəbi türk ləhcəsi formalaşmışdı: Şərq ədəbi türk dili – Xaqaniyyə (Çağatay) xətti. Bura daxildir: Kaşğar bölgəsi dilləri, eləcə də uyğur, çigil, yəğma, arğu, toxsu və s. dillər. Bu qrupun məhsulu kimi “Qutadqu bilik”, “Divanü lüğat-it-türk”, Əhməd Yəsəvi irsi, “Qurani-Kərim”in tərcümələri, Xarəzm və Qızıl Orda mətnləri, Çağatay ədəbiyyatını göstərir. Qərb ədəbi türk dili – Oğuz xəttinə oğuzlar, qıpçaq-yamaqlar, peçeneqlər, balkar və s. daxildir. Bu qrup sonradan iki qola ayrılır: Şərqi oğuz – Azəri türk ədəbi dili (yəni Azərbaycanda formalaşan ədəbi ənənə), Qərbi oğuz – Anadolu ədəbi dili. Köprülüzadə Anadolu ədəbi dilinin monqol istilasından əvvəl formalaşmağa başladığını xüsusi vurğulayır; Anadolu türk ədəbiyyatının 8 əsrlik zəngin ənənəsi olmuşdur, bu Osmanlı türkcəsinin sırf süni saray dili olmadığını, əksinə, qədim oğuz ədəbi xəttinin təbii davamı olduğunu qeyd edir. O, morfoloji və fonetik fərqlərin artıq hicri V əsrdə (miladi XI əsr) formalaşdığını deyir. Bu, türk dillərinin planlı şəkildə ayrılması deyil, tarixi və coğrafi inkişaf nəticəsində təbii şəkildə fərqləndiyi – türk ədəbi dillərinin yalnız dini təsirlə deyil, ədəbi ənənələri ilə formalaşması deməkdir. “İslamdan sonra türk dili ədəbiyyata çevrildi” fikrini rədd edir və deyir ki, islamdan əvvəl də türk dili yüksək ədəbi potensiala malik idi. O, yalnız dil faktlarını sadalamır, mənbə sintezi yaradır. Mahmud Kaşğarı, Çin mənbələri, ərəb və fars tarixçiləri, Orta Asiya və Qızıl Orda mətnləri, Çağatay ədəbiyyatı, Azərbaycan və Anadolu ədəbi məktəbləri və nəticədə türk dillərinin tarixi ədəbi inkişafının ilk sistemli konseptual izahlarından birini, müasir türk dillərinin tarixi qohumluğunu sübut edən elmi baza yaradır, “ümumi türk mədəni-ədəbi məkanı” ideyasını elmi səviyyədə əsaslandırır.

Bu məruzə ilə o, Baytursunovun milli dil-siyasət modelindən, Zifeldin ərəb sözləri ilə bağlı yanaşmasından, Manatovun terminoloji praqmatizmindən fərqli olaraq, tarixi-nəzəri kontekstdə təqdim etdiyi elmi bazanı ön plana çəkir.

Bekki Emiroviç Berdiyev (1898-1970). Samoyloviçin və Çobanzadənin məruzələrində türk ləhcələrinin qarşılıqlı münasibətləri məsələsi hələ elmi baxımdan dəqiq müəyyənləşdirilmədiyi qeyd olunur. Deməli, gələcək ədəbi dil barədə elmi nüfuzla danışmağa da hələ əsas yoxdur. Köprülüzadə məruzəsində qeyd etdi ki, türk xalqlarının ədəbi dilləri də kifayət qədər öyrənilməmişdir və bu tədqiqat hələ qarşıdadır. Əgər türk ləhcələri və onların qarşılıqlı münasibətləri elm tərəfindən hələ müəyyənləşdirilməyibsə, ədəbi dilin inkişaf mərhələsi də tam aydın deyilsə, təbii ki, onların birləşməsi mümkündür, ya yox – bu barədə qəti fikir söyləmək üçün də əsas yoxdur. Neymət Hakimov “türk xalqlarının ümumi dili yoxdur” fikrini əsaslandırır. Dil bir şeydir, ləhcə isə başqa. Məsələn, türkmən ləhcələrini götürsək, bu dil daxilində müxtəlif qolların olduğunu görərik. Bəs buna əsaslanaraq “türkmən ləhcəsi mövcud deyil” demək olarmı? Əlbəttə ki, yox. Əgər mən türk ləhcələrini bütövlükdə götürsəm, orada bütün türk xalqları üçün ümumi olan faktlar və xarakterik cəhətlər yoxdurmu? Leksik material baxımından ortaq cəhətlər kifayət qədərdir və bu da bir-birimizi başa düşməyimizə imkan verir. Daha sonra sintaktik tərəfə baxaq. Bu baxımdan, ləhcələr arasında böyük fərqlər yoxdur. Morfoloji quruluşda da ciddi dəyişkənlik yoxdur. Mən hesab edirəm ki, “ümumi ədəbi dil ola bilməz” deyən şəxs məsələni vaxtından əvvəl qaldırır. Başqa bir məsələ: ədəbi dil və xalq dili. Burada müəyyən fərqləndirmə aparmaq lazımdır. “Ədəbi dil olmamalıdır” deyərkən, kütlələr haqqında səslənən ucuz bir şüara sığınmış olursunuz. Halbuki, ədəbi dilə kütlələr ehtiyac duyur. O, xalq dilinin materialları əsasında formalaşır, lakin “ədəbi dil tam şəkildə xalq dilidir” demək düzgün olmaz. Dünyada elə bir ədəbi dil tapmazsınız ki, o, hər hansı bir şivənin bütün xüsusiyyətlərini tam olaraq əks etdirsin. Bəs ədəbi dilin yaranması üçün faktlar varmı? Hesab edirəm ki, var. Bu məsələyə iqtisadi baxımdan, xalqlar arasındakı münasibətlər prizmasından nəzər yetirək, bu xalqlar müxtəlif ərazilərdə yaşasalar da, ümumilikdə bir-birinə bağlıdırlar. Ləhcələr də məhz bu səbəbdən tədricən yaxınlaşır və ortaq ədəbi dil formalaşmağa başlayır. Lakin bu o demək deyil ki, ədəbi dil məhz kütlənin gündəlik danışıq dilidir, belə deyil.

***

Berdiyevin fikrincə, türk ləhcələrinin elmi təsnifatı hələ tam hazır deyil, bu səbəbdən gələcəkdə vahid ədəbi türkcənin ola bilməsi barədə qəti fikir söyləməyi elmi cəhətdən düzgün qəbul etmir. Neymət Hakimovun “Türk xalqlarının ümumi dili yoxdur” tezisinə dair fikir bildirir: “Dil böyük və bütöv sistemdir, ləhcə bu sistem daxilində qol və variantdır. Məsələn, türkmən dilinin müxtəlif ləhcələri var, buna görə “türkmən dili yoxdur” demək düzgün olmaz. Eynilə, türk dilləri arasında lüğət, sintaksis və morfologiyada ümumi cəhətlər kifayət qədərdir, buna görə də tam ortaq baza mövcuddur. Leksik baza – türk xalqları bir-birini əsasən başa düşə bilir; sintaksis – cümlə quruluşlarında ciddi fərq yoxdur; morfologiya – söz düzəltmə və şəkilçilər, demək olar, eynidir, bütün bunlar ümumi ədəbi dilin potensialını istisna etmir. O, “ümumi ədəbi dil ola bilməz” deyənlərə etirazını bildirir və bunu “vaxtından əvvəl verilmiş qərar” hesab edir.

(ardı var)

Nadir MƏMMƏDLİ,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Sosial həyat