Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda ana dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib.
Məclisi giriş sözü ilə AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açaraq Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı ölkə Prezidentinin çıxışlarını xatırladıb, bu mövzunun həm elmi, həm də ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, XIX əsrin sonlarından etibarən Azərbaycan türk dili Qafqazda aparıcı ünsiyyət və mədəniyyət dili olub, sonrakı dövrlərdə müəyyən tarixi-siyasi səbəblərdən sıxışdırılıb. Lakin Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan yenidən regionda söz sahibi olan dövlətə çevrilib və bu proses Azərbaycan dilinin nüfuzunun artmasına da güclü təkan verib. O inamla bildirib ki, yaxın gələcəkdə Azərbaycan dili regionun aparıcı dillərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
Müşavirədə AYB-nin sədri, Xalq yazıçısı Anar, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Kamal Abdulla, Muxtar İmanov, Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Milli Məclisin deputatları Elnarə Akimova, Səyyad Aran, professorlar Nadir Məmmədli, Telman Vəlixanlı, Kərim Tahirli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin borcu olduğunu qeyd ediblər.
Çıxışlarda dövlət dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi və bədii mühitdə dil mədəniyyətinin qorunması məsələləri geniş müzakirə olunub.
Q.YUSİFOĞLU
XQ

